Şəmsiyyə Namazova: “Əlcəklərdən istifadə etməyə çalışmaq lazımdır. Ev şəraitində paltaryuyan maşın işə salınıbsa, mütləq pəncərələr açıq saxlanılmalıdır”
Sumqayıt şəhəri saxta yuyucu toz istehsalına görə ön yeri tutur
Eyyub Hüseynov: “Saxta və keyfiyyətsiz məhsullarla mübarizə aparmaq üçün onları “boykot” etmək lazımdır”
Şəmsiyyə Namazova: “Əlcəklərdən istifadə etməyə çalışmaq lazımdır. Ev şəraitində paltaryuyan maşın işə salınıbsa, mütləq pəncərələr açıq saxlanılmalıdır”
Şəmsiyyə Namazova: “Əlcəklərdən istifadə etməyə çalışmaq lazımdır. Ev şəraitində paltaryuyan maşın işə salınıbsa, mütləq pəncərələr açıq saxlanılmalıdır”
Bazardan alınan yuyucu toz bir ailənin 5 üzvünün bədəninə yara salıb.
Bu barədə mətbuatı məlumatlandıran İlahə Şirinova ucuz qiymətə aldığı yuyucu tozla paltarları yuduqdan sonra ailə üzvlərinin bədənində qaşıntı yarandığını, yaralar çıxdığını görüb. İlk baxışdan yedikləri yeməkdən allergiya verdiklərini düşünsələr də, sonra marketdən aldıqları ilə bazardan alınanı müqayisə edəndə qaşıntıların nədən yarandığını biliblər. Əvvəllər də ucuz olduğu üçün bu yuyucu vasitələri yol kənarı maşınlardan və bazarlardan alan zərərçəkən indi hamını bir-iki manat fərqə aldanmamağa çağırır. İndi yüzlərlə insan ucuz vasitələrə üstünlük versə də, nəticələri bundan da pis ola bilər.
Həkimlər isə son zamanlar belə ucuz məhsullarda allergiyaların tez-tez baş verdiyini deyirlər. Hətta bu məhsullar ömürlük xəstəliklərə belə səbəb ola bilər.
Qiyməti ucuz olan belə məhsulların açıq şəkildə bir çox yerlərdə və xarici brendlərin adı ilə satılması insanları özünə daha da çəkir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə belə məsələlərdə vətəndaş haqlı olduğunu sübut edərsə, istehsalçıdan ona dəyən maddi və mənəvi ziyanı tam tələb edə biləcəyini deyib. Ölkədə kifayət qədər sertifikatlaşdırılmamış yuyucu vasitəyə rast gəlindiyini qeyd edən AİB sədrinin sözlərinə görə, Sumqayıt şəhəri isə saxta yuyucu toz istehsalına görə ön yeri tutur. Bir çox məhsullar xarici brend adı altında məhz burada istehsal olunur.
Ekspert bildirib ki, saxta yuyucu vasitələr arasında "Tide”, "Ariel”, "Calgon”, "Alafran” və digər məhsullara rast gəlinir. Belə məhsullar yuyucu vasitə bazarının təxminən 30 faizini təşkil edir. "Yuyucu vasitələrin keyfiyyətsizliyi ilə bağlı hər gün AİB-ə zənglər olunur. Bizdə olan məlumata görə, saxta yuyucu vasitələrin "Sədərək” bazarında açıq şəkildə satışı həyata keçirilir. Onlar xaricdən yuyucu vasitələri alır, 3 pay duz qatır, bir pay isə həmin vasitəni qatırlar. Sonra adını çəkdiyim şirkətlərin qablarına doldurub əhaliyə satırlar”. E.Hüseynov hesab edir ki, saxta və keyfiyyətsiz məhsullarla mübarizə aparmaq üçün onları "boykot” etmək lazımdır.
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə "Şərq”ə açıqlamasında deyib ki, satışına icazə verilən yuyucu tozlar insan bədəninə heç bir təhlükə yaratmır. Ancaq dərisi həssas olan insanlar hansısa yuyucu tozundan istifadə etməzdən əvvəl mütləq yoxlamalı və reaksiya verdiyi halda özlərini qorumalıdırlar.
Yuyucu məhsulların tərkibindəki toksiki maddələrin ilk növbədə dəri səthinə təsir etdiyini və allergik toksiki reaksiyalar yaratdığını vurğulayan A.Maqsudovun sözlərinə görə, qaşınma, qızarma, tək-tək hallarda isə hərarət verə bilir. Ancaq istənilən halda qalıcı fəsadları olmur. Qısa müddətdən sonra səpkilər aradan qalxır.
Ekspertlərin fikrincə, həmin məhsulların tərkibinə qatılan səthi aktiv maddələrin göstəricisi müvafiq həddə olmalıdır. Çünki fosfata qarşı həssaslıq hər orqanizmdə fərqlidir:
"İş ondadır ki, bütün yuyucu vasitələrin tərkibində fosfat olur. Bədəndə həssaslıq varsa, yuyucu məhlul və tozlar mənfi təsir edəcək. Hətta ən keyfiyyətli yuyucu tozlar belə həssas insanlarda allergik reaksiyalar verir. Əsasən nəfəs yolları, ağciyər nahiyəsinə təsirini göstərir. Onların istifadə qaydalarında da əlcək və maska geyinilməsi göstərişdir: "Tənəffüs yollarına dəyməsin. Dəydikdə boğulma, hava çatışmazlığı, ürək döyüntüsü və s. kimi şikayətlər artmağa başlayacaq. Əsas da kimyəvi maddələrə qarşı həssas olan adamlar diqqətli olmalıdırlar”.
Tibb və fəlsəfə elmləri doktoru, tibb üzrə ekspert Şəmsiyyə Namazova isə məişətdə işlədilən bütün yuyucu, ağardıcı, təmizləyici və s. bu kimi vasitələrin hamısının kimyəvi maddə tərkibli olduğunu deyib:
"Onların tərkibində çirk təmizləyən, ağardıcı işi görmək üçün xüsusi qatqılardan istifadə olunur. Əgər imkan olsaydı, tamamilə bunlardan istifadə etməmək daha yaxşı olardı. Necə ki, əvvəllər təbii bişirilən sabunlardan istifadə edilirdi. Onların tərkibi kimyəvi qatqılarla zəngin olmurdu. Əl, paltar sabunları var idi. Təbii vasitələrdən istifadə edildiyi vaxtlarda istər gözün selikli qişasında, istər dəri üzərində kontakt dermatitlərin, allergik xəstəliklərin sayı bu qədər deyildi. Xüsusilə yuxarı tənəffüs yollarında problem, ümumi bioloji sistemdə dəyişiklik, astmatik xəstəliyi olanlara, bu, daha pis təsir edir. Onlarda tutmaların kəskinləşməsinə səbəb olur”.
Ş.Namazovanın sözlərinə görə, paltarları yuyan zaman da yuyucu, ağardıcı tozlardan istifadə edilir ki, bunlar da kimyəvi qatqılıdır. Buna görə də paltarları ev şəraitində qurutmaq kimyəvi maddələrin orqanizmə daxil edilməsinə səbəb olur:
"Bəzən xanımlar paltarı yuduqdan sonra evdə qurutmağa üstünlük verirlər. Paltarları xüsusilə qış aylarında evdə quruducunun üstünə sərirlər. Ancaq unudurlar ki, kimyəvi maddələrlə yuyulmuş paltarın açıq havada qurudulması şərtdir. Çünki paltaryuyan maşından çıxdıqdan sonra yuyucu tozun ionları havaya qalxır və nəfəsimizə daxil olur, tənəffüs yollarını qıcıqlandırır, allergiya yaradır. Bu, astmatik tutmalara qədər gətirib çıxara bilər”.
Ş.Namazovanın sözlərinə görə, yuyucu, təmizləyici maddələr gündəlik məişətimizin ayrılmaz hissəsinə çevrildiyi üçün sağlamlığımıza təsir etməməsi üçün maksimum bunlardan qorunmaq lazımdır:
"Əlcəklərdən istifadə etməyə çalışmaq lazımdır. Ev şəraitində paltaryuyan maşın işə salınıbsa, mütləq pəncərələr açıq saxlanılmalıdır. Hamamda bu cür maddələrlə təmizlik işi aparılırsa, yenə də hava dəyişilməlidir. Uşaq olan və uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkən insanlar olan evlərdə bu, xüsusilə nəzərə alınmalıdır. Yuyucu vasitə ilə təmizlədiyimiz əşyanı xeyli müddət suyun altında saxlamaq, çəngəl, qazan yuyarkən isə daha çox diqqət etmək lazımdır. Çünki yaxşı yuyulmadıqda onların müəyyən yerlərində kimyəvi maddələr yığılıb qalır və istifadə edərkən qida ilə yanaşı, orqanizmimizə daxil olur. Bu isə mədə-bağırsaq sistemində pozuntulara səbəb olur. Heç kim bu vasitələri alarkən üzərində istifadə təlimatlarını oxumur. Bizim təmizləyici olaraq başqa bir seçimimiz də yoxdur. Əlimizdə olan bu kimyəvi vasitələrdir. Biz sadəcə olaraq, qorunmaq şərtilə bu vasitələrdən istifadə etməliyik”.
Şəymən