QMİ-nin din xadimi peşmandır

O, cəmiyyətdən böyük təpki aldı
“Seyidlik məsələsini guya peyğəmbər nəslindən gələnlər kimi ortaya atırlar”

Qafqaz Müsəlmanları İdarəsinin din xadimi Qazı Hacı Mirqiyas Təhməzov tərəfindən Elnur Tağıyev adlı şəxsə verilən "Seyid Ağa” vəsiqəsi cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. İctimaiyyətdə yaranan narazılıqdan sonra mətbuata açıqlama verən Hacı Mirqiyas Təhməzov vəsiqəni özünün verdiyini təsdiq edərək peşman olduğunu söyləyib:

"O oğlan Lənkərandandır, üz-üzə gəlsək, tanımaram. O vaxt məni tapıb, seyid nəslindən olduğunu dedi, bunu camaata sübut etmək üçün bir sənəd verməyimi istədi. Mən dedim ki, bunun üçün ona sənəd lazım deyil, seyid nəslindəndirsə, bunu hamı bilməlidir. Mən bir neçə şahid gətirəcəyi təqdirdə nəsə fikirləşəcəyimi dedim. Dörd şahid gətirdi və mən də onun vəsiqəsinə möhür vurdum”. Qazı vəsiqədəki "21813” sıra nömrələməsinə də münasibət bildirib: "Mən yalnız həmin şəxsin sənədinə möhür vurmuşam. Vəsiqəni özü hazırlayıb və rəqəmi də özü yazıb. Peşmanam, anlayıram ki, düzgün hərəkət etməmişəm. Böyük səhv etmişəm, özümü işə salmışam”. Təhməzov indiyədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib: 

"Bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim, bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşman oldum. Bundan sonra heç vaxt belə bir iş görməyəcəm”. Seyid vəsiqəsini alan Elnur Tağıyevin özü də mediada açıqlama verib. O deyib ki, vəsiqəni internetdə kimin yaydığını bilmir: "Xəbərim yoxdur ki, vəsiqəni kim, necə, nə səbəbə, hansı məqsədlə yayıb. Kim edibsə, tapılacaq və cəzasını çəkəcək”. Vəsiqəni əldə etmək məqsədinə gəldikdə isə Tağıyev bunun üçün bir səbəbə ehtiyac olmadığını deyib: "Vəsiqə almaq üçün bir səbəb olmalıdır ki? Qəribə sual verirsiz. Bu ilk hal deyil, fil qulağında yatmısız”. "Seyid” jurnalistin sonrakı suallarına cavab verməkdən yayınaraq media əhlini təhqir edib: "Cəhənnəm olun, rədd olun. Məni narahat etməyin bir də”. Qalmaqallı məsələyə Qafqaz Müsəlmanları İdarəsi də münasibət bildirib. QMİ rəsmisi bildirib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: "Möhürdən də göründüyü kimi, idarənin yox, qazının öz möhürüdür”. İdarədən məsələnin araşdırılacağı bildirilib və əlavə edilib ki, Hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.

Vəsiqənin fotosu sosial şəbəkədə yayılandan sonra tanınmış simalar da fesybukda "ürək sözlərini” yazıblar. Xəbəri sosial şəbəkədəki səhifəsində paylaşan millət vəkili Qənirə Paşayeva belə bir şərh yazıb: "Deyəcək söz tapmıram... Sadəcə dəhşətdir... Doğrudan da dünyada ən qorxulu şey cəhalətdir. Ona qarşı mübarizəmiz daha da güclü olmalıdır. Allah sənə rəhmət etsin, Mirzə Cəlil”.
Millət vəkili Fazil Mustafanın isə vəsiqəyə münasibəti belə olub: "Bu, cəmiyyətin alt qatlarında ictimai şüurun nə dərəcədə gerilikçi olmasının bir sübutudur. Adama vəsiqə verilib ki, həqiqətən seyiddir. Yəni istənilən vətəndaşdan nəzir yığma hüququna sahibdir. Təqribən ovçu vəsiqəsi kimi bir şeydir. Sadəcə burada başıboş, cahil, nadan insanları ovlamaq hüququndan söhbət gedir. 21-ci əsrin Azərbaycanı həm də budur”. Fazil Mustafa bildirib ki, kiminsə həqiqi seyid olması və ya olmaması cəmiyyəti maraqlandırmır: "Söhbət verilən sənədin hüquqa zidd olmasından gedir. Azərbaycan qanunvericiliyində seyid adlı titul olmadığı halda belə bir vəsiqənin verilməsi xüsusi imtiyaz tanıma mənasına gəlir. O zaman kiməsə vəsiqə veriləcək ki, bu adam həqiqi dindardır, hacıdır, məşədidir, kərbəlayidir və s. Yeri gəlmişkən, İranda Məşədi ziyarət edənlərə də məşədi olduğu barədə sənəd verirlər. Bunlar islam dininin mahiyyətinə tamamilə ziddir”.

QMİ sədri Hacı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə hər hansı vətəndaşa seyidlik vəsiqəsinin verilməsinin yolverilməz olduğunu deyib: "Normal din adamı kiməsə seyidlik vəsiqəsi verə bilməz. Ümumiyyətlə, seyidliyin vəsiqəsi olmur. Bunu edənlər cahil, avam adamlardır. Dinlə heç bir əlaqəsi yoxdur. Bəzi adamlar var ki, başına papaq qoyan, saqqal saxlayan adama "mollalıq vəsiqəsi” verirlər. Bu cür hallar doğru deyil”. Şeyxin qardaşı Hacı Mirqiyas Təhməzovun sözügedən hərəkətinə görə cəzalandırılacağını da istisna etməyib: "Fakt aşkar olunarsa, yəqin ki, həmin adam işində verdiyi nöqsana görə, vəzifəsindən çıxarılacaq”.

İsmayıl