"Bazarlarda real qiymət artımı martda baş verəcək"

Hələlik Azərbaycanda başlayan bahalaşma süni amillərlə izah olunur



 Bazar yanacağın qiymətinin artımına reaksiya verib, bir sıra məhsullarda bahalaşma müşahidə olunur. Lakin bu qiymət artımını şərtləndirən obyektiv səbəblərlə yanaşı, süni amillər də var. Bazarda spekulyativ meyllər "Hesabat” -ın araşdırmasında.(ANS)
Müşahidə olunan qiymət artımının həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərə yanacağın qiymətinin artmasını, xaricdən xüsusən də İran, Türkiyə və Ukraynadan gətirilən məhsulların çatdırılma tariflərində müşahidə olunan bahalaşmanı daxil etmək olar. Subyektiv səbəblər ənənəvi bayramqabağı bahahalaşma və bazarda spekulyasiya meylləri daxildir.
Hazırda xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. İndi bazarlarda pomidor təxminən 1 manat 50 qəp, xiyar 2 manat 50 qəp, kartof 1 manat 20 qəp, soğan 80 qəpikdir. Tərəvəzlər arasında ən çox bahalaşma kartofun qiymətində müşahidə olunur. 1 həftə əvvəl 60-70 qəpik olan kartof hazırda 1 man 20 qəpiyə satılır. Almanın qiyməti 50 qəp 2 manat arasında dəyişir. Armud 2 manat 50 qəp, banan 2 man 30 qəpikdir. Maraqlısı budur ki, bahalaşmadan həm alıcılar, həm də satıcılar narazıdırlar.

Hazırda bazarda qiymət artımı daha çox spekulyativ xarakter daşıyır. Bəzi istehsalçılarla satıcılar yanacağın qiymətinin artmasını bəhanə edərək qiyməti artırmağa çalışırlar. Onlar bu prosesi bazarda tələblə təklifin balansı yaranana qədər davam etdirəcəklər. Yəni, süni bahalaşma yalnız bazarda tələb azaldıqda, alıcıların sayı aşağı düşəndə dayanacaq. Hökumət isə bu prosesə kənardan təsir etməyə çalışır. İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı məhsullarının ucuz satıldığı yarmarkaları təşkil etməklə bazarda qiymət artımına qarşı mübarizə aparmağa çalışır. Bu cür tədbirlər tələbatın kəskin artdığı Yeni İl qabağı xüsusi vacibdir. Ekspertlər isə hesab edir ki, bazarlarda real qiymət artımı martda baş verəcək.

Qiymət artımı əhalinin alıcılıq qabiliyyətini azaldacaq və yaşayış minimumuna təsir göstərəcək. Qanunvericiliyə görə hər il Nazirlər Kabineti əhalinin alıcılıq qabilliyətini və yaşayış səviyyəsinin araşdıraraq buna uyğun olaraq növbəti il üçün yaşayış minumunu təyin edir. Bu il 116 manat olan bu hədd, gələn il üçün 125 manat, əmək qabiliyyətli şəxslər üçünsə 136 manat təyin edilib. Yaşayış minumumu hökumətin təyin etdiyi istehlak səbətinə uyğun hesablanmalıdır.

Hökumətin təyin etdiyi istehlak səbətində çörək də daxil olmaqla 19 adda məhsul yer alır. Bəs görəsən təyin edilən 125 manat bunları almaq üçün vətəndaşa sərf edirmi?
Ekspertlərin fikrincə hazırda yaşayış minimumuna yenidən baxılmalıdır.
"Yaşayış minumumu ən azı 180 manat olmaldır. Biz hamımız ikra yemirik ama bahalaşma isə səbətə mütləq təsir edəcək” - deyə iqtisadçı Oqtay Haqverdiyev bildirib.
İqtisadçılar hesab edir ki, hazırda hökumət qiymət artımı məsələsində gözləmə mövqeyini tutub. İstehlak səbətinin əsas hissələrindən biri sayılan kommunal və nəqliyyat xərclərinin artması məsələsi gündəlikdən çıxmayıb. 2014-cü ildə infilyasiyanı bir rəqəmli səviyyədə saxlamaq istəyən hökumət isə əmək haqqlarının və təqaüdlərin artımı ilə bahalaşmanın balansını qorumaq məcburiyyətindədir.
Azərbaycanda daxili bazarda qiymət artımını şərtləndirən amillərdən biri də korrupsiya və rüşvətxorluq problemidir. Bu problemin aradan qaldırılması daxili bazarda bütün olmasa da bəzi məhsulların qiymətinin azalmasına təkan verə bilər.