Universitetlər təhsil haqlarını artıracaq?

Hamlet İsaxanlı: "Ötən il çox təhsil müəssisələri təhsil haqqını artırdılar"


"Qabiliyyətli tələbələrin demək olar ki, hamısı dövlət hesabına oxuya bilir”.

Bunu Sherg.az-a təhsil haqlarının azaldılmasından danışarkən "Xəzər” universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. 

O bildirib ki, dövlətin seçdiyi 3-4 özəl universitet var, onların tələbələri qəbul imtahanında yaxşı nəticə göstərəndə dövlət onların təhsil haqqını ödəyir:

"İstər özəl universitet, istər dövlət universiteti olsun fərqi yoxdur, ötən il də qəbul olan abituriyentlərin təxmini 35 faizi dövlət hesabına oxudu. Hamının təhsil haqqından azad etmək nə dövlət universitetində, nə də özəl universitetdə mümkündür. Ali məktəbin yaşamasının yollarından biri tələbənin təhsil haqqıdır. Amma yaxşı oxuyan və ailəsi kasıb olan uşaqların böyük hissəsini dövlət öz üzərinə götürüb. Tələbə müəllimlik ixtisasını seçir, məsələn 450, 500 bal toplasa, dövlət onun təhsil haqqını ödəyir”.

Ümumi təhsil haqqının azaldılması məsələsinə gəlincə, rektor deyib ki, rəhbərlik etdiyi "Xəzər” Universitetində təhsil haqqı artmayıb:

"Amma ciddi şəkildə azalmayıb da. Ona görə ki, ötən il çox təhsil müəssisələri təhsil haqqını artırdılar. Düşündük ki, biz iqtisadi vəziyyətdən, devalvasiyadan, bank problemlərindən ciddi ziyana düşdüyümüz kimi bütün şirkətlər, müəssisələr, o cümlədən, sıravi vətəndaşlar, valideynlər, ailələr, ümumilikdə millət ziyan çəkib. Buna görə təhsil haqqını saxladıq, yüksəltmədik. Buna rəğmən azaltmaq da olmur. Çünki minimum hədd var, o bizim verdiyimiz təhsilin keyfiyyəti ilə bağlıdır. Təhsilin keyfiyyəti tələb etdiyimiz təhsil haqqından bəlkə də 2 dəfə çoxdur.  Amma beynəlxalq layihələri, ideyaları, dövlətin dəstəyini, büdcədən ayrılan vəsaiti nəzərə alaraq, təhsil haqqını artırmadıq. Yaxşı oxuyan tələbələrə şərait yaratmaq üçün onlara güzəştlər, valideynlərinə yardım etməyə çalışırıq”.

Qeyd edək ki, son günlər ali təhsil müəssisələrində təhsil haqlarının azaldılması müzakirə olunur.

Ayyət Əhməd