Kişilərin çoxu qısqancdır, hamısı arvadını öldürür?

Sosioloq iddia edir ki, ətrafda indi hamı aqressivdir
“Elə bil insanlar biri-birinə nifrət edir, acıqlanır, əsəbini kimdənsə çıxmaq istəyir”

Mingəçevir rayonunda "Laska” ləqəbli qanuni oğrunun həyat yoldaşı və iki azyaşlı övladını öldürməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. 57 yaşlı Lazım Hüseynov öncə 33 yaşlı həyat yoldaşı Aynurə Hüseynovanı avtomat silahla qətlə yetirib. Daha sonra iki az yaşlı övladı - oğlu 2-ci sinif şagirdi 9 yaşlı Hüseyni və 5 yaşlı qızı Mədinəxanımı çoxsaylı bıçaq zərbələri ilə amansızcasına öldürüb.

Lazım Hüseynov səhər saatlarında özü hüquq-mühafizə orqanlarına könüllü təslim olub və ilkin ifadəsində cinayəti boynuna alıb. Dərhal hadisə yerinə Mingəçevir şəhəri polis idarəsi və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı oradan avtomat gilizləri aşkar olunaraq götürülüb. Avtomat və uşaq qanına bulaşıq bıçağın yeri sonradan əməliyyatçılar tərəfindən müəyyən edilərək götürüb.
Mingəçevir şəhər prokurorunun böyük köməkçisi Elnur Səmədovun sözlərinə görə, qısqanclıq zəminində həyat yoldaşından şübhələndiyini, başqa şəxs və ya şəxslərlə münasibətdə olduğundan öldürüb: "Ehtimal olunur ki, yəqin ki, şübhələnir, uşaqlar da özündən deyil, çox güman ki, o məqsədlə ilkin ifadəsi hazırda odur. İlkin ifadəsində bildirdiyinə görə, 1992-ci ildə Qarabağ müharibəsi iştirakçısı olub. Elə silahı həmin vaxtdan özündə saxlayıb. Biz hadisə yerindən 4 ədəd giliz içidolu daraq tapmışıq. Hazırda o istiqamətdə tədbirlər davam etdirilir”.

"Şərq”ə açıqlamasında ailədaxili qətllər qədər onu sarsıdan, üzən xəbərlərin olmadığını vurğulayan sosioloq-jurnalist Lalə Mehralı deyib ki, atanın öz övladına, həyat yoldaşına qıyması, onların canını ən dəhşətli formada almasına dair yayılan faktlar inanılmaz dərəcədə dəhşətlidir:

 "Şəxsən mənim üçün bu cür hadisələr ifadə edilməyəcək qədər üzücüdür. Bir ata, yaradanın ən mükəmməl əsəri adlandırılan insan bu vəhşiliyi necə rəva görər öz qanından, canından olan balasına? Bu cür hadisələr olanda öldürənin ya narkotik aludəçisi olduğunu iddia edir, ya alkoqolun təsiri altında olduğunu deyir, ya da psixoloji problemi olduğunu iddia edirlər. Narkoman, alkoqolik, psixoloji problemi olanlar niyə cəmiyyətdə rahatca gəzib-dolaşır? Onların yeri müalicə mərkəzləri, dispanserlərdir”.

Lalə xanımın sözlərinə görə, səbəbi hər nə olursa olsun, heç bir bəhanə bu cür vəhşiliyə haqq qazandırmaz: 

"Təəssüflə qeyd edirəm ki, bu cür hallarda qadınlar öncəgörən olmur, bir yastığa baş qoyduğu insanın xarakterini bildiyi halda onun ziddinə hərəkət edə bilirlər. Qısqanan kişi bir o deyil, bizim milli kişilərin əksəriyyəti qısqancdır, amma hamısı arvadını öldürür? Demək ki, qısqanc biri olub, amma eyni zamanda psixikasında problem olan biri olub. Qısqandığı, əsəbləşdiyi vaxt o xarakterin altında yatan psixi problemlər oyanıb, qətl törədib. 

Üstəlik, arvadını öldürməklə hirsi soyumayıb, övladlarını da öldürüb. Bu ən ağıllı canlı sayılan insan üçün ifadə edə bilməyəcəyim qədər dəhşətli hərəkətdir. Bəzilərimiz övladımızın ayağına toz belə dəyməsin deyə özümüzü fəda edirik, amma bəzilərimiz övladımızın boğazını kəsirik. Və nəticədə ikimizə də valideyn deyilir. Nə qədər ədalətsizdir, elə deyil?


Qəsdən qətlə yetirməyə görə 20-25 il azadlıqdan məhrum edilənlər var, çıxır həbsdən, 1 aydan sonra yenə qətl törədir. Bu, insan psixologiyasının qaydasında olmadığının göstəricisidir, onu bir də həbsə atırlar, amma heç müalicəsi ilə məşğul olmurlar. Əgər həbsdə ölməsə, çıxan kimi birini də öldürəcək.
Ümumiyyətlə, ətrafda hamı aqressivdir.

 Kimə söz deyirsən, səni təhqir edir. Tənqid etdiyin biri sənə böhtan atır, aqressiyasını o cür çıxarır. Başqaları ilə mədəni müzakirə aparmaq olmur, sonu dava, söyüşlə nəticələnir. Elə bil insanlar biri-birinə nifrət edir, acıqlanır, əsəbini kimdənsə çıxmaq istəyir. Ətrafımızda əsəbdən, aqressiyadan divar hörülüb”.

Şəymən