Bir məzar daşına bir neçə nəfərin şəklinin vurulması cahillikdir
“İnsanların şöhrətpərəstliyi o qədər gözlərini tutub ki, onlar ölən yaxınlarının belə məzarı üzərindən yarışa çıxırlar”
Qəbir daşları ölən şəxsin yerinin müəyyən edilməsi, mütəmadi olaraq yad edilməsi üçün olduqca vacib amillərdəndir. Məzar daşları özlüyündə həm də tariximizi əks etdirir. ARB 24-nin məlumatına görə, Sumqayıtdakı şəhər qəbiristanlığında qəribə vəziyyət yaranıb. Məsələ ondadır ki, buradakı baş daşlarının bəzilərində dünyasını dəyişən şəxslə bərabər digər iki və ya üç nəfərin də şəkilləri həkk olunub. Bu da öz növbəsində sakinlər arasında çaşqınlıq yaradır.
Ölü sahibləri qəbirdəkinin kim olduğunu bilsə də, qıraqdan keçən baxır ona, bilmir ki, ölən ətrafındakılardı, qrupdur, yoxsa bir nəfərdi. İstər-istəməz insanlarda sual doğurur ki, burada 5-6 adam üst-üstə basdırılıb, yoxsa nədir belə? Şəhər sakinlərinin iddiasına görə, qəbiristanlıqda 30-a yaxın bu cür başdaşlarını müşahidə etmək olar. Araşdırmalara görə, bu, əsasən dəfn olunan şəxslərin yaxınlarının istəyi ilə düzəltdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, hazırda bu sahədə xaotik vəziyyət hökm sürür. Həm də belə hallar yalnız Sumqayıtda deyil, digər regionlarda da müşahidə olunur: "Bununla bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Komitədən verilən məlumata görə, layihə qəbul olunduqdan sonra dəfnlər yeni yaradılan, eləcə də mövcud olan bütün qəbiristanlıqlarda vahid qaydada və formada həyata keçiriləcək. Qaydalar qəbul edildikdən sonra heç kim bahalı məzar daşları, heykəl və abidələr qoya bilməyəcək. Qəbiristanlıqların yaradılması, idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qanunla tənzimlənəcək.
Bu kimi halların dini baxımdan məqbul hesab edilmədiyini qeyd edən ilahiyyatçıların fikrincə, bir baş daşında nəinki iki və üç, hətta bir şəklin olması belə düzgün deyil.
"Şərq”ə açıqlamasında islamda ümumiyyətlə, məzar daşı, şəkil kimi anlayışların olmadığını vurğulayan Elşad Mirinin sözlərinə görə, bütün bu adətlər sonradan ortaya çıxıb: "İnsanların hansı məqsədlə bir məzar daşına bir neçə nəfərin şəklini vurmasının dəqiq səbəblərini isə deyə bilmərəm. Hər halda özləri bu məsələyə daha yaxşı aydınlıq gətirə bilər”.
Azərbaycanda qəbiristanlıq mədəniyyətinin iflasa uğradığının deyən şərqşünas-alim Seyid Camal Əzimbəyli isə hesab edir ki, insanların şöhrətpərəstliyi o qədər gözlərini tutub ki, onlar ölən yaxınlarının belə məzarı üzərindən yarışa çıxırlar.
İslam mədəniyyəti və islamın gətirdiyi qayda-qanunların bir çox şəxslər tərəfindən gözardı edildiyini vurğulayan S.C.Əzimbəyli bu cür halların biabırçılıq olduğunu deyib. Dini Qurumlar üzrə Dövlət Komitəsinin təklifi ilə qəbiristanlıqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanun layihəsinin hazırlandığını xatırladan şərqşünasa görə, paralel olaraq da maarifləndirmə işi aparılmalıdır:
"Aparıcısı olduğum "İnam” verilişində mən çalışıram ki, cəmiyyəti bu cür stereotiplərdən uzaqlaşdırım. Ancaq şöhrətpərəstlik insanların qanına hopduğundan yeganə yol onlarda iman hisslərinin
möhkəmləndirilməsidir. Hesab edirəm ki, bu cür addımlar ölkəmizin imicinə mənfi təsir edir və bizi gülüş obyektinə çevirir. Ona görə də, mümkün qədər qarşısı alınmalıdır”.
Şəymən