Azərbaycan Neft Şirkəti Rusiya ilə razılaşıb?

“Tərəflər müqavilənin uzadılması məsələsi üzərində iş aparırlar”


Rusiyanın "Transneft” şirkəti Bakı-Novorossiysk kəmərini bağlamayacaq. Bu barədə sözügedən şirkətin rəsmi təmsilçisi İqor Demin bildirib.

Onun sözlərinə görə, kəmərin fəaliyyətdə qalması qərarı ARDNŞ-nin neft nəqli müqaviləsinin müddətinin uzadılması barədə etdiyi müraciətlə bağlı verilib: "Biz artıq boru kəmərlərini bağlamağa qərar vermişdik. Amma Azərbaycan tərəfi keçən həftənin sonunda müraciət edərək müddəti 14 fevral 2014-cü ildə bitən müqavilənin vaxtının uzadılmasını xahiş etdi. Hazırda yeni ticari müqavilənin bağlanması üzrə danışıqlar aparırıq”.

İqtisadçı-ekspert İlham Şaban "Şərq”ə bu məsələdə hər iki tərəfin maraqlı olduğunu deyib: "Sözügedən şirkətlər arasındakı vəziyyət heç də gərgin deyil. Ötən ilin ortalarından başlayaraq danışıqlar aparılır. Əsas məsələ odur ki, bu şirkətlər kommersiya baxımdan hər iki tərəfi qane edən məxrəcə gəlməyiblər. Son anda rus şirkəti tərəfindən məsələnin bu cür qoyuluşu ondan xəbər verir ki, prosesləri informasiya müharibəsi səviyyəsində deyil, kommersiya müstəvisində aparmaq istəyirlər. Hazırda tərəflər müqavilənin uzadılması məsələsi üzərində iş aparırlar. Danışıqlarda hər hansı yaxınlıq olarsa, yenə neftimizi sata bilərik. İkinci məsələ odur ki, nəyə görə ARDNŞ maraqlıdır ki, həmin boru kəməri fəaliyyətini davam etdirsin? Dövlət Neft Şirkəti neft tranzitini boru kəmərləri ilə həyata keçirmək istəyir. Amma razılıq əldə olmasa, bu ARDNŞ üçün problem olmayacaq. Bunun üçün digər marşrutlar var”.