Britaniyada böyük dəyişiklik gözlənilmir

“Koalisiyada kiçik bir partiyanın təmsil olunması proseslərə güclü təsir etmək gücündə olmayacaq”



Böyük Britaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası qanunverici orqanda çoxluqdan məhrum olub. Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 316 yer qazanıb.

İkinci yerdə qərarlaşan Leyboristlər isə parlamentdəki yerlərinin sayını 33 mandat artıraraq Britaniya parlamentində 265 deputatla təmsil olunacaqlar. Leyboristlərin lideri Ceremi Korbin Baş naziri istefaya çağırsa da, Tereza Mey ölkənin "stabilliyə ehtiyacı olduğunu” bildirib. Xatırladaq ki, Böyük Britaniya parlamenti 650 deputatdan ibarətdir. Hökuməti təkbaşına qurmaq üçün azı 326 yer lazımdır. Siyasi şərhçilərə görə, Böyük Britaniyada baş verən siyasi böhran məşhur "brexit” hadisəsi ilə bağlıdır. 

Bu barədə "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, parlament seçkisindən çıxan nəticə "brexit”in nəticələrindən o qədər də fərqlənmir. İctimai rəydə bu reallıq özünü əks etdirir: 

"Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumda səslər arasında ciddi fərq yox idi. Həmin ictimai fikir parlament seçkisində də özünü göstərdi. Amma ingilis ictimaiyyətində ölkənin gələcəyi ilə bağlı narahatlıq mövcuddur. Ard-arda törədilən terror hadisələri də əhalini öz aqibətini düşünməyə sövq edir. Müəyyən narazılıqlar mövcud olsa da, nəticə etibarı ilə Mühafizəkarlar Partiyası seçkidə qalib gəldi. Bundan sonra İrlandiyaya məxsus olan bir siyasi partiya ilə koalisiya hökuməti qurulacaq. 

Düzdür, Mühafizəkarlar Partiyası Tereza Meyin liderliyi ilə, böyük üstünlüklə təkbaşına hökumət qurmaq niyyətində idi. Yenə də dəyişən ciddi bir şey yoxdur. Koalisiyada kiçik bir partiyanın təmsil olunması proseslərə güclü təsir etmək gücündə olmayacaq. Düşünürəm ki, strateji məsələlərdə də koalisiya üzvləri arasında ciddi fikir ayrılıqları olmayacaq. Avropa İttifaqı ilə bağlı aparılan siyasət də olduğu kimi davam edəcək”.

İsmayıl