Azərbaycan Yazıçılar Birliyi şair-rəssam Adil Mirseyidin müalicə xərcləri ilə bağlı etdiyi müraciətə hələ cavab almayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Şərq”ə açıqlamasında bildirdi ki, AYB sədri, Xalq yazıçısı Anar şair Adil Mirseyidin müalicəsi ilə bağlı bir müddət əvvəl lazımi təşkilatlara məktubla müraciət edib.
Müraciətə hələ cavab gəlmədiyindən qurum həmin təşkilatın adının açıqlanmasını doğru saymır. Amma AYB-də ümidlidirlər ki, müraciətə mütləq müsbət cavab veriləcək.
"Müraciətə müsbət cavab veriləcəyini gözləyirik. Adil Mirseyidin səhhəti ilə mütəmadi maraqlanırıq. Qızı Ayan "Facebook” vasitəsilə məlumatları çatdırır. Odur ki, şairin vəziyyətindən xəbərdarıq” deyən Xəyal Rza şairə maddi kömək məqsədilə yardım kampaniyasının təşkil olunmasının da gündəmdən çıxmadığını bildirdi:
- Biz bildirmişik ki, Yazıçılar Birliyinin bütün üzvləri fərdi şəkildə Adil Mirseyidə kömək etməyə hazırdır, amma gözləyirik ki, bu məsələ dövlət səviyyəsində həllini tapsın. Dövlət əl qoyacaqsa, ayrı-ayrılıqda kampaniyaların keçirilməsinə də artıq ehtiyac qalmayacaq. Yaxın zamanda müsbət cavab alacağımıza ümid edirik.
Xatırladaq ki, şair-rəssam Adil Mirseyid uzun müddətdir qara ciyər serrozundan əziyyət çəkir.
Məlahət Rzayeva