Rəqabət nə qədər çox olsa, qiymətlər də həmin şəraitə uyğun formalaşacaq
Türkiyə loukosteri "Pegasus Airlines” yaxın zamanda Bakı-Ankara birbaşa reysini işə salmaq niyyətindədir. Şirkətin satış üzrə direktoru Emre Pekesen bildirib. Onun sözlərinə görə, "Pegasus Airlines” Ankaranın hava limanında iyun ayından çalışmağa başlayacaq və hazırda şirkət Ankara və Bakı arasında birbaşa reysin açılması üçün icazənin alınması üzərində işləyir.
E.Pekesen əlavə edib ki, Türkiyə Mülki Aviasiya İdarəsi bu icazəni artıq verib və hazırda şirkət bu icazənin Azərbaycan Mülki Aviasiya İdarəsi tərəfindən verilməsini gözləyir: "Əgər bu icazə vaxtında verilərsə biz Ankara-Bakı reysini bu yay işə salmaq niyyətindəyik və bundan əlavə, biz Bakını Türkiyənin, Avropanın, Rusiyanın, Yaxın Şərqin və Şimali Afrikanın 20-dən artıq şəhərləri ilə birləşdirmək istəyirik”.
Satış üzrə direktor qeyd edib ki, Azərbaycan "Pegasus Airlines” üçün həmişə vacib bazar olub və qalır.
Qeyd edək ki, "Pegasus Airlines” - Türkiyənin aviaşirkətidir və 77 təyyarədən ibarətdir. 2016-cı ildə şirkət 24 milyondan artıq sərnişin daşıyıb.
Sözügedən əməkdaşlığın reallaşacağı təqdirdə ən çox vətəndaşların qazanacağını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, məhz bu səbəbdən də Bakı-Ankara reysinin işə salınması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir:
"Rəqabət nə qədər çox olsa, qiymətlər də həmin şəraitə uyğun formalaşacaq. Bazarda oyunçu çox olanda şirkətlər daha cəlbedici qiymətlərlə müştəriləri özlərinə tərəf çəkməyə çalışacaqlar. Yəni istənilən halda vətəndaşlar udacaq. Müəyyən mənada hava limanı da qazanacaq. Çünki fəaliyyət həyata keçirən şirkət hava limanına ödəniş etməlidir. Sərnişinlərin təhlükəsizliyi baxımdan da sərnişindaşımanı həyata keçirən şirkət rüsum ödəməlidir”.
Ekspertin sözlərinə görə, "Pegasus Airlines”in Bakı-Ankara reysini işə salması Azərbaycanda turizmin inkişafı baxımından da əhəmiyyətlidir: "Ankaradan Azərbaycana alternativ və daha ucuz uçuşların həyata keçirilməsi daha çox turistin Azərbaycana gəlməsinə şərait yarada bilər. Uzun illərdir AZAL-ın apardığı siyasət nəticəsində xarici şirkətlər üçün Azərbaycan bazarında işləmək bir o qədər də sərfəli olmur.
AZAL bazarda yeganə oyunçu, inhisarçı olmaq istəyir ki, qiymətləri də özü diktə eləsin. Təsadüfi deyil ki, ötən il ölkə hava sərnişin daşımalarının 98 faizini AZAL həyata keçirmişdi. Dünyanın heç bir ölkəsində belə bir hal müşahidə olunmur. Qonşu Gürcüstanda 12-dən çox aviaşirkət birbaşa fəaliyyət göstərir. Kifayət qədər rəqabətli mühit var deyə də qiymətlər ucuzdur. Məhz bu səbəbdən də Azərbaycan vətəndaşları çox vaxt Gürcüstan üzərindən xaricə uçuşlar həyata keçirməkdə maraqlı olurlar. AZAL da çalışmalıdır ki, rəqabətli mühitdə fəaliyyət göstərməyi öyrənsin. "Pegasus Airlines” və digər aviaşirkətlərin Azərbaycanla əməkdaşlığından həm vətəndaşlar qazanacaq, həm də tutulan vergilər fonunda dövlət büdcəsi”.
N.Cəfərlinin sözlərinə görə, Türkiyə tərəfindən yüksək səviyyəli müraciət olacağı halda bu məsələ müsbət həllini tapacaq. Yox, əgər hər şey AZAL-ın verdiyi qərarlardan asılı olacaqsa, AZAL bacardığı qədər məsələni uzatmağa çalışacaq. Çünki onun üçün əsas məqsəd bazarda əsas oyunçu olaraq əlavə gəlir əldə etməkdən ibarətdir.
Şəymən