Kreml azərbaycanlı girova Lapşin kimi eyni hüquqi münasibəti sərgiləmir
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin fikirlərinə münasibət bildirib. K.Əsgərov atasının Kəlbəcərə gedərkən üzərində silah olmadığını deyib:
"Səfirin atamın ermənilər tərəfindən girov götürülən zaman üzərində silahın olması haqqında dediyi fikirlər tamamilə yanlışdır. Rusiyanın səfiri bilməlidir ki, atamın üzərində silah olmayıb. Atam öz vətəninə, torpağına gedərkən girov götürülüb. Bundan sonra iddia edərlər ki, guya atam girov götürülən zaman tankın içidə olub. Onlardan hər şey gözləmək olar”.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bir neçə gün əvvəl verdiyi müsahibədə bildirib ki, D.Əsgərov girov götürülən zaman üzərində silah olub: "Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik. Baxın, Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu, o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan dövlətinin ən çox narahat olduğu məsələlərdən biri beynəlxalq siyasətdə olan ikili standartlarla bağlıdır. Bu ikili standartlar isə özünü bütün sahələrdə göstərir:
"Hansısa bir ölkədə xoşagəlməz hadisə baş verəndə beynəlxalq hüquq işləyir, amma eyni hadisəyə azərbaycanlılar məruz qalanda bütün prinsiplər tapdanır. Beynəlxalq münasibətlər sistemində baş verən oxşar hadisələrə eyni mövqe və reaksiyanın nümayiş etdirilməməsi artıq dünya birliyində də açıq şəkildə özünü büruzə verir. Xatırlayırsınızsa, BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı verilən qərarından iki saat keçməmiş NATO həmin ölkəyə qarşı əməliyyata başladı. Halbuki Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Doğrudur, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT kimi nüfuzlu bir qurumun təcavüzkar Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması barədə 4 qətnaməsi var, ancaq bu qətnamələr hələ də icra olunmamış qalır. Bu isə bizə deməyə əsas verir ki, böyük dövlətlər istəklərindən asılı olaraq beynəlxalq hüquq normalarına öz bildikləri tərzdə yanaşırlar. İki standartlar az qala onlar üçün beynəlxalq ölçü meyarına çevrilib. Elə bu məntiqlə də Dilqəm Əsgərova və Lapşinə münasibətdə fərqli siyasət yeridirlər. Rusiya vətəndaşı olan Dilqəm Əsgərov öz tarixi torpağında işğalçılar tərəfindən tutulub və üzərində saxta məhkəmə qurulub. Rusiya isə buna heç bir reaksiya vermir. Ancaq bir neçə ölkə vətəndaşı olan Lapşinə qarşı son dərəcə həssas münasibət sərgiləyirlər”.
Dilqəmlə Şahbazın məsələsinin Azərbaycan üçün son dərəcə həssas məsələ olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, bu məsələ ilə bağlı Rusiyanın hər hansı siyasi dairəsinin təmsilçisi öz münasibətini bildirən zaman ehtiyatlı mövqe sərgiləməlidir. Əks halda onların aşkaranə qərəzli fikirləri Azərbaycan ictimaiyyətində narazılıq doğurur:
"Aleksandr Lapşin kimi Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır. Niyə hər ikisinə qarşı hüquqi münasibət sərgilənmir?
Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov başqa ölkənin sərhəddini pozmayıb, doğma torpağına gedib. Bəs Aleksandr Lapşin? O, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib, sərhədlərimizi pozub. Paralel olaraq da erməni separatizminə, terrorizminə dəstək verməklə yanaşı, Azərbaycanın əleyhinə hədyanlar deyi Beynəlxalq qanunları və Azərbaycan qanunlarını pozduğu üçün o Azərbaycanın hüquq mühafizə orqanlarına təqdim edilib. Rusiya onları eyniləşdirmək bir yana qalsın, Lapşini kənara qoyub, Dilqəm Əsgərovda səhv axtarır”.
Şəymən