Sevgi məktubları: Kağızlara atalarından oğurladıqları ucuz ətir vururdular

“Şərq” tanınmışların sevgi məktublarını vərəqlədi, maraqlı nüanslar üzə çıxdı
Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan?Allah!..
Sevgi məktubu kimi...
Bu misralar Ramiz Rövşənin "Sevgi məktubu” adlı şeirindən bir parçadır. Ramiz Rövşənə müraciət etməyimiz isə səbəbsiz deyil, çünki yazıda elə tanınmışların sevgi məktublarından, bu mövzudakı xatirələrindən bəhs edəcəyik. Sevgi məktubunun mahiyyətindən uzun-uzadı yazmağa ona görə gərək duymuruq ki, hər kəsin azdan- çoxdan bu barədə məlumatı var. İndiki nəslin əksəriyyətinin təcrübəsi olmasa da, onlar da mütləq şəkildə atalarından-analarından eşidiblər. Hətta bir çoxlarımız valideynlərimizin, özümüzdən yaşca böyük yaxınlarımızın gənclik illərindən üzü bu yana saxladıqları sevgi məktublarını ələ keçirib gizlicə oxumuşuq da (lap elə mənim kimi- Ş.B).
Əlinə belə fürsət düşməyənlər isə məşhur sənətkarların, yazıçıların sevgi məktublarını oxumaqla kifayətlənməli olub. Yəni, özü yazmasa, özünə yazılmasa belə bu və ya digər formada hər kəsin "sevgi məktubu necə olmalıdır” sualına bir cavabı var. Kimi üçün sevgi məktubu "Frans Kafkadan Milenaya məktub”u, kimi üçün "Nazim Hikmətin Pirayəyə məktubu”dur. "Viktor Hüqodan Cülyetta Drueyə məktub”un da az oxucusu yoxdur: "Bütün bu qaranlıq və şiddətli günlər boyunca fövqəladəydiniz, Cülyettam. Sevgi istədim, gətirdiniz, sağ olun!
Gizləndiyim yerlərdə, günlərcə təhlükə altında gözləməklə keçən gecələrin sonunda qapımda barmaqlarınızla titrəyən açarın səsini eşidəndə bütün pisliklər və qaranlıqlar yox olurdu. İçəri işıq girirdi. Gərginliyə ara veriləndə yanımda olduğunuz o qorxunc, amma müdhiş şirin saatları əsla unutmamalıyıq. O kiçik qaranlıq otağı, tavandan, divarlardan asılan o köhnə əşyanı, yan-yana qoyulan iki kreslonu, masanın bir küncündə yediyimiz yeməyi, gətirdiyiniz soyuq toyuğu ömrümüz boyunca unutmayaq. Şirin danışığınızı, oxşamalarınızı, qayğılarınızı, özünüzü mənə həsr etməyinizi həmişə xatırlayaq. Məni sakit və rahat görəndə təəccüblənmişdiniz. Bu sakitlik və dinclik haradan gəlir, bilirsinizmi? Sizdən...”
Yazdıqları, aldıqları sevgi məktubları ilə bağlı xatirələrini "Şərq”lə bölüşən ekspertlərimiz, şairlərimiz başlarına gələn xoş hadisələrdən danışıb, bir anlıq da olsa gənclik illərinə qayıdıb, nostalji hisslər yaşadılar. Şübhəsiz ki, sualımızı səmimi cavablayanlarla yanaşı, yayınanlar, etirafdan çəkinənlər də oldu.
Sevdiyim qıza yüzlərlə məktub yazmışam...
Çox böyük təəssüf hissi ilə sevgi məktublarının dəbdən düşdüyünü deyən A24.az-ın baş redaktoru, yazar Cəlil Cavanşirə görə, indi insanlar feysbuk mesajı, telefon SMS-i, votsapda göndərilən səsli mesajlar qədər sevir biri-birlərini: "Hər şey daha bəsit və daha maraqsızdır. Gəncliyimdə həm sevgi məktubları yazmışam, həm də çoxlu sevgi məktubları almışam. Bir müddət o məktubları saxlayırdım. Şeirlə yazdığım məktublar da olub. Məktəb illərində sevdiyim qıza yüzlərlə məktub yazmışam. Bəzən bir dəftəri dolduracaq qədər şeirli məktublar yazırdım. İndi xatırlayanda ovqatım yüksəlir. Belə səmimi, içdən sevgilər unudulmaz olur. Eyni zamanda dostlarım üçün də sevgi məktubları yazırdım. Daha doğrusu, dostlarıma sevgi məktubu yazmaqda canla-başla kömək edirdim. Mənə yazılan sevgi məktublarını uzun müddət qoruyub saxlamaq imkanım olmadı. Amma hələ də ara-sıra sevgi məktubları alıram və bu məni xoşbəxt edir. Ən son yazdığım sevgi məktubunu telefonun qeyd yerinə yazıb, bir neçə ay dəfələrlə oxuyub sonra göndərmişdim. Son vaxtlar sevgidən bəhs edən bütün şeirlərim sevdiyim qadına yazılmış sevgi məktublarıdır həm də. Amma təbii ki, toxuna bildiyimiz kağız parçası daha şirin, daha unudulmaz xatirədir”.
Özümü hansısa qadına təqdim etmək - bu mənim üçün ən utancverici hissdir
Şair Aqşin Yenisey isə heç vaxt sevgi məktubu yazmayıb, yazanlara da gülüb: "Mən kənddə böyümüşəm, o yerdə ki ailənin özü belə təbiət qanunları ilə idarə olunur. Gözümü açıb arvadının arxasınca balta sıxan kişilər, qarnındakı körpə ilə kərpic kəsib özlərinə ev tikən ana-balalar görmüşəm. Heç vaxt lirikanı sevə bilməmişəm, gördüyüm məişət mənzərələri belə duyğuların yalan, müvəqqəti olduğunu aşılayıb. Mənə görə sevgi dünyaya bala gətirmək üçün cütləşməyə şərait yaradan bir metod olub. Ona görə heç vaxt sevgi məktubu filan yazmamışam, yazanlara da gülmüşəm. Düzdü, həmişə başqalarının sevgilərinə sifarişlə şeir quraşdırmışam, amma həmişə də belə birisi olmadığıma sevinmişəm. Heç arzulamadığım bir adamın həyatını yaşamışam və bu, deyəsən, ölənəcən bu cür davam edəcək. Ona görə də bu mövzuda əliyalınam və bunu heç kimə arzu etmirəm”.
Şairə bu günə qədər sevgi məktubu yazmamasının bir o qədər inandırıcı olmadığını, hətta bizi təəccübləndirdiyini deyəndə isə cavabı belə oldu: "Çoxu elə bilir, amma bu, məndə alınmadı, özümü hansısa qadına təqdim etmək - bu mənim üçün ən utancverici hissdir”.
Orta məktəbdə də, ali məktəbdə də sevənlərim, arxamca gələnlər çox olub
Gəncliyində xeyli sevgi məktubu aldığını deyən Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlunun bu mövzuda maraqlı xatirələri var: "Elə məktub olub ki, şeirin ilk sətrinin baş hərflərini oxuyanda "Novella, səni sevirəm” sözləri alınırdı. Orta məktəbdə də, ali məktəbdə də sevənlərim, arxamca gələnlər çox olub”.
Maraqlıdır ki, N.Cəfəroğlu aldığı bütün sevgi məktublarını saxlayır. Hətta həyat yoldaşının da bundan xəbəri var: "Yoldaşımın özü də mənə vaxtında o qədər məktublar, gözəl şeirlər yazıb ki... 29 yaşımda ailə qurdum. Çünki heç kimi bəyənmirdim”.
...gedib məktubunu götürüb cavab yazsın
Gənc şair Aqşin Evrən isə "Şərq” vasitəsilə son məktub yazdığı qıza daha bir mesaj ünvanlayıb: "Sevgi məktubları mənim üçün ən ciddi, ən qüsursuz ədəbi janrdır. Orta məktəbdə oxuyanda bir neçə dəfə sevgi məktubu yazmışam. Təbii, o vaxt mobil telefon əlçatmaz bir şey idi. Ona görə də biz tarixə kağız məktub yazan sonuncu nəsil kimi düşdük. Məktublarla bağlı çox maraqlı xatirələrim var, birini bölüşüm. Demək, sevdiyim qızın qardaşı və bacısı da bizim məktəbdə oxuyurdu deyə, məktubu gizli şəkildə verməli idim. Ona görə də gizli bir üsul tapmışdım. Məktubu yazıb qələm uzunluğunda, nazikliyində qatlayırdım, sonra qələmin içinə yerləşdirirdim. Həmin qələmi qızın sinif yoldaşına verirdim, sinif yoldaşı da aparıb qıza verirdi. Bir dəfə mən sinifdə olmayanda sinif yoldaşım həmin məktub-qələmi partamın üstündən götürüb müəllimə verib. Müəllim də qələmin qapağını açanda görüb ki, kağız. Daha bilmədim oxuyub, ya yox. Amma bir reallıq var ki, o qız mənim son yazdığım məktubu oxuya bilmədi, çünki göndərmədim. İndi o qızın taleyi haqqında heç bir məlumatım yoxdur, amma həmin son məktub "orada” qalır. Bunu oxusa, gedib məktubunu götürüb cavab yazsın”.
Bir dəfə eyni gündə 9 məktub aldım
Yazar Sevinc Elsevər də həm uşaqlıq dövründə, həm də orta məktəb illərində çoxlu məktub alıb: "Əsasən o məktubları qızlar vasitəsilə göndərirdilər, ya da gizlicə çantama atırdılar. Mən dərs əlaçısı idim. Bir də müəllimlərin siniflərdə məni tərifləməyi vardı. Sorağımı eşidənlər məktub yazıb göndərirdilər. Bir dəfə eyni gündə 9 məktub aldım. Onda da hələ 5-ci sinifdə oxuyurdum. Özü də rayon uşaqları daha çox meyilli olur belə şeylərə. Yanlarında o qədər sevgidən-zaddan danışır ki qadınlar, tez ayılırlar. Şəhər uşaqlarının əyləncəsi çoxdu, məşğuliyyəti də.
Mən də yazmışam əlbəəttə. Həmin o 9 məktuba cavab yazıb yollamışam. Uşaqlıq! Gənclik illərimizdə isə artıq mobil telefonlar çıxmışdı. Mesajlaşırdı hamı. Mail adresləri, sosial şəbəkələr çıxanda isə mən artıq bir neçə uşaq anası idim. O zamanların məktubları daha həyəcanlı idi. Kağızlara atalarından oğurladıqları ucuz ətir vururdular. Ürək şəkli ilə bəzəyirdilər. Tam olaraq yadımda qalmayıb. Məktubları saxlamırdım. Çoxunu sahiblərinə qaytarırdım. Bəzən də qardaşlarımın əlinə düşürdü, onlar da anama verir, məni danladırdılar”.
Yazılanı bir də, bir də oxumaq, yazdığını bir dəfə də oxumamaq ayrı bir gözəllikdi...
Yazıçı-publisist Əkbər Qoşalının da sevgi məktubları geniş olsa da, bu barədə geniş danışmaq istəmədi. Daha doğrusu, geniş danışmağı doğru bilmədi: "Heç şübhəsiz, kiminlə yazışdığını demək bir qüsurdur. Rəhmətlik Hamlet Kazımoğlunun bir şeiri var, deyir:
Həyat gözəl olur, sirli olanda,
Ağac sirri, torpaq sirri, su sirri.
Bir də bizim aramızda bir sirr var,
Mən açmaram, sən açmazsan bu sirri...
Bizim dövrümüzdə sosial şəbəkə də, telefonda mesaj da qara qələmlə ağ kağızın qardaşlığından keçirdi... Oxuyurdun, qayıdıb bir də oxuyurdun, sonra ən etibarlı yerdə gizlədirdin... Yazdığın məktubu isə, sanki birnəfəsə yazır və göndərməmişdən öncə oxumağa cəsarət eləmirdin. Yazılanı bir də, bir də oxumaq, yazdığını bir dəfə də oxumamaq ayrı bir gözəllikdi...
Sizdən nə gizlədim, Azərbaycan yazarları arasında ən çox sevgi məktubu almışların reytinq cədvəli tutulsa... illah da liderlərdən biri ollam...”
Adi bir düyməni basmaqla kimin kimə sözü var, saniyəyə göndərə bilir
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı isə sevgi məktublarının xoş xatirələr kimi daim yaddaşlarda qaldığını deyib: "Hər kəsin bir xatirəsi olur. Bəzən öz hisslərini sevdiyi qıza ünvanlaya bilməyən gənclər dosta-tanışa yazırdılar ki, filan qıza çatdır. Bəzən də kitabların arasına, çantasının içinə atırdılar. Ancaq istənilən halda məktub yazmaq çox gözəl ənənə idi. Məktub yazanda adam hər bir hərfdə ürəyinin odunu, istisini ötürürdü qarşı tərəfə. Bəzəkli "konvert”lər alıb, sevgisinin gözəlliyini onunla çatdırırdılar. İndi isə hisslər o qədər də ülvi deyil. Telefonlar, internet gəncləri biri-birinə əlçatan edib. Adi bir düyməni basmaqla kimin kimə sözü var, saniyəyə göndərə bilir”.
Xatirələrini bölüşmək istəməyən S.Rüstəmxanlı sadəcə onu deyib ki, Azərbaycanda ən çox məktub alan və onlara cavab yazan şairlərdən biri olub. "Aldığım məktubların arasında sevgi məktubları da vardı, nifrətlə yazılanları da”.
Yadıma düşəndə çıxarıb oxuyuram, o anın hissi, duyğusu deməklə izah edilməz
Sosioloq-jurnalist Lalə Mehralı isə bu cür mövzulardan söz düşəndə dövrün gənclərinə bir qədər kədərləndiyini bildirib: "Onlar üçün gələcəkdə övladlarına, nəvələrinə göstərə biləcəkləri, evlilik ildönümlərində, tanışlıq, nişan tarixlərində baxıb xatırlayacaqları heç bir xatirələri olmayacaq. Müasir gənclər ya internet, ya da telefon üzərindən yazır o eşq etirafını, sevgi məktubunu. Əllə tutulacaq, qoxulanacaq, açanda içindən qurumuş gül ləçəkləri töküləcək xatirələri olmayacaq. Amma bizim yaş dövrünün bu məsələdə bir qədər bəxti gətirdi. Elə son bizim nəsil oldu ki, məktub, açıqca ilə bağlı tariximiz var. Mənim də bir dəstə məktubum var. Yadıma düşəndə çıxarıb oxuyuram, o anın hissi, duyğusu deməklə izah edilməz”.
... məni çox yandırır o məktubların itməyi
Görkəmli şair Musa Yaqubun isə sevgi məktubları ilə arası olmayıb: "Bir misal var: "qonşuda qız sevənin ürəyində yağ olmaz”. Amma uzaqlara, vətənin hüdudlarından kənarlara məktublarım olub. Mənim sevgi məktublarım bəzi problemlər zamanı it-bata düşdü, məni çox yandırır o məktubların itməyi. Çünki o məktublar insana çox əziz olur, xatirələri yenidən oyadır”.
... ilk məhəbbət məktubunu mürəkkəbə bulaşmış həmin balaca əllər yazıb
"Məhəbbətlə çoxalır, ürək sözü azalır, ilk məhəbbət məktubu bircə dəfə yazılır” deyən Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu isə müsahibələrinin birində belə deyib: "Ola bilər ki, sevgi məktubları çox yazıla, amma onun ən birincisi ilk sevgi məktubudur. Məhəbbətlər çoxaldıqca, ilk məhəbbət məktubu orijinal, nadir nüsxə kimi tək olur. İlk məhəbbət məktubunu neçənci sinifdə yazdığım yadıma gəlmir. Amma ilk sevgi məktubu deyəndə bir qış günündə, İsmayıllının Molla İsaqlı kəndində, odun sobası ilə qızdırılan balaca bir sinif otağında, qarşımdakı masada əyləşmiş qızın ayazdan çartlamış, qızarmış, mürəkkəbə bulaşmış barmaqlarını görürəm. O qızın nə adını, nə də simasını xatırlayıram. Amma onu bilirəm ki, ilk məhəbbət məktubunu mürəkkəbə bulaşmış həmin balaca əllər yazıb, "Ana dili” kitabının arasına qoyub ötürmüşdü mənə”.
Əgər bir qıza sevgi məktubu verildisə, bu, nişanlanmağa bərabərdir
Qəşəm Nəcəfzadə isə "İlk sevgi məktubum” adlı yazısında sevgi məktubu ilə bağlı fikirlərini belə ifadə edib: "Balaca vaxtı elə bilirdim, bütün sevgilər məktub yazmaqdan başlayır. Əgər bir qıza sevgi məktubu verildisə, bu, nişanlanmağa bərabərdir. Amma çətini o məktubu yazmaqdı, sonra da ən çətini onu qıza verməkdi. Mənə elə gəlirdi ki, məktubu öz əlinlə vermək yaxşı deyil, bir adamla göndərmək məktubun təsir gücünü birə-beş artırır”.
Kağız məktubları alanda onu yazanın ətrini belə duyursan, hiss-həyəcanını hiss edirsən
Yazıçı Varis Yolçuyev isə deyib ki, gözəgəlimli olduğu üçün həmişə qızlar ona ürəklərini açıblar. O da cavablayıb: "İlk sevgi məktubunu 7-ci sinifdə oxuyanda almışam. Cəmi bir cümlə "Varis, mən səni sevirəm, səni atamdan, qardaşımdan da çox istəyirəm. İmza...”
İlk sevgi məktubu çox əziz olur, onu cibimdə gəzdirir, gündə neçə dəfə açıb oxuyurdum. Balaca kağız parçası hisslərimi oyadırdı, ürəyimin döyüntüsünü artırırdı, qızarırdım, pörtürdüm. Onuncu sinifdə o məktub cibdə gəzdirilməkdən, oxunmaqdan tam ovulub töküldü. O arada və ondan sonra aldığım digər məktubları isə saxlamadım, oxuyub cırıb atdım.
Kağız məktublarla telefon smsləri arasında ən böyük fərq bilirsiniz nədədir? Kağız məktubları alanda onu yazanın ətrini belə duyursan, hiss-həyəcanını hiss edirsən. Səliqə-səhmanından ruhi vəziyyətindən agah olursan. Göz yaşları ləkələri isə səni yumşaldır, ayrılıq qərarından vaz keçdirir.
Telefon smsləri isə monoton, cansız olur. Məncə, sevgi məktublarının şəkil dəyişməsi sevginin də şəkil dəyişməsinə səbəb olub. İndinin sevgilərini texnologiyalar monotonlaşdırıblar, cansızlaşdırıblar, haradasa robotlaşdırıblar”.
Poetik duyğusu olan insanlar sevgi məktubunu az yazır
Yazdığı sevgi məktublarını xatırlamayan "Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli isə belə deyib: "Ola bilsin, orta məktəb və universitet illərində kimlərəsə ünvanladığım məktublar olub, ancaq bizim dövrümüzdə də telefon əlaqəsi olduğu üçün kimin kimə sözü vardı, əlaqə saxlayıb deyə bilirdi. Hər nə qədər kitablarımdan birinin adı "Sevgi məktubları” olsa da, xüsusi olaraq sevgi məktubu yazmamışam. Bəlkə də, şeir formasına nələrsə cızma-qara eləmişəm, ancaq onu da xatırlamıram. Hesab edirəm ki, poetik duyğusu olan insanlar sevgi məktubunu az yazır, öz hisslərini daha çox şeirlərinə boşaldırlar. Ümumilikdə romantik ruhlu biri olmadığım üçün sevgi məktublarına marağım olmayıb. Mənim poeziyamı yaxından izləyən insanlar bilir ki, sevginin özündən daha çox fəlsəfəsindən yazıram. Ona görə sizin üçün maraqsız müsahib olaram, ən yaxşısı siz Qulu Ağsəsə zəng vurun. O, bu mövzuda nə qədər istəsəniz danışacaq” (gülür).
Əsgər yoldaşlarım üçün o qədər şeirlər, məktublar yazmışam ki...
Təbii ki, sevgi məktublarından yazıb, "Ulduz” jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəsin fikirlərini bölüşməmək olmazdı. Şübhəsiz, onun çox maraqlı xatirələri var. Q.Ağsəslə əlaqə saxlayan zaman ilk olaraq Elçin Mirzəbəylinin mesajını çatdırdım ki, sualımızdan yayınmaq imkanı olmasın. Odur ki, özünəməxsus yumoru ilə tanınan şairin cavabı da elə özünəməxsus oldu: "Vallah, o qədər sevgi məktubu yazmışam ki, amma Elçinə yazdığımı xatırlamıram (gülür). Düzdür, özüm də arada bir hansısa qıza məktub yazıb, göndərirdim, lakin daha çox başqalarının yerinə yazmışam. Hətta bu işi özüm üçün bir biznes halına çevirib, sosial sifariş şöbəsi yaratmışdım. Həm şeirlə, həm də bədii-publisistik üslubda yazırdım. Qiymətlərdə isə fərq vardı. Şeirlə yazmaq onlara baha başa gəlirdi.
Hansısa oğlan qıza demək istədiyi sözləri, ürəyindən keçən hissləri mənə danışırdı, mən də həmin sözləri nəzmə çevirirdim. Ancaq deyim ki, çatdırılma mənlik deyildi. O işlər bir az təhlükli olduğundan bizim şöbə ancaq istehsalat işlərinə baxırdı. Çatdırılma zamanı dava-şava çox olurdu, hətta bıçaqlanma, ölüm halları belə yaşanırdı deyə boynuma götürmürdüm (gülür). Yadıma gəlir ki, məndən başqa kimlərsə də qızlara şeirlə məktub yazmağa başlamışdılar, ancaq yenə də qızlar elə bilirdilər ki, hamısını mən yazıram. Sosial sifariş xidməti çətən kollatmaq, kartof yeri əkməkdə, ağac budamaq, tut çırpmaq kimi işlərimə yaradığı üçün mən bu sektoru əsgərliyə də daşıdım. Əsgər yoldaşlarım üçün o qədər şeirlər, məktublar yazmışam ki”.
"Adam kişi olar, heç olmasa, məktubu öz xəttinlə yazıb, göndərərdin”
Biz sözlə, özündən çox başqalarının ürək yarasına çarə tapan şair sevdiyi qızın "qara xəbər”ini alan əsgərlər üçün oturub silsilə məktublar, şeirlər yazıb. Ancaq nə hikmətdisə, onun məktub yazaraq qovuşdurmağa çalışdığı sevgililərin heç biri vüsala çatmayıb: "Hərbi xidmətdə olanda sevdiyi qızlar nişanlanan, gəlin köçən əsgərlər intihar həddinə çatırdılar, onlara nəzarət etmək də çətin olurdu deyə, aidiyyəti üzrə "ASAN” xidmətin poeziya şöbəsinə müraciət edirdilər ki, məktub işini həll elə. Adətən mənim yazdığım məktubları uşaqlar öz xətləri ilə köçürür, bir-iki də hərf səhvi buraxırdılar ki, qızlar şübhələnməsin. Əsgər yoldaşlarımdan biri isə ərindiyindən məktubu mənim əlyazmamla göndərmişdi. Qız da buna cavab yazmışdı ki: "Adam kişi olar, heç olmasa, məktubu öz xəttinlə yazıb, göndərərdin”.
Sevgi məktubu yazmağın da, almağın da son dərəcə gözəl və ülvi hisslər olduğunu vurğulayan Qulu Ağsəs bilmir ki, həyatının gənclik illərindən bir xatirə olduğundan onamı elə gəlir, yoxsa elə hamı üçün nostalji hisslər eyni təəssürat yaradır?
Q.Ağsəs zamanında məktub yazdığı qızlardan cavab alsa da, heç birini saxlamayıb: "Etiraf dolu məktublar idi, saxlayıb neyləyəcəkdim?! Heç birini saxlamamışam. Ancaq ordan-burdan yazılan sözlər yaddaşımın bir küncündə ilişib qalıb xoş xatirə olaraq. Gözəl şairimiz İsa İsmayılzadənin də dediyi kimi:
"On səkkiz il keçib. Deyimmi indi,
Deyimmi, kim kimi sevirdi, qızlar?
Oğlan ürəyində, qız ürəyində
On səkkiz ildir ki, on səkkiz yaşlı
Bir dilsiz-ağızsız məhəbbət sızlar...”
Hazırladı: Şəymən Bayramova