Təhlükə hələ qalır

Zəhərlənmə olayında müəmma pərdəsi hələ də qalxmayıb
Viruslar sərhəd tanımır. İçməli suya hansısa mənbə qarışa da bilər

İyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində azyaşlı uşaqlar arasında kütləvi zəhərlənmə hadisəsində müəmma pərdəsi hələ də qalxmayıb. Uşaqların zəhərləndiyi məlumdur, amma bu nədən baş verib, bəlli deyil. 

İlkin ehtimal kimi əvvəlcə uşaqların sudan zəhərləndiyi xəbəri yayıldı. Lakin bu versiya "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təkzib edildi. "Azərsu” rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan etdilər. Bu arada isə uşaqlar xəstəxanaya daşınmaqda idi. Say 119-dan 186-ya çatmışdı.


Zəhərlənmə, əvvəlcə mövsümə "bağlandı”

"Sumqayıtda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqlardan 50 nəfər müalicəsini davam etdirir”.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin Modern.az-a bildirdiyinə görə, uşaqlarda işləmə və qusma mövsümlə əlaqəlidir:
"Havaların isti olması ilə bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlar tut, gilas yeyib, üstündən soyuq su içdiklərini deyir. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümi xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər”.
N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib.
"Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Onların həyatı üçün heç bir təhlükə yoxdur”.

"Azərsu” təkzib etdi

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib. Bu barədə Trend-ə "Azərsu” ASC-dən məlumat verilib.
Bu hadisə ilə əlaqədar "Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb.
Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də "Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirib, müxtəlif ünvanlardan su nümunələri götürüb və müqayisəli yoxlanılması üçün hər 2 qurumun laboratoriyasına təqdim olunub. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Onu da qeyd edək ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb.
"Azərsu” ASC bir daha bəyan edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur.

Baş pediatr: "Sumqayıtda su xəttinə hansısa mənbədən çirkab qarışdığı ehtimal olunur”

"Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən çirkab qarışır”.
APA-nın xəbərinə görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargahın yaradıldığını deyən N. Quliyev qeyd edib ki, indiyədək qərargaha 136 müraciət olub: "Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb.
Bununla bağlı Xudatdan gələn Şollar su xəttində "Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlıdır, törədici isə "rotavirus”lardır. Bu virus dünyanın hər yerində yayılıb, böyüklər və kiçiklərdə bu xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. Uşaqlar bu xəstəliyə daha çox həssasdırlar. Çünki yaşlılar həyatlarında bir və ya bir neçə dəfə bu xəstəliklə rastlaşdığı üçün immunitet formalaşır. Bir nəfər də olsun, ağırlaşma hadisəsi yoxdur. Yaxın günlərdə prosesi tamam dayandırıb, sonuna çatdıracağıq”.
Baş pediatr "Rotavirus”un dünyada geniş yayılmış xəstəlik olduğunu deyib: "Bəzi ölkələrdə bu xəstəliyə qarşı peyvənd aparılır”.
N. Quliyev deyib ki, uşaqlara çiy su vermək olmaz: "Ölkədə kifayət qədər təmizlənmiş su satılır, yaxud suyu qaynatdıqdan sonra uşağa vermək lazımdır. Yay mövsümündə qidalarla bağlı zəhərlənmələr ola bilər. Bunun qarşısını almaq üçün uşaqların qidalanması, davranışına, günün altında qalmamasına, su prossedurlarına riayət etməklə bağlı bütün tədbirləri yerinə yetirsinlər”.
Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov bildirib ki, "rotavirus”un su vasitəsilə yayıldığını nəzərə alaraq, problemin su paylayıcı şəbəkədəki nöqsanlarla bağlı olduğu demək olar. O, məsələnin araşdırıldığını diqqətə çatdırıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev suyun hansı şəraitdə çirklənməsi məlum olmadığını bildirib: "Ərazidə vətəndaşların istifadə etdiyi sulardan və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğruluğunu göstərdi. Müayinələrin nəticələri göstərdi ki, hadisə çirklənmiş sudan baş verib”.

İşbazlar da işə keçdi...

Sumqayıtdakı kütləvi zəhərlənmə hadisəsi baş verdikdən qısa müddət sonra sosial şəbəkələrdə "çiy, təmizlənməmiş su içməyin, təmiz, sterilizə olunmuş sulardan alın, su filtrlərindən istifadə edin” mesajları yayılmağa başlayıb. Zəhərlənmənin əhatə etdiyi arealda yerləşən marketlərə əhali axın edib və qısa zamanda marketlərdə plastik qablardakı "saf”, "təmiz” suların satışı rekord vurub. Sular da satılıb qurtarıb, su filtrləri də. Ajiotaj bitdikdən sonra isə soyuq başlara belə fikir gəlib; bəlkə bu mesajlar bilərəkdən yayılıb ki, su satışı canlansın, satılmayan mallar satılsın?!
Sosial şəbəkə istifadəçiləri də mövzu ətrafında paylaşımlar edib:
"Bəlkə zəhərlənmə Sumqayıt-Saray-Ceyranbatan-Tağıyevdə yayımlanan hansısa uşaq məhsulundandır? Səsi yazan isə həmin məhsulun iz azdıran istehsalçısı. Axı bu ərazilərdə həm Şollar, həm də Ceyranbatandan su gəlir... Bazar iqtisadiyyatında marketinqlə məşğul olan adamın ağlına hər şey gəlir”.
Aytən Səfərəliyeva-Qurbanova:
- Nəsə mənim "qıdığım” gəldi ilk bu xəbəri eşidən kimi.
Xanım Cavadova:
- Mən su variantına inanmıram. Hansısa məhsul variantı daha inandırıcıdır.
Səbinə İzzətli:
- Məncə də nəsə iz itirirlər, istənilən halda suyu çiy içməsək yaxşıdır. Çünki çox evdə krant suyu texniki sudur və qaynadılmış (ölü su) içmək ondan xeyirlidir.

Daxili İşlər Nazirliyi də...

Sumqayıt şəhəri, H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktını şərh edən, "WhatsApp” sosial şəbəkəsi vasitəsilə vətəndaşlar arasında ajiotajın yaranmasına səbəb olan xanımın kimliyini Daxili İşlər Nazirliyi araşdıracaq.
Xanımın yaydığı mesajın məzmunu belə idi;
"Sizə bir məlumat verim. İndi mama mənə dedi. Özü verə bilmir, çünki meqabaytı yoxdur, işdədir. Balnitsalar doludur xəstələrlə. İnfeksionnu zad, bütün hamısı Bakı, Sumqayıt çəkilişdədir. Suya nəsə qatılıb, heç biriniz çiy su içməyin. Ancaq qaynadılmış sudan istifadə eliyin. Bilinmir kanalizasiya qatılıb, yoxsa təxribatdır. Balnitsalar doludur. Nədirsə, yer yoxdur. Nasosnudan 100 nəfər ailəli, uşaqlı hamını yığıb töküblər ora. Hələ mama deyir "gəlməkdə davam eliyir, hay ver hamıya, qoy hamı bilsin”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev məsələ ilə bağlı Modern.az-a deyib ki, şəxsin kimliyi araşdırılacaq:
"Onun kimliyinin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət olunacağı təqdirdə müvafiq araşdırma aparılacaq”.

Uşaq orqanizmi həssasdır, ona görə də...

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında zəhərlənmənin məhz uşaqları əhatə etməsini uşaq orqanizminin həssaslığı ilə əlaqəli olduğunu söylədi:
- Elə bakterial ştamlar var ki, əsasən uşaqlara təsir edir. Məsələn, bir də görürsən, ailədə qida zəhərlənməsi faktı baş verib, uşaqlar zəhərlənib, böyüklər yox. Sumqayıtdakı zəhərlənmə hadisəsi şəxsən mənim üçün də qaranlıqdır. Ən yaxşı halda Gigiyena və Epidemiologiya Mərkəzinin cavabını gözləməliyik. Analizlərin nəticəsi bəlli olduqdan sonra zəhərlənmənin nədən baş verdiyi bilinəcək.
Ş.Məmmədov zəhərlənmənin bağırsaq infeksiyalarından, qidadan baş verə biləcəyini istisna etmədi:
- Zəhərlənmə qidadan da ola bilər, müxtəlif məişət tullantılarından da. Hazırda yay mövsümüdür. Görürük ki, qidalar açıq havada, birbaşa günəş şüaları ilə təmas halında satışdadır. Yay mövsümündə yağlı, kremli, mayonezli, qızarma qidalar nəinki uşaq orqanizminə, böyüklərə də ziyandır. Amma təəssüf ki, bəzi valideynlər məsuliyyətsizdir. Ərindiklərindən uşaqları evdə normal qidalandırmırlar. Küçədə satılan peraşkilərdən, dönərdən alıb verirlər uşağa. Mayonezin açıq havada 15-20 dəqiqə qalması bakterioloji çirklənmə üçün kifayətdir. Tort, müxtəlif yağlı, kremli şirniyyatlar da həmçinin, tez xarab olan, tərkibində dəyişiklik gedən qidalara aiddir. Xüsusilə uşaqlara, həm də isti havalarda belə qidalar verilməməlidir. Yay mövsümüdür, meyvə-tərəvəz bolluğudur. Uşaqlara meyvə-tərəvəz yedirmək lazımdır, amma biz hər dəfə israrla məsləhət veririk ki, meyvə-tərəvəz ciddi şəkildə yuyulmalıdır. Bazarda uşaqların əlinə piştaxtadan meyvə verməyin. Meyvələrin üzərində milyonlarla bakteriya var. Meyvə-tərəvəz ev şəraitində su ilə təmiz-təmiz yuyulmalı, sonra yeyilməlidir. Soyuq su içmək olmaz. Soyuq su mədəni incidir, qarın ağrısı verir. Uşaqlara ilıq, süzülmüş su verin.

"İçməli suya hansısa mənbə qarışa bilər...”

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla baş vermiş hadisənin ciddi araşdırma tələb etdiyini söylədi:
- Bu, ciddi narahatlıq doğuran hadisədir. Səhiyyə Nazirliyi zəhərlənməyə səbəb olmuş virusun adını açıqladı. Deməli, təhlükə qalmaqdadır. Çünki viruslar sərhəd tanımır. İçməli suya hansısa mənbə qarışa da bilər. Burada təkcə Səhiyyə Nazirliyi, "Azərsu” ASC deyil, bütün dövlət qurumları - Baytarlıq İdarəsindən başlamış, Dövlət Təhlükəsizliyi Xidmətinədək araşdırma aparmalıdırlar və birgə bəyanatla çıxış etməlidirlər. Çünki suallar çoxdur. Zəhərlənmə niyə məhz uşaqları əhatə edib və niyə bir arealda yayılıb? Qida zəhərlənməsidirsə, nədən baş verdiyi bilinməlidir. Virus mənşəli zəhərlənmədirsə, həmçinin ciddi təhqiqata ehtiyac var.


Məlahət Rzayeva