"Ərzaq məhsullarının da qiyməti ucuzlaşmalı idi, təəssüf ki..."

Vüqar Bayramov: "Dövlət birmənalı şəkildə ərzaq məhsullarının qiymətlərinin tənzimlənməsinə çalışmalıdır ki, bunlar inflyasiyanın azalmasına gətirib çıxarsın”


"Hazırda ərzaq məhsullarının qiymətlərinin ucuzlaşmasına ehtiyac var”.

Bunu Sherg.az-a kənd təsərrüfatı məhsulları ilə müqayisədə ərzaq məhsullarının qiymətlərində dəyişiklik olmamasının səbəblərini izah edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, son 4 ayda manatın dollara nisbətən məzənnəsinin möhkəmləndiyin nəzərə alsaq, ərzaq məhsullarının da qiymətlərinin ucuzlaşması müşahidə olunmalı idi:

"Belə düşünülürdü ki, dolların ucuzlaşması qiymətlərin azalmasına gətirib çıxaracaq. Amma təəssüf ki, indiki məqamda xüsusən sahibkarlar qiymətləri azaltmaqda maraqlı görünmürlər. Sahibkar daha çox gəlir əldə etmək istəyir. Nəticədə itirən istehlakçı olur. Çünki bu istehlakçı üçün əlavə xərclərin yaranması deməkdir. Ona görə bu konteksdən, qiymətlərin aşağı düşməsi və tənzimlənməsi üçün bazarda monitorinqlərin artırılmasına ehtiyac var. Xüsusən, süni şəkildə qiymətlərin yüksək saxlanmasının qarşısının alınması vacibdir. Dövlət birmənalı şəkildə ərzaq məhsullarının qiymətlərinin tənzimlənməsinə çalışmalıdır ki, bu azalmalar inflyasiyanın azalmasına gətirib çıxarsın”.

İqtisadçı onu da əlavə edib ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasına müdaxilələr olmazsa, qiymətlərdə daha artıq ucuzlaşma qeydə alınacaq:

"Əgər fermerlər sərbəst şəkildə öz məhsullarını bazara çıxara bilirlərsə, bu kənd təsərrüfatı məhsullarının bir az da ucuzlaşmasına, davamlı olmasına gətirib çıxara bilər”.

Aysel Aslan