Putin xəbərdarlıq edirsə, demək əlində məlumatlar var

“Bütün MBD ölkələri, o cümlədən Azərbaycan Suriyada gedən prosesləri yaxından izləməlidir”


İŞİD üzvləri Rusiyanın cənub bölgələrində və Orta Asiyada sabitliyi pozmaq üçün yeni planlar hazırlayır. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə çıxışı zamanı deyib.

Putin terror təhlükəsinin başqa regionlara yayılma təhlükəsindən danışıb: "Əfqanıstandan gələn terrorçuların öz əməllərini ölkəmizdə yaymaq cəhdlərinə görə narahatıq. İŞİD qüvvələri ŞƏT ölkələrində də fəaliyyət göstərir. Sankt-Peterburqda təşkil olunan hücumla bağlı istintaq bu reallığı üzə çıxardı”. Ekspertlərin sözlərinə görə, Rusiya dövlət başçısının açıqlaması xüsusi olaraq diqqətə alınmalıdır. 

Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər deyib ki, əgər Rusiya kimi bir dövlətin prezidenti terror xəbərdarlığı edirsə, deməli, əlində kifayət qədər ciddi və təsdiqlənmiş kəşfiyyat məlumatları var: 

"Putin etibarlı məlumat əldə etməsəydi, belə açıqlamalar verməzdi. Ona görə də deyilənlərə ciddi yanaşmaq lazımdır. Terror təşkilatları qlobal bir şəbəkəyə sahibdirlər. Əgər onlar hansısa bir ərazidə və ölkədə sıxışdırılırsa, özləri üçün daha "münbit” bölgələrə yönləndirilirlər. Nəzərə alsaq ki, bu gün həm Əfqanıstanda, həm Suriyada, həm də İraqda terror təşkilatlarına qarşı aktiv mübarizə aparılır, o zaman qruplaşmanın yerdəyişməsi gözləniləndir. Suriyada vuruşan terrorçuların mütləq əksəriyyəti, müxtəlif rəqəmlərə görə, 80 faizi xarici vətəndaşlardır. Onların bir qismi isə MDB ölkələrindən çıxanlardır. Bu baxımdan bütün MBD ölkələri, o cümlədən Azərbaycan Suriyada gedən prosesləri yaxından izləməlidir. Terrorla bağlı təhdid səviyyəsinin artmaqda olduğunu mütləq nəzərə almalıyıq”.

İsmayıl