Xəstə can hayında, həkim qeydiyyat axtarır

Adil Qeybulla: "Hər dəqiqə xəstənin həyatından gedir. Belə xəstələrə dərhal tibbi yardım göstərilməlidir"


"Həkim poliklinikada, küçədə, harada olmasından asılı olmayaraq, əlində olan imkanlardan istifadə edib, ilk olaraq xəstəyə yardım etməlidir”.

Bunu Sherg.az-a xəstəxanaya ölüm ayağında xəstə gətirən zaman həkimlərin ilk olaraq xəstə ilə deyil, onun qeydiyyatı ilə maraqlanmasına dair xəbərlərə münasibət bildirərkən tibb elmlər doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, xəstə ağır durumda gəlib, ölüm ehtimalı və s. hallar yarandıqda çox problem ortaya çıxır:

"Söhbət xəstənin adamlarından getmir. Təşkilati missiyadan gedir. Həkimlərin xəstənin məlumatları barədə ehtiyatlıq göstərməsi başqa məsələ ilə bağlı deyil. Elə sistem qurmalıyıq ki, istənilən yerdə xəstələrə lazımı səviyyədə xidmət göstərilsin. Bizim insanlar bir qədər emosionaldır. Panika olduqda emosional davranırlar və həkimi də çaşdırırlar.

 Ona görə, müraciət olunan yerlərdə ən azı xəstəyə ilkin yardım göstərilməsi vacibdir. Qanaxmanın dayandırılması, ürək fəaliyyətinin, tənəffüs yollarının bərpası və s. Sonrakı həyati məsələlər artıq digər tibbi xidmətlər keçirilən müəssisələrdə aparıla bilər. Əlbəttə, bəzi xəstələrdə sonradan güc toplamaq təəssüf ki, gec olur. Bu zaman hər dəqiqə xəstənin həyatından gedir. Belə xəstələrə dərhal tibbi yardım göstərilməlidir. Hər bir xəstəxananın təcili yardım bölməsi, ayrıca otağı olmalıdır”.

Aysel Aslan