Xəzərin sahillərində vəziyyət bərbaddır
"Oxşar problemə tək pulsuz çimərliklərdə rast gəlinmir. Bəzən pullu çimərliklərin də zibillənməsi müşahidə olunur. İstehlakçı mədəniyyətdən başqa, orada zibilləri
yığışdırmaq üçün xidmətçilər də olmalıdır”
Bu il çimərlik mövsümü iyunun 15-də açılacaq. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin ( DSXX) xilasetmə və dalğıc işləri üzrə şöbə müdiri Elsevər Həsənov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən qərara əsasən, bu ildən etibarən çimərlik mövsümü iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq:
"Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr müvafiq yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. Həmçinin, xilasedicilər iş başındadır. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.
E.Həsənovun sözlərinə görə, Xidmət qış mövsümündən başlayaraq çimərlik mövsümünə hazırlığa başlayıb: "Xidmətin Bakıda və Abşeronda yerləşən 25 struktur bölməsində, respublikanın rayonlarında fəaliyyət göstərən strukturlarında tədris-metodik toplantılar keçirilib. Toplantılarda həm çimərlik mövsümünə hazırlıq, həm axtarış-xilasetmə işlərinin təşkili, həm də əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılıb. Bununla paralel olaraq Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülüb. Onların üzmə qabiliyyətinin formada saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilib. Hazırda dalğıc hazırlıq kursları davam edir. Kurslara 20 nəfər əməkdaş cəlb olunub”.
E.Həsənov deyib ki, ölkəyə gələn turistlərin sayının çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq intensiv olaraq həyata keçirilib.
Çimərlik həvəskarı olduğunu və dünyanın bütün okeanlarında üzdüyünü deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov paralel olaraq da hər getdiyi ölkədə çimərliklərin vəziyyəti ilə maraqlandığını deyib: "Çox təəssüflər ki, əsrarəngiz Xəzərin sahilində yerləşən Bakının çimərlikləri bərbad vəziyyətdədir. Hər il dövlət orqanları elan verir ki, ay camaat, Şıxov çimərlikləri təhlükəlidir, suyun çirklənməsi yüksək səviyyədə olduğu üçün mədə-bağırsaq xəstəlikləri və allergiya üçün risklidir. Lakin vətəndaşlar bu xəbərdarlıqlara əməl etmirlər və bir çox hallarda müxtəlif fəsadlarla üzləşirlər”.
E.Hüseynovun sözlərinə görə, çimərliklərin çirklənməsi məsələsində ən böyük məsuliyyət vətəndaşların üzərinə düşür: "Ümumiyyətlə, bəzi vətəndaşların bu sahədə mədəniyyəti aşağıdır. Bu, ictimai mədəniyyətə bağlı olan məsələdir. Yəni, ilk növbədə insanların özləri təmizliyə riayət etməlidirlər.
Eyni zamanda istehlakçılar bu istiqamətdə aidiyyəti qurumlar və ya ictimai birliklər, KİV tərəfindən maarifləndirilməlidir. Çünki oxşar problemə tək pulsuz çimərliklərdə rast gəlinmir. Bəzən pullu çimərliklərin də zibillənməsi müşahidə olunur. İstehlakçı mədəniyyətdən başqa, orada zibilləri yığışdırmaq üçün xidmətçilər də olmalıdır. Bundan başqa, çimərliklərdə bəzən zibil atmaq üçün yerlər də təyin olunmur. Yəni, təchizat işləri təmin edilməlidir”.
AİB sədrinin qənaətincə, Azərbaycandakı çimərliklərin ən ciddi çatışmazlığı girişin pullu olmasıdır: "Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin qərarları olsa da, qadağalara əməl edilmir. Ən pisi də odur ki, istehlakçılardan giriş pulu alınan zaman qapıdaca pul alır, heç bir kassa çeki də vermirlər. Beləliklə də, vergi qanunvericiliyini pozmuş olurlar. Bütün bunlar isə Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərir. Burada söhbət təkcə giriş pulu alınmasından da getmir, əvəzində çek vermədikləri üçün istehlakçıların hüquqlarını pozmuş olurlar.
Normal çimərliklər olsa, təmizliyə riayət edilsə, sahil zolağı təmizlənsə, əhalinin böyük hissəsinin maddi imkanı çatacaq səviyyədə giriş haqqı qoyulsa, insanlar niyə getməz ki?! Hamı istəyər ki, təmiz, mühafizə edilən çimərlikdə çimsin, təhlükəsizliyi təmin olunsun. Amma bunlar olmadığından, əhali də çimərlik soyğunçularına bu şəkildə etiraz edir və "vəhşi ərazilərə” üz tutur”.
E.Hüseynova görə, ən pisi də pullu çimərliklərdə göstərilən xidmətin tələb olunan vəsaitə adekvat olmamasıdır:
"Ən böyük çatışmazlıq isə tualetlərin və duşların olmaması ilə bağlıdır. Pulsuz çimərliklərin təmizliyi ilə bələdiyyələr məşğul olmalıdırlar. Natəmizlik də turizmin inkişafına birbaşa mənfi təsir göstərən amillər sırasına daxildir. Antisanitar vəziyyət turisti həmin ərazidən uzaqlaşdırır. Lakin təmizliyi qorumaq məqsədi ilə oturacaq yerləri pullu ola bilər. Bir şərtlə ki, xidmət olmalıdır. Amma bütövlükdə çimərliyə giriş pullu ola bilməz. Elə həmin ərazilərin qısa müddətə icarəyə verilməsi təcrübəsi də var. Uyğun qiymətə xidmət göstərilir. Bundan başqa, ictimai təşkilatlar da orada işlər, xüsusən də təbliğat aparmalıdırlar. Bələdiyyələr tərəfindən çimərliklərə zibilqabılar qoyulub, şüarlar yazılmalıdır. Əgər mən çimərlik bölgələrindən birində bələdiyyə sədri və ya məktəb direktoru olsaydım, sakinləri, vətəndaşları bu işə cəlb edib maarifləndirmə xarakterli tədbirlər təşkil edərdim”.
AİB sədri hesab edir ki, mövcud problemlərin qarşısını almaq üçün pulsuz çimərliklər bələdiyyələrə verilməlidir: "Natəmizlik turizmin inkişafına birbaşa mənfi təsir göstərən amildir. Antisanitar vəziyyət turisti həmin ərazidən uzaqlaşdırır. Lakin təmizliyi qorumaq məqsədi ilə oturacaq yerləri pullu ola bilər. Bir şərtlə ki, xidmət olmalıdır. Amma bütövlükdə çimərliyə giriş pullu ola bilməz. Elə həmin ərazilərin qısa müddətə icarəyə verilməsi təcrübəsi də var. Uyğun qiymətə xidmət göstərilir. Bundan başqa ictimai təşkilatlar da orada işlər, xüsusən də təbliğat aparmalıdılar”.
Şəymən