Terrorizmlə mübarizə günün mövzusudur

Kriminalist-ekspert Milli Məclisin bu sahəyə diqqət ayırmasını təqdir edir




Ötən gün Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin iclası keçirilib. İclasda "Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi müzakirə olunub.
Dəyişikliyə görə, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına birdəfəlik müavinət ödəniləcək.

Hesab edilir ki, bu dəyişikliklər terrorizmə qarşı mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlardan irəli gəlir və onlara uyğundur. Qanuna edilən bu dəyişikliklər hüquq-mühafizə orqanlarına terrorizmlə daha effektiv mübarizə aparmağa kömək edəcək. 

Dəyişikliyi dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-araşdırmaçı İlqar Altay "Şərq”ə deyib ki, iş fəaliyyətini yerinə yetirən zaman həyatını və sağlamlığını itirən hər bir şəxsə və ya onun ailə üzvünə yüksək məbləğdə yardım göstərmək vacib şərtdir:

"Bu addım həmin sahədə digər işçilərin həvəs və vicdanla işləməsi üçün böyük stimuldur. İnkişaf etmiş ölkələrdə bu hal mütləq şərt olaraq mövcuddur. Terrorizm kimi təhlükəli halla mübarizədə belə bir yardımın olması daha vacib və effektlidir. Çünki demək olar ki, indiki dövrdə bundan riskli və ağır peşə yoxdur. Ona görə də Milli Məclisin bu sahəyə diqqət ayırması diqqətəlayiqdir. Xüsusən, regionun təlatümlü dövründə Azərbaycan dövlətçiliyi və təhlükəsizliyinin qorunması üçün olduqca vacib addımdır”.

İsmayıl