Gözəl xanım oğurluqla məşğuldursa, lap pisdir

Cinayət edən şəxs çirkin də ola bilər, gözəl də. Lakin bu o demək deyil ki, həmin şəxs məsuliyyətdən yayınmalıdır


Bir neçə gün öncə sevgilisi ilə birlikdə oğurluqda ittiham olunan qız gözəlliyi ilə hər kəsin dilinə düşüb. İnsanlar gənc və gözəl qızın belə çirkin əməl üstündə yaxalanmasına heyifslənir, bu əməlin onun simasına yaraşmadığını deyirlər.

Hətta məsələ ilə bağlı sosial şəbəkələrdə də dərin müzakirələr olub. Bəziləri sırf xarici görünüşünə görə qızın cinayətə cəlb edilməyinə qarşı çıxıblar. Lakin belə təklifin irəli sürülməsi ilə razılaşmayanalar da olub. Bir qrup insanlar gözəlliyin baş verən hadisəyə heç bir dəxli olmadığını söyləyiblər.
Bəs ictimai şəxslər məsələ ilə bağlı hansı fikirdədir? Gözəldir deyə insanların oğurluq edən xanımın məsuliyyətdən azad olunmasına dair fikirlər səsləndirməsi nə dərəcədə düzgündür?


Sosioloq Əhməd Qəşəmoğlu deyib ki, baş verən hadisədə birmənalı olaraq qanunun aliliyindən danışmaq lazımdır. Onun sözlərinə görə, qanun-qayda hər kəs üçün eyni olmalıdır. Cinayət edən şəxs çirkin də ola bilər, gözəl də. Lakin bu o demək deyil ki, həmin şəxs məsuliyyətdən yayınmalıdır: "Qanun qarşısında xarici görünüşün heç bir dəxli yoxdur. Gözəl xanımdırsa, deməli, onun başqa bir işlə məşğul olmaq - təhsil almaq, hansısa sənətlə məşğul olmaq imkanları olardı. Yəqin gəncdir, yaraşıqlıdır. Gəncliyindən, gözəlliyindən istifadə edərək özü üçün hər hansı bir iş qurmayıbsa və oğurluqla məşğuldursa, bu olduqca pisdir. 

Bir var ki, əlil olasan və heç bir iş görə bilməyəsən, bir də var ki, əl-ayağın yerindədir və sən gedib oğurluq edirsən. Amma burda ikinci bir tərəf də ola bilər. Bəlkə o, oğurluq etmək istəməyib, sevgilisi deyilən adam onu məcbur edib. Məsələdə incə məqamlar çoxdur, ona görə dəqiq söyləmək olmur. Lakin konkret olaraq xarici görünüşün baş verənlərə heç bir aidiyyəti yoxdur. Bu nə dinimizdə, nə də qanunvericiliyimizdə var”.

Məlumat üçün qeyd edək ki, əslən Şəmkir rayonundan olan Səidə Kərimovanın 23 yaşı var. O, cinayəti sevgilisi İsrafil Hüseynovla birgə törədib. 

Onlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və "Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tuta bilib. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.

Maraqlısı isə budur ki, cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.

Yeganə Bayramova