Azərbaycanda müəyyən banklar var ki, onların yaradıcıları bir neçə ölkə vətəndaşı olurlar. Bəzən belə banklarda vətəndaşların etimadından istifadə edib, insanları aldadırlar. Həmin banklara yatırılan vəsaitləri, əmanətləri mənimsəyərək ölkəni tərk edir və ya qaçaraq gizlənirlər, ortalıqda görünmürlər.
Bununla bağlı müvafiq qurumlar tərəfindən cinayət işi açılsa da, həmin insanları tapmaq qeyri-mümkün olur. "Royal Bank”ın direktoru Fuad Camın belə hərəkətini də belə hadisədən saymaq olar.
"Şərq”ə şərh verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank əcnəbi banklara daha yüksək normalar təyin etməklə və nəzarəti gücləndirməklə problemin qarşısı alına bilər: "Daha çox yüksək normaların müəyyənləşdirilməsi Mərkəzi Banka imkan verəcək ki, sahibi əcnəbi olan bankların məsuliyyətini artırsın. Eyni zamanda dolayı vasitələrlə yanaşı, Mərkəzi Bankın həmin banklara nəzarəti gücləndirməsinə ehtiyac var. Həmin banklar üçün öhdəliklər fərqli ola bilər, hətta nizamnamə kapitalı ilə bağlı öhdəliklər bütün banklar üçün eynidir. O baxımdan gələcəkdə öhdəliklər fərqləndirilməsi və əcnəbi sahibi olan banklar üçün fəxri ehtiyacların müəyyənləşdirilməsinə çalışacaq. Hazırda Mərkəzi Bank dövri olaraq həmin bankların fəaliyyətinə nəzarət etməlidir. Həmçinin həmin bankın vəsaitlərinin ölkədən çıxarılması ilə bağlı mütəmadi faktlara rast gəlinsə, o zaman Mərkəzi Bank yanında Maliyyə nəzarəti monitorinqi idarəsi 20000 avrodan artıq hesablaşmalara nəzarət etmək imkanı var. Bu baxımdan Mərkəzi Bank çalışmalıdır ki, daha çox vəsait cəlb edən tez-tez dövri olaraq yoxlanmasını həyata keçirsin ki, vətəndaşlarının hüquqlarının pozulamasının və onların vəsaitlərinin ölkədən qaçırılmasının qarşısını ala bilsin”.