QHT və media münasibətləri inkişaf etməkdədir

“Bəzən jurnalistlərin bir qismi düşünürlər ki, QHT-lər özləri üçün işləyir və faydalanırlar”


(Əvvəli ötən sayımızda)

Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir.

Bunlarsız hansısa ciddi uğura imza atmaq, dayanıqlı inkişafa nail olmaq və bundan çıxış edərək cəmiyyətə fayda vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq, demək olar ki, qeyri-mümkündür. Mədəni, milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması, onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə çatdırılması vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının zamanın tələblərinə cavab verəcək səviyyədə QHT-lərin timsalında təbliğ olunması vacib məsələlərdən biridir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda ölkədə demokratiyanın əsas göstəricilərindən biri hesab olunur. Bu sahənin formalaşması və inkişafında qanunvericiliklə yanaşı, mühüm və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, ölkənin demokratikləşməsində də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı var. Əhəmiyyətini nəzərə alaraq vətəndaş cəmiyyətinin inkişafında medianın roluyla bağlı araşdırma aparmağı qərara aldıq.

Görəsən, əslində QHT-lərin ictimai əlaqələrinin genişləndirilməsində medianın rolu hansı səviyyədədir?

Vətəndaş cəmiyyətində medianın rolunun danılmaz olduğunu vurğulayan "Azxəbər.com” saytının həmtəsisçisi Əfsələddin Ağalarovun sözlərinə görə, hansısa bir QHT həyata keçirdiyi layihəni geniş kütləyə çatdırmaq üçün medianın imkanlarından yararlanmaq ehtiyacı duyur: 

"Azərbaycanda saysız qeyri-hökumət təşkilatları olduğunu qeyd edən həmkarımız əksəriyyətinin fəaliyyətinin görünmədiyini deyib. Hansısa vətəndaş cəmiyyətinin icra etdiyi layihələr kütləvi informasiya vasitələrində işıqlandırılmadığı üçün cəmiyyət onların fəaliyyətini qeyri-kafi hesab edir. Media ilə əlaqələrini düzgün şəkildə qura bilən vətəndaş cəmiyyətlərinin isə bütün fəaliyyəti göz önündə olur. Hətta Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu və Gənclər Fondu kimi donor təşkilatlar da QHT-lər üzərlərinə əsas şərt kimi onların icra elədiyi layihələrin mediada işıqlandırılmasını qoyurlar. Bu isə təsadüfi deyil. Çünki media orqanları vasitəsilə cəmiyyətdə təbliğ olunmayan layihələrin effektivliyi sual altında qalır. Ona görə də QHT-lər media əlaqələrini düzgün və məntiqli formada qurmaqda maraqlı olmalıdırlar”.

"Avropa.info” xəbər saytının direktoru Ruslan Bəşirli də vətəndaş cəmiyyəti və media əməkdaşlığının qaçılmaz olduğunu deyib:

"Hər iki sahə bir-birləri ilə münasibətlərin normal qurulmasında maraqlıdırlar. Lakin bir çox hallarda QHT-lər media ilə əməkdaşlığı yalnız press-reliz göndərməklə bitmiş hesab edirlər. Güman edirəm ki, QHT və KİV rəhbərləri əməkdaşlıqla bağlı xüsusi seminar keçirə bilərlər və bu, işin xeyrinə olardı”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov vətəndaş cəmiyyətinin azad insanların könüllü birliklərinin təmənnasız fəaliyyət göstərərək ictimai həmrəylik ifadə edən təşkilatlarının məcmusu olduğunu deyib. Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu və inkişafının birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan həmkarımız hesab edir ki, QHT-lər də məhz ulu öndərin həyata keçirdiyi hüquqi islahatların tətbiqi nəticəsində möhkəmlənib və inkişaf edib: 

"Azərbaycan Respublikası Administrasiyasının ictimai məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” adlı məqalələr toplusu kitabına yazdığı ön sözdə QHT-lərin yaranma prosesini təhlil edərkən də qeyd edir ki, 90-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətə yiyələnmiş siyasi qrupun təmsil olunduğu dövlət strukturları ictimai tələbatı qarşılamağa hazır deyildilər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkənin başqa sahələrində olduğu kimi, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də dönüş yaranıb. Ulu öndər insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə zəmanəyə və dəbə uyğunlaşmaq vasitəsi kimi deyil, qarşıya çıxan problemlərə cəmiyyətin adekvat reaksiya verə bilmək qabiliyyətinin artırılması mexanizmi kimi baxırdı. Onun bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında bu normalar təsbit olundu və bununla da Azərbaycanda QHT sektorunun inkişafı üçün münbit şərait yaranıb.

Azərbaycan Prezidenti İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətinin ilk dövründən başlayaraq iqtisadi və siyasi istiqamətlərdə iradə nümayiş etdirdi. Məhz hörmətli Prezidentimizin dəstəyi, təşəbbüsü və tövsiyəsi ilə QHT-lərə dövlət dəstəyinin əsas prinsip və istiqamətlərini müəyyənləşdirən sənəd hazırlandı və dövlət başçısı tərəfindən təsdiq edilib. "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” adlanan bu sənədə uyğun olaraq, 2007-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaranıb. Düşünürəm ki, Şura üzərinə düşən missiyanı uğurla yerinə yetirir və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında öz layiqli yerini tapması üçün böyük iş görür. Hər il yüzlərlə QHT-nin ictimai maraqlar naminə, vətəndaş cəmiyyətinin inkişafı məqsədilə irəli sürdüyü ideya, təkliflər diqqətlə öyrənilir, aktual layihələr dəstəklənir. Şuranın qısa müddət ərzində əldə etdiyi müsbət təcrübəni nəzərə alaraq 2009-cu ildə vətəndaş cəmiyyətinin başqa bir mühüm institutu olan kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsini həyata keçirən qurum - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib.
Azərbaycan dövləti bu gün QHT-lərlə hərtərəfli əməkdaşlıq edir, qərarların qəbulu, sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradır”.

Bütün bunlar fonunda M.Gülməmmədov QHT fəaliyyətinin tamam qüsursuz olduğunu qeyd etmək üçün hələ tez olduğunu deyib. Onun sözlərinə görə, bir sıra QHT-lər siyasi dairələrin təsirinə məruz qalaraq insan hüquqları, azadlıq və demokratiya prinsipləri müdafiəsi pərdəsi altında Azərbaycanı dünyada gözdən salmaq istəyən qüvvələrlə birgə fəaliyyət göstərirlər:

"Həmçinin bundan başqa respublikamızda Milli Donor İnstitutlarının yaranmasına, özəl sektorun QHT-lərə dəstəyinə ehtiyac var. Belə olarsa, dövlətimizin işi də yüngülləşər. Əslində bu problemin həlli üçün də gözəl imkanlar yaranıb. Transmilli şirkətlərimiz inkişaf etməkdədir. Onlar koorporativ sosial məsuliyyət proqramı çərçivəsində QHT-lərə müəyyən dəstək ola bilərlər. İnanmaq olar ki, 20 illik müstəqillik tariximizdə Azərbaycanda mükəmməl vətəndaş cəmiyyəti institutunun formalaşmasında öz yeri və mövqeyi olmuş QHT-lər bundan sonra da ictimai fəaliyyətlərini daha da genişləndirəcək və məzmunlu edəcək”.

QHT və KİV-lər arasında münasibətlərə gəldikdə isə baş redaktor deyib ki, bu günə kimi KİV-lərlə QHT-lər arasında əməkdaşlıqlar inkişaf etməkdədir. Bəzən jurnalistlərin bir qismi düşünürlər ki, QHT-lər özləri üçün işləyir və faydalanırlar. Bu cür rəy əsasən qərb donorlardan mənfəətlənən cüzi sayda təşkilatların fəaliyyətindən sonra formalaşıb: "Məsələ burasındadır ki, hörmətli jurnalistlərimiz bəzən yenicə fəallaşan təşkilatları da həmin sıraya düzdürür və tələb edirlər ki, QHT-lər layihələri barədə məlumatın yayılması üçün mütləq reklam pulu ödəsinlər. Belə olduqda QHT rəhbərləri layihənin büdcəsində reklam xərcləri nəzərdə tutmadığı üçün və o biri tərəfdən isə qəzet də öz növbəsində layihənin işıqlandırılmasına könülsüz yanaşdığından müəyyən problemlər yaranır. Nəticədə ictimaiyyət məlumatsız qalır, halbuki, bir çox layihələr barədə məlumatlar ictimaiyyətin nəinki məlumatlandırılmasını, həm də təşkilatlandırılmasını, bu və ya digər məsələnin həlli istiqamətində fəallaşmasını nəzərdə tutur. Düşünürəm ki, QHT alyanslarının media rəhbərləri ilə davamlı dialoqu məsələni normal əməkdaşlıq münasibətləri çərçivəsində həll edəcək”.

(Davamı olacaq...)

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb