Trampa qarşı kampaniya güclənir

“ABŞ Prezidentinin impiçmenti reallaşa bilər. Tarix və hadisələr göstərir ki, dövlət başçısı ilə bağlı baş verən bu cür siyasi böhranlar yaxşı sonluqla nəticələnmir”



ABŞ Prezidenti Donald Trampa qarşı cinayət işi açılıb. Vaşinqton və Merilend ştatlarının baş prokurorları Trampı prezident olduqdan sonra bizneslə məşğul olmaqda ittiham edərək məhkəməyə müraciət ediblər.

Baş prokurorlar həmçinin, Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda suçlayıblar: "Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün cinayət işi açmışıq”. Şikayət təmin olunduğu halda ABŞ Prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır. Xatırladaq ki, bir müddət əvvəl vəkilləri Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdi. Söhbət konkret biznes fəaliyyətindən getsə də, ekspertlər iddia edirlər ki, prokurorların ittihamı seçkidə məğlub olan Klinton tərəfdarlarının məqsədli şəkildə ortaya atdığı oyundur. Məqsəd Trampı gözdən salmaq və yanlışlarını qabardaraq impiçmentinə nail olmaqdır. 

Trampa qarşı təzyiqlərin artmasını "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, ABŞ Prezidentinin impiçmenti reallaşa bilər. Ekspertə görə, tarix və hadisələr göstərir ki, dövlət başçısı ilə bağlı baş verən bu cür siyasi böhranlar yaxşı sonluqla nəticələnmir: 

"ABŞ tarixində impiçmentə məruz qalan prezidentlər olub. Həmin proseslər də ittihamlarla başlayıb. Əlbəttə, Trampın hakimiyyətdən gedəcəyini birbaşa iddia etmək mümkün deyil. Lakin görünən odur ki, Trampa qarşı kampaniya güclənməkdədir. Hazırda Prezidentin əleyhinə müxtəlif kompromatlar toplanılır. Ağ Ev rəhbərinin hakimiyyətdə ola-ola bizneslə məşğul olması da kifayət qədər güclü dəlil hesab olunur. Məsələnin iki tərəfi var, Trampa qarşı atılan addımlar sırf təzyiq xarakteri də daşıya bilər, birbaşa impiçmentə də xidmət edə bilər”. 

Müsahibimiz vurğulayıb ki, kampaniyanın arxasında təkcə seçkidə məğlub olmuş Demokratlar yox, Prezidentin təmsil etdiyi Respublikaçıların nümayəndəsi də durur: "Partiya daxilində Trampdan narazı olan şəxslər var”.

İsmayıl