"Biz ərzaq təhlükəsizliyinin yalnız bir komponenti haqqında düşünmüşük. Amma keyfiyyət əmsalı məsələsi çox önəmlidir”.
Bunu Sherg.az-a paytaxtda "leş mafiyası”nın yayılması barədə danışarkən millət vəkili Zahid Oruc deyib. Deputat belə faktların mövcud olduğunu təsdiqləyib:
"Bununla bağlı bir müddət əvvəl, baş nazirin müavini Əli Əhmədov da bildirmişdi ki, ayrı-ayrı sahibkarlar millətin sağlamlığını məhv etmək hesabına qazanmaq yolunu tutublar. Bu faktların mənəvi kateqoriyada mühakiməsini aparanda heç kim hiddətlənməkdən, kəskin şəkildə insanları zəhərləyənlərə qarşı mövqeyini bildirməkdən özünü saxlaya bilmir. Sahibkarlar necə ola bilər ki, artıq ölmüş, çürümək üzrə olan, heç bir standartlara cavab verməyən ətdən qida məhsulları hazırlayıb, qida dövriyyəsinə daxil edirlər? Nəticədə əhali ciddi şəkildə fiziki, mənəvi, bioloji və maddi ziyanlar çəkir. İnsanı silahla öldürmək və qida ilə məhv etmək arasında fərq varmı? Əlbəttə, yoxdur.
Vaxtilə SSRİ və Amerika arasındakı savaşın elementi kimi bu cür qida sistemlərinə yerimək, insanları xəstələndirib, müxtəlif virusları həmin qida mənbələrinə daxil etmək proqramları var idi. SSRİ iflasa uğradıqdan sonra bu məxfi layihələr üzə çıxarıldı. İndi bunu bəzi iş adamları həyata keçirir. Düşünürəm ki, hüquq sistemində məsələ ilə bağlı ən sərt cəzalar müəyyənləşdirilməlidir”.
Heç kimin bu prosesi xəbərsiz şəkildə edə bilməyəcəyinə diqqət çəkən Z.Oruc deyib ki, bu sahədə bir müddət çalışan şəxs məsələni dəqiq təyin edə bilir:"Bir sex kustar üsulla qida məhsulları hazırlayıb, sənaye obyekti olmadığını, amma məhdud çərçivəli fəaliyyət həyata keçirdiyini deyə bilməz. Sahibkarın həmin ətin neçə gün, harada saxlanılıb və sexə necə daxil olmasını bilməməyi real deyil.
Bu cür mənşəyi məlum olmayan ətləri qida rasionuna daxil etmək milli təhlükəsizliyin ən böyük problemlərindən biridir. Hesab edirəm ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi müvafiq qaydalarını müəyyən edib və bununla bağlı müxtəlif qüvvələr də burada həmin sahibkarlara yardım edirlər. Onlar təkbaşına bu işi başa gətirə bilməzlər. Bu məsələdə yeni tənzimləmə addımlarına ehtiyac var. Yalnız hüquq sistemi və sanksiyalarla problemi həll etmək mümkün deyilsə, deməli, başqa addımlar atmaq lazımdır. Proqramla bağlı hökumət strukturlarının imkanı var ki, onlar bir araya gəlsinlər. Bunlarla bağlı məsələləri geniş şəkildə müzakirə etsinlər. Bütün mağazalar şəbəkəsi hansı məhsulları qəbul etməlidir, xüsusi nişanlar, əmtəə nişanı ilə təmin etmək necə həyata keçirilməlidir, burada cavabdehlik situasiyası necə qorunmalıdır və s. məsələləri yenidən müəyyənləşdirmək lazımdır. Hər addımı yalnız dövlət və dövlət rəhbərliyindən gözləmək yanlışdır. Bu qədər qurumlar bəs niyə yaradılıb? Niyə fəaliyyət göstərmirlər? Onların gündəlik işlərinin adı nədir?
Hesab edirəm ki, bizim körpələrimiz, gəncliyimiz ucuz və təhlükəli qida "güllələri” ilə ölürlərsə, ağır xəstəlik tapırlarsa, onların hamısının haqqını həmin adamlardan alıb, qaytarmaq lazımdır. Onların sağlamlığı, həyatı itirildikdən sonra qaytarmaq olmur. Amma ətraflı jurnalist araşdırmaları, hüquqi tədqiqatlar aparılsa, Azərbaycan insanının qida rasionuna daxil edilən zəhərli məhsullar aşkarlanar. Yaranan fəsadlara görə nə qədər insan İrana, Türkiyəyə, digər ölkələrə üz tutur, yeni xəstəliklər peyda olur. Səhiyyə Nazirliyinin diaqramasını təqdim etdikdə görərik ki, bu sahədə ciddi təhlükəli vəziyyət hökm sürür. Ona görə də problemi qeyd etdiyimiz orqanlar birlikdə həll etməlidir. Bu onların vəzifəsidir”.
Qeyd edək ki, "leş mafiyası"nın ən geniş məskənlərindən biri "8-ci km bazarı"dır. Mənşəyi məlum olmayan ucuz ət satışı ilə məşhur olan bazarda həm də ən ucuz kolbasa, sosiska məhsulları satılır. Rəsmi məlumatlarda deyildiyi kimi "mənşəyi məlum olmayan" sosisləri elə bazarın girişindəcə görmək olar. Onları açıq havada, günün altında piştaxtaların üstünə düzüb satırlar.
Ayyət Əhməd