Cərimə 3 min manat olanda qanunsuz balıq ovu edənlər çəkinəcək

Hansısa bir vicdanını itirmiş şəxs hesab edir ki, elektrik cərəyanı ilə 100 kilo balıq tutub satıb 500 manat qazanacaq, ələ keçsə, 200 manat cərimə ödəyib canını qurtaracaq


Azərbaycanda balıq və digər su bioresurslarını qanunsuz tutmağa görə cərimələr 20 dəfə artırılır. Bu barədə məsələ Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda cərimələr 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.

Görəsən, cərimələrin artırılması qanunsuz balıq ovu edən şəxslərin qarşısını ala biləcəkmi? Ümumiyyətlə, məbləğlərin yüksəldilməsi nə dərəcədə düzgündür?

"Yeni Müsavat” qəzetinin redaktoru, jurnalist Elşad Məmmədli cərimələrin artırılmasını ikiəlli dəstəklədiyini deyib. O bildirib ki, bioresursları qorumaq hər kəsin borcudur:

"Mən təbiətsevər insanam və asudə saatlarımı daha çox balıq tutmaqla keçirirəm, bu mənim hobbimdir. Su hövzələrində qanunsuz balıq ovu edənlərlə əslində illərdir mübarizə aparıram, çağırışlar edirəm. Su hövzələrində balıqları və digər bioresursları vicdanını itirmiş insanlar elektrik cərəyanı ilə məhv edib, kökünü kəsirlər. Habelə kürü vaxtı tor qurub balıqların nəslini azaldırlar.

 Dəfələrlə bu məsələ ilə bağlı həyəcan təbili çalmışam, su hövzələrində üzləşdiyimiz qanunsuz ov etmələr faktlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yollamışıq, çox minnətdaram ki, onlar dərhal operativ reaksiya veriblər, həmin halları araşdırıblar, bir neçə qanunsuz ov edəni cəzalandırıblar. Cərimələrin artırılması bu sahədə vəziyyəti xeyli yaxşılaşdırar. 

Məsələn, hansısa bir vicdanını itirmiş şəxs hesab edir ki, elektrik cərəyanı ilə 100 kilo balıq tutub satıb 500 manat qazanacaq, ələ keçsə, 200 manat cərimə ödəyib canını qurtaracaq. Amma cərimə 2-3 min manat olanda qanunsuz ov edənlər bundan çəkinəcəklər”.
E.Məmmədli həmçinin deyib ki, ölkəmizdə balıq tutmaq üçün hər kəsin girib ov edə biləcəyi kifayət qədər su hövzələri-Xəzərin sahilləri, göllər, kanallar və çaylar var.

Yeganə Bayramova