Hamı təriflədi...

Kamal Abdulla o universiteti düzgün yola qaytaracaq



Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla ali məktəbin kollektivinə təqdim olunub.
Təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.
M.Cabbarov K.Abdullanın 14 il Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışdığını, bu rektorluq təcrübəsinin ADU-ya faydalı olacağını deyib. Qeyd edək ki, iyun ayının 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.
Daha əvvəldən isə Bakı Slavyan Universitetində rektor kimi fəaliyyət göstərən Kamal Abdullanın tələbələrin, müəllim kontingentinin və bütünlükdə Azərbaycan cəmiyyətinin yüksək hörmət və rəğbətini qazanması fonunda onun yeni təyinatından gözləntilər maraq doğurur. Görəsən, ictimaiyyət üzvlərinin K. Abdullanın ADU-ya rəhbərlik etməsinə münasibəti necədir?

"Özü də cavandır. Mənim kimi 80 yaşında deyil”

Kamal Abdullanın yenidən təhsil sisteminə qaytarılmasını müsbət hal kimi dəyərləndirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ağacan Abıyev onun təhsil üçün doğulduğunu bəyan edib: "Kamal yüksək ziyalıdır, alimdir, yüksək səviyyəli bir pedaqoqdur. Özü də cavandır. Mənim kimi 80 yaşında deyil. Onun Azərbaycan təhsil sisteminə, tələbələrə verəcəyi çox şey var”. A.Abıyev hesab edir ki, Kamal Abdulla ilə bağlı verilən qərar təhsillə yanaşı, cəmiyyətdə müsbət qarşılanıb: "Mən Kamalla çoxdan tanışam. Bir yerdə işləmişik. Onun müəllimlik dərəcəsini məndən yaxşı bilən yoxdur. Bizim təhsil sisteminə onun kimi şəxslər lazımdır”.

Kamal müəllim təcrübəli bir insan kimi bu universitetin inkişafına nail olacaq

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə də Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsini çox gözəl və müsbət hadisə kimi qiymətləndirdiyini deyib: "Akademik K.Abdulla uzun illər Bakı Slavyan Universitetinin rektoru olub və bu ali təhsil müəssisəsinin inkişafında çox böyük xidmətlər göstərib. O, görkəmli ziyalıdır, dünyada tanınan yazıçıdır, eyni zamanda, təhsil sistemində böyük təcrübəyə malikdir. Bu baxımdan Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsini çox gözəl və müsbət hadisə kimi qiymətləndirirəm. Kamal müəllimin gələcəyimiz üçün böyük əhəmiyyət daşıyan Azərbaycan Dillər Universitetinin inkişafında böyük işlər görəcəyi şübhəsizdir”.

Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsi
tam məntiqli bir qərar olardı

Millət vəkili Kamal Abdullanın yeni təyinatını Azərbaycan Dillər Universitetinin inkişafı baxımından uğurlu hesab edib: "Son zamanlar Azərbaycan Dillər Universitetində bir sıra ciddi problemlər yaranmışdı. Son tələbə etirazları və universitet ətrafında bəzi söz-söhbətlərin yaranması hamını narahat edirdi. Əminəm ki, Kamal müəllim təcrübəli bir insan kimi bu universiteti düzgün yola qaytaracaq və inkişafına nail olacaq”.
A.Mollazadə Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşdirilməsi məsələsinin yenidən gündəmə gəlmə ehtimalına da aydınlıq gətirib: "Hesab edirəm ki, bu dövr ərzində Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsi tam məntiqli bir qərar olardı. Bu universitetlərin birləşdirilməsi fonunda böyük bir universitetin yaradılması isə Azərbaycan təhsil sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq. Çünki böyük universitetlərin imkanları da böyük olur. Xüsusilə də mahiyyətcə bir-birinə yaxın olan bu iki universitetin vahid sistem halında inkişafına ehtiyac var. Nəzərə alsaq ki, Kamal Abdulla BSU-nun qurulması və inkişafının əsas simasıdır və bu universiteti çox yaxşı tanıyır, onda bu birləşmənin çox uğurla gedəcəyini də indidən təxmin etmək mümkündür”.

Ali təhsil müəssisəsinin uzun müddət ərzində rəhbərsiz qalması yaxşı hal deyil

Təhsil eksperti Kamran Əsədov isə "Şərq”ə açıqlamasında ilk olaraq ali təhsil müəssisəsinin uzun müddət ərzində rəhbərsiz qalmasının və ya tez-tez rəhbər vəzifəsini dəyişməsinin yaxşı hal olmadığını deyib. Onun sözlərinə görə, əks halda həm təhsil alanlar, həm də elmi kollektiv yeni rəhbərliyə uyğunlaşmaqda müəyyən problemlər yaşayır: "Düzdür, hər kəsin qanunvericilik aktlarına görə yerinə yetirdiyi vəzifələr, öhdəlikləri var və onu icra edir. Lakin danılmaz faktdır ki, Azərbaycanda təkcə vəzifə səlahiyyətləri yox, eynilə şəxsin nüfuzu, bilik və bacarıqları da işin öhdəsindən gəlmək, iş şəraiti ilə bağlı məsələlərə də ciddi şəkildə təsir göstərir. İkincisi, tələbələrin etirazı səbəbi ilə rektor dəyişmək yaxşı nümunə deyil. Çünki ali təhsil müəssisəsinə inam, onun keyfiyyət baxımından da təsir edir. Belə çıxır ki, tələbələr istənilən vaxt özlərini əziyyətə salmamaq üçün etiraz aksiyası keçirəcək və təsir göstərəcəklər. Əlbəttə ki, haqlı tələb olduqda onların ixtiyarı var, amma son hadisələrdə tələbələrin tələbləri tam şəkildə haqsız idi”.

İndiki halda onun ADU-da vəziyyəti sabitləşmə funksiyasını yerinə yetirəcəyini gözləyirəm

Konkret olaraq Kamal Abdullanın ADU-ya rektor təyin olunması məsələsinə gəldikdə isə K.Əsədov onun Azərbaycan elmində, təhsilində xüsusi xidmətləri olan, uzun müddət rektor vəzifəsini icra edən təcrübəli bir insan olduğunu deyib: "Amma indiki halda nəzərdən qaçırılmaması vacib olan bir sıra nüans var. Əvvəla, Dillər Universiteti xarici dillərin tədrisini həyata keçirən təhsil ocağıdır və bura rəhbərliyi həyata keçirmək üçün xarici dili bilməklə yanaşı, həmin ölkələrin təhsilində iştirak etmək vacib amildir. Düzdür, akademik Kamal Abdulla uzun müddət Slavyan ölkələrinin təhsili üzrə çalışıb, amma professor Əfqan Abdullayev ABŞ və Avropa ölkələrinin nüfuzlu universitetlərində çalışmış, mühazirə demiş insandır. Kamal Abdulla böyük yazıçı, çox gözəl idarəçi insandır. İndiki halda onun ADU-da vəziyyəti sabitləşmə funksiyasını yerinə yetirəcəyini gözləyirəm, yəni ilk növbədə onun qarşısına qoyulan məqsədin bu olduğunu düşünürəm.
Əslində onun yenidən rektor olacağını gözləyirdim, amma BDU-ya, Pedaqoji Universitetə. Çünki o, Azərbaycan təhsilini çox gözəl bilir və idarə edir.
Dillər Universitetində isə 10-a yaxın xarici dil tədris olunur. Böyük əksəriyyət fakültə və ixtisaslarda ingilis dilində və ABŞ, Avropa ölkələri ilə əməkdaşlıq qurulub. ADU-da Avropaya inteqrasiya sürətlənmiş, dünya təhsilinə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılırdı. Hesab edirəm ki, yeni təyinatdan sonra bunlar yavaşlayacaq”.

Kamal müəllimin daha çox daxili auditoriyaya yönələn fəaliyyət göstərəcəyini düşünürəm

Ali pedaqoji təhsilli hər kəsin müəllim ola bilməyəcəyini vurğulayan ekspertin sözlərinə görə, bizə elə gəlir ki, hamı sinifə daxil olub şagirdi salamlayıb vaxtını keçirə bilər. Halbuki dünyada qəbul olunmuş idarəetmə sistemi var: 

"Kimsə mükəmməl idarəçi ola bilər, amma hər sahəni idarə edə bilməz. Məsələn, biz hansısa Avropa ölkəsində texnologiya üzrə akademiki humanitar universitetdə rəhbər görə bilmərik və yaxud da əksini. Bu baxımdan Kamal müəllimin daha çox daxili auditoriyaya yönələn fəaliyyət göstərəcəyini düşünürəm. Etiraf etmək lazımdır ki, Azərbaycanda pedaqoji kadrların hazırlanmasını həyata keçirən təhsil müəssisələrinin kadrlarının keyfiyyəti o qədər də ürəkaçan deyil. Bunu Təhsil Nazirliyinin müəllimlərin diaqnostik imtahan nəticələri də sübut etdi. Məhz əmək bazarına keyfiyyətli məhsul istehsal etmək missiyasını yerinə yetirməyi qarşısına məqsəd qoyan Əfqan müəllim bunun qurbanına çevrildi. İndi başqa heç kim islahata cəhd etməyəcək. Xatırlayırsızsa, iki il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində də tələbələr imtahan keçirilməsinə etiraz etmişdilər və onların da istəkləri yerinə yetirilmişdi. Bu onu göstərir ki, bizim tələbələr peşəkar səviyyədə mütəxəssislər olmaq istəmir və biz də buna şərait yaradırıq. Məhz buna görə də, Azərbaycan təhsili dünyada ən aşağı göstəricilərə malikdir”.


Şəymən