2-3 dəqiqə azan səsi heç kimi narahat edə bilməz

Azan İslam aləmində, ümumiyyətlə, müsəlman ölkələrində insanları xeyirə, vəhdətə doğru aparır. Onun sözlərinə görə, QHT sədrinin səsləndirdiyi fikirlər mənəvi olaraq qəbulolunmazdır


"Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın sosial şəbəkədə azanla bağlı yazmış olduğu status ciddi müzakirələrə səbəb olub. Birlik sədri gecə vaxtı azan səsi eşitmək istəmədiyini deyib:

"Kim nə deyir desin, mən gecəyarı mikrofonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarım xəstə etməlidir ki? Uşaq yatızdırmaq asandır bəyəm?”.

Qeyd edək ki, QHT sədrinin bu fikirləri bir qrup insanlar tərəfindən birmənalı qarşılanmayıb. Statusu müzakirə edənlərin əksəriyyəti onu tənqid etsə də, baş verənləri normal qarşılayanlar da oldu. Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən din xadimləri də B.Tağıyevanın səsləndirdiyi fikirlərin yanlış olduğunu düşünürlər.

İlahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, azan İslam aləmində, ümumiyyətlə, müsəlman ölkələrində insanları xeyirə, vəhdətə doğru aparır. Onun sözlərinə görə, QHT sədrinin səsləndirdiyi fikirlər mənəvi olaraq qəbulolunmazdır: 

"Azan zamanı Allah-təala bütün duaları qəbul edir. Hətta bir insan namaz qılmasa belə, yenə də o, azan zamanı Allahdan hər nə istəsə, duaları qəbul olar. Çünki hədis və rəvayətlərdə var ki, duaların istisnasız olaraq qəbul olunan vaxtlarından biri məhz azan səslənən zamandır. Əgər hansısa insanın problemi və ya evdə xəstəsi varsa, həmin insan üçün böyük bir fürsətdir ki, azan səsini dinləsin və bu zaman Allahdan xəstəsi üçün şəfa diləsin.

Düşünürəm ki, belə fikirlərin səslənməsi geri qalmışlıqdan, savadsızlıqdan irəli gəlir. Bəli, islamda bəzi hədlər var. Məsələn, kimisə incitmək və laqeyd yanaşmaq olmaz, amma bu o demək deyil ki, müsəlman ölkələrində və yaxud hər hansı bir yerdə azan səsləri eşidilməsin. Azan insanları xeyirə və vacib əmələ dəvət edir. Azanın kəlmələrindən də bəllidir - Allah-təala buyurur ki, çalışın xeyir işlərə, rəhmət və mərhəmətə tələsin. Ona görə də belə bir fikir səsləndirmək kiminsə şəxsi düşüncəsidir.
 
B.Tağıyevanın azana qarşı olan reaksiyası məhz uşağın xəstəliyi və narahatçılığı üçün deyil. Həmin 
şəxs azanı düzgün formada anlamır, islama və dinə münasibəti düzgün olmadığı təqdirdə belə məsələlər meydana gəlir. Tək ölkəmizdə deyil, görürsən ki, digər islam ölkələrində inamsızlıq göstərən bir insan ortaya çıxacaq və belə iddialar səsləndirəcək. Təbii ki, belə iddialar qəbuledilməzdir. Bu insan öz həqiqətini tapsa, azanın səsindən rahatlanacaq. Azan Allahın bəndələrinə çatdırdığı bir səsdir. Şəxsən özüm bir neçə şəxsdən eşitmişəm ki, müqəddəs səsi eşidəndə rahatlaşırlar. Hətta evdə ağlayan uşaq üçün azan səsi qoysaq, bu zaman sakitləşər və yatar. Lakin bəzi insanlar mahiyyət və həqiqətdən uzaqdırlar deyə belə iddialar irəli sürürlər. Təbii ki, bu iddialar da olduqca yanlışdır”.

İlahiyyatçı Hacı Şahin Həsənli isə qeyd edib ki, azan səsi bütün müsəlman ölkələrində insanları namaza dəvət olaraq verilir. Və bu səs heç kəs üçün problem yaratmalı deyil: 

"Ümumiyyətlə, azan səsi cəmi 2-3 dəqiqə davam edir. Bu gün məscidlərdə azan çox aşağı səslə verilir və insanların narahatçılığı ilə bağlı məqamlar nəzərə alınır. Avropa ölkələrində belə azan səsi eşitmək olar. Bu səs həm də bizim müsəlman kimliyimizin göstəricisidir. Buna görə də azan səsinə görə narahat olmaq lazım deyil. Əgər bu, saatlarla davam etsəydi, bəli, baş verənləri hansısa şəkildə başa düşmək olardı, amma cəmi 2-3 dəqiqə, özü də aşağı səslə azanın verilməsi, məncə, narahatlığa səbəb olmalı deyil”.

Yeganə Bayramova