Əliməmməd Nuriyev: "Hər bir məmurun çalışdığı müddətdə fəaliyyətində enmələr və yüksəlmələr olur”
Sahib Məmmədov: "Prezident dəfələrlə sübut edib ki, oturuşmuş məmuru belə bir sərəncamı ilə vəzifədən azad edə bilər”
Seçkidən sonra hakimiyyətdə bir sıra ciddi kadr dəyişiklikləri oldu və bundan sonra da hakim komandada dəyişikliklərin davam edəcəyi mümkün sayılır. İslahatların budəfəki "qurban”ı isə deyəsən Bakı meri olacaq. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsi ilə vidalaşacağı və istefaya göndəriləcəyi xəbəri gündəmi zəbt edib. Düzdür, paytaxt merinin vəzifəsindən kənarlaşdırılacağı barədə indiyə qədər mediada dəfələrlə məlumatlar yayılıb.
Onun hətta bir neçə dəfə istefa tarixi də açıqlanıb, mümkün xələflərinin adı çəkilib. Amma bu hadisənin baş verməsi hər dəfə ertələnib. Görünür, bu dəfə Bakı meri Hacıbala Abutalıbovun əvəzlənməsi ilə bağlı ictimaiyyətə ötürülən xəbərlər heç də əsassız deyil. Çünki bu barədə xəbər yayan mətbuat orqanları məlumatı iqtidar nümayəndələrinə istinadən yayıblar. H.Abutalıbov hakim komandanın ən sadiq kadrlarından biri sayılsa da, yaş öz sözünü deyir. Abutalıbov artıq 70-i haqlayıb, ölkə rəhbərliyi isə komandasının gəncləşməsində maraqlıdır. Bununla belə, son günlər Bakı merinin istefa xəbərlərinin yayılmasında məqsədin nə olması təbii ki, sual doğurur. Bəzilərinin fikrincə, bu xəbər toplumda ictimai rəyin hazırlanmasına xidmət edir. Digərlərinin qənaətinə görə isə yüksək vəzifəli məmurların işdən azad olunması ilə bağlı əsassız məlumatlar KİV səhifələrində həmişə yer alıb və bu xəbər də onlardan biridir. Qeyd edək ki, artıq Bakı meriyasına kimin rəhbər gətiriləcəyi ilə bağlı da ehtimallar öz əksini tapıb. Potensial namizədlər arasında isə Abşeron İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı birincidir.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bu barədə konkret fikir bildirməyin çətin olduğunu söyləyib: "Ölkədə kadr islahatlarını prezident aparır. O cümlədən də Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin və azad etmək də ölkə başçısının sərəncamındadır. Bu mənada demək olmaz ki, hansısa məmurun istefaya göndərilməsi ilə bağlı KİV-də məlumatların yayılması həmin şəxsin doğrudan da vəzifədən atılması ilə nəticələnir. Azərbaycan praktikasında isə biz hələ belə bir hadisənin şahidi olmamışıq. Nazirlərin təyinatı zamanı da bir daha gördük ki, birbaşa prezident özü müəyyənləşdirir, dediyim kimi KİV-də bu cür məlumatlar hər zaman gedib və bundan sonra da gedəcəyi istisna deyil. Ancaq bu məlumatlar heç də vəzifə təyinatı zamanı əsas götürülmür. Əks təqdirdə, idarəetmə ilə KİV anlayışı eyniləşmiş olardı”.
Bakı merinin bugünəqədərki fəaliyyəti haqqında şərh vermək istəməyən Ə.Nuriyev onu deyib ki, hər bir məmurun çalışdığı müddətdə fəaliyyətində enmələr və yüksəlmələr olur. "Sadəcə, heç vaxt məmurların fəaliyyəti ilə bağlı təhlil verməmişəm və Bakı meri də istisna olmayacaq”.
Fond rəhbərinin sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da şəhər merinin seçkili vəzifə olması müsbət nəticələr verə bilər:
"Daha yaxşı olar ki, seçkilər yolu ilə olsun. Bununla da paytaxt və böyük şəhərlərin idarəetmə məsələsində əhalinin iştirak imkanları daha da genişlənsin. Qəbul edilən qərarlar böyük insan kütləsinin marağına təsir göstərdiyindən, hesab edirəm ki, vətəndaşın idarəetmədə iştirak imkanı daha geniş olmalıdır. Burada onların həyat və fəaliyyətlərilə bağlı qərarlar qəbul edilir. Bu baxımdan mer seçkili olanda həmin qurumun hesabatlılığı da artır. Bakının statusu haqda qanun qəbul etsək, Konstitusiya özü buna imkan verir, artıq bu məsələnin tənzimlənməsi prosesi burada öz əksini tapa bilər”.
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov da KİV-də heç bir mənbəyə söykənməyən məlumatların geniş yayıldığını vurğulayıb: "Zaman-zaman mediada hansısa məmurun "vurulması” barədə şayiələr gedir. 5-6 il bundan əvvəl "filankəs ölkədən qaçdı” başlıqlı yazılar dəb idi. Son zamanlar isə məmurların vəzifəyə qoyulması və ya vəzifədən atılacağı səpkili yazılar dərc etməyə başlayıblar”. Bir oxucu olaraq mənbəsiz məlumatları ciddi informasiya saymadığını vurğulayan S.Məmmədovun fikrincə, H.Abutalıbovun istefası ilə bağlı gedən yazılar da inandırıcı deyil. Vaxtı ilə Prezident Administrasiyasının şöbə müdiri olduğunu xatırladan Liqa rəhbəri qeyd edib ki, yüksək vəzifəli məmurların vəzifədən çıxarılması ilə bağlı məlumatlar konkret olaraq 3-4 adamın əlindən keçir: "Konkret olaraq, icra başçılarının işdən çıxarılması ilə bağlı maksimum 4 adamın "viza”sı olur ki, onların da hər biri dövlət xadimləridir. Odur ki, hansısa məmurun işdən çıxarılması ilə bağlı mətbuata məlumat ötürülmür. Buna heç ehtiyac da yoxdur. Çünki BŞİH başçısının istefaya göndərilməsi ilə bağlı əvvəlcədən ictimai rəy formalaşdırmaq absurddur. Prezident dəfələrlə sübut edib ki, oturuşmuş məmuru belə bir sərəncamı ilə vəzifədən azad edə bilər. Ola bilsin ki, 5 gündən, yaxud da 1 aydan sonra prezident merin vəzifədən azad olunması ilə bağlı sərəncam imzalasın. Bu baş verərsə, belə şayiələrin nəticəsi olaraq deyil, prezidentin şəxsi iradəsi ilə baş verəcək”.
Konkret olaraq H.Abutalıbovun tutduğu postdan getmək vaxtının olub-olmadığına gəldikdə isə S.Məmmədov bu məsələnin onun üçün o qədər də əhəmiyyətli olmadığını deyib: "Şəxsən bir şəhər sakini olaraq, Bakının idarə edilməsində BŞİH-nin heç bir rolunu görmürəm. Ona görə də həmin postda kimin oturmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Şəxsən Hacıbala Abutalıbovun isə bir vətəndaş olaraq mənə nə ziyanı var, nə xeyiri”.