Rasim Mədəd: "Uşaq niyə gedib, hündür qayadan özünü atmır, ya da maşının qabağına yıxılmır? Bilir ki, xəsarət alacaq"
"Azyaşlı uşaqların siqaret aludəçiliyi ətrafda siqaret çeşidlərinin, diqqət cəlb edən alışqanların olmasından, yaşıdlarının və yaşlıların siqaret çəkməyə meylliliyindən irəli gəlir”.
Bunu Sherg.az-a 14 yaşa qədər uşaqlar arasında siqaret aludəçilərinin artmasına münasibət bildirərkən "Siqaretsiz həyat” İctimai Birliyinin sədri Rasim Mədəd deyib.
O bildirib ki, uşaqların siqaret çəkməyə istiqamətlənməsinin qarşını almaq üçün maarifləndirici tədbirləri gücləndirmək lazımdır:
"Məktəblərdə, iş yerlərində, idarə və müəssisələrdə siqaret əleyhinə təbliğat işləri getməlidir. Bunun üçün "braşura"lar, kitablar, müsabiqələr, karikaturalar və s. istifadə oluna bilər. Bu tədbirlərə əməl olunmasına ehtiyac var. Şəhərdə internet klublar fəaliyyət göstərir. Tamamilə nəzarətsiz sahə olduğuna görə bütün gün gənclər, yeniyetmələr, məktəblilər həmin internet klublara qaçırlar. Orada siqaretin tüstüsündən vacib işi olan insanlar da əziyyət çəkir. Ona görə də qanunlar qəbul olunsa da bunların icrasına nəzarət tam yerinə yetirilmir.
Müəyyən plakatlar hazırlanmalıdır, qadağan işarələri istifadə olunmalıdır, siqaret çəkənlərin içəri buraxılmasına maneələr qoyulmalıdır ki, müəyyən nəticə əldə olunsun. Bu tədbirlər böyük bir ssenaridir. Qurmaq lazımdır ki, məktəblərdə, təhsil ocaqlarında bu proqram əsasında dərslər keçirilsin, təbliğat aparılsın. Gənclərin siqaret əleyhinə məlumatlanmağa marağı varsa, nəticə əldə olunacaqdır. Maraq yoxdursa, hər kəs öz işində siqaretini çəkməyə davam edəcək.
Aludəçilik elə şeydir ki, qarşısını ancaq ağılla almaq mümkündür. İnsanlar dərk etməlidir ki, siqaret bütün orqanlara ziyandır, gəncliyi çürüdür. Ancaq bunu yeniyetmələrə başa salan yoxdursa, düşünürlər ki, bu, belə də olmalıdır”.
Tərbiyənin ailədən gəldiyini diqqətə çatdıran R.Mədədin sözlərinə görə, uşaqların düzgün maarifləndirilməsində valideynlərin üzərinə böyük məsuliyyət düşür:"Uşaq ilk növbədə ailədə tərbiyə alır, amma onun sonrakı istiqamətləndiricisi cəmiyyətdir. Ailədən çıxan uşaq cəmiyyətə atıldıqda 50-50-yə tərbiyə alır. Yenə də ailədən çox şey asılıdır. Ailədə valideynlər övladına qarşı laqeyddirsə, ata siqaret damağında, "mən çəkmişəm düz eləməmişəm, sən siqaret çəkmə” deyirsə, bu, düzgün deyil.
İndi elə dövrdə yaşayırıq ki, hər bir uşaq, yeniyetmə həyata atılmış fərddir. O özü bilməlidir ki, nə ziyandı, nə xeyirdir. Uşaq niyə gedib, hündür qayadan özünü atmır, ya da maşının qabağına yıxılmır? Bilir ki, xəsarət alacaq. Siqaret də eyni şeydir, insanları daxildən məhv edir. Bunu uşaq dərk etməlidir. Tutaq ki, ata vaxtilə siqaret çəkib, təhsili yoxdur, fəhlədir, siqaretin ziyanı barədə də heç bir fikri yoxdur, onun uşağı mütləq siqaret çəkməlidir? Özü məktəbdə oxuyur, hər gün internet klubda nə iləsə məşğuldur. Açıb oxumalıdır ki, bunun ziyanı və ya xeyri nədir. Ailənin həyat tərzindən asılı olmayaraq uşağın tərbiyəsi ilə xüsusi məşğul olunmalıdır. Onun ziyanlı vərdişlərə aludə olmasına imkan verilməməlidir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə "Tütün-inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün seminarda siqaret çəkənlərin sayının hər il gəncləşdiyini deyib. S. Babayeva bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadəsi müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb.
Aysel Aslan