Aqil Abbas: “Bundan siyasi təzyiq vasitəsi kimi istifadə edirlər”




Milli Məclisin növbədənkənar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb.

Sherg.az xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 143-1-ci maddəsinin adında və dispozisiyasında "metodlarından” sözü "üsullarından” sözü ilə əvəz edilir. Mövcud mətndə göstərilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcburetmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təklif olunan mətndə "metodlarından” sözü "üsullarından” sözü ilə əvəz edilir

Dəyişikliklər "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” 2016-cı il 29 noyabr tarixli qanununun tətbiqi ilə əlaqədar təklif edilir. Belə ki, dopinqə qarşı mübarizə sahəsində mövcud olan normativ hüquqi aktlarda "dopinq vasitələrindən və metodlarından istifadə” anlayışından istifadə edilsə də, bu sahədə yeni normativ hüquqi akt olan "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunda "dopinq vasitələrindən və metodlarından istifadə” anlayışından istifadə edilib. Bunu nəzərə alaraq, Cinayət Məcəlləsinin müvafiq maddəsində dəyişikliklərin edilməsi təklif edilir. "Bədən tərbiyəsi və idman haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklər edilib.

Millət vəkili Aqil Abbas müzakirələr zamanı deyib ki, dopintqdən bəzən təzyiq vasitəsi olaraq istifadə edilir: "Bu daha çox Rusiya ilə bağlı müşahidə olunur. Bir sıra hallarda idmançı çempion olur, amma 10 ildən sonra deyirlər ki, filankəs dopinq qəbul edib. Baxmayaraq ki, yarışa gedəndə idmançılar testdən keçirilir. Demək istəyirəm ki, bəzən dopint məsələsi başqa ölkələrə təzyiq kimi istifadə olunur”.
Sonda hər 3 qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar