Milli sevgililər gününə fərqli münasibət var

Əhməd Qəşəmoğlu, Lalə Mehralı bayramın tərəfdarı, Fazil Mustafa isə əleyhdarıdır


Əksər ölkələrdə beynəlxalq sevgililər günü kimi qeyd olunan 14 fevral tarixi Azərbaycanda hələ də birmənalı qəbul edilmir. Mövzunun ildə iki dəfə gündəmə gəlməsinə rəğmən Azərbaycan cəmiyyətində bu məsələdə yekdil fikir tam formalaşmayıb. Bəziləri sevdiyi şəxsi təbrik etmək üçün Valentin gününü seçsə də, bu günün əcnəbi bayram olduğunu deyərək boykot edənlər də az deyil.

Cəmiyyətin bu kəsimi 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin sevgisini üstün tutaraq, ölkəmizdə 30 iyunun, onların toy gününün milli sevgililər günü kimi qeyd olunmasını daha məqsədəuyğun hesab edirlər. Məhz bu məqsədlə də bir qrup Azərbaycan ziyalısı ölkə başçısına müraciət edib ki, 30 iyun tarixi Azərbaycanda rəsmən Sevgililər günü kimi təsis olunsun. Məktub Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Müraciət edən ziyalıların ortaq qənaətincə, Fərizənin addımı sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilsin. Onu da deyək ki, ictimaiyyət nümayəndələri arasında iki insanın sevgi hisslərini təntənəli şəkildə qeyd etməsi üçün müəyyən bir tarixi günün olmasına ehtiyac görməyən insanlar da var.

Ancaq sosioloqlar Sevgililər gününün 30 iyunda keçirilməsini milli dəyərlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli sayır. Professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır.
14 fevralın bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunmasına təbii yanaşan sosioloq, 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: 

"Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Ətraf aləmdə baş verən neqativ situasiyalarla məhz əsl sevgi vasitəsilə mübarizə aparmaq olar. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Elə bu gün - Sevgililər günündə sevginizi bir daha etiraf etməkdən də”.

Millət vəkili Fazil Mustafa isə nə 14 fevralı, nə də ki 30 iyunu sevgililər günü kimi qeyd etdiyini vurğulayıb:

"Ümumiyyətlə, qadınlar günü, kişilər günü, müəllimlər günü, rabitəçilər günü və s. bu kimi bayramların hamısı mənasız şeylərdir. Sevgililər günü də bu qəbildəndir. Qadınlara hörmət etmək, nəsə bir hədiyyə vermək üçün hər hansı bir günü gözləmək lazım deyil. İnsan həyat yoldaşına, sevdiyi qadına ilin hər günü hörmət etməlidir, istədiyi zaman hədiyyə ala bilər. Ancaq əleyhinə çıxmaq da olmaz. İnsanların seçim azadlığı var və istədikləri günü qeyd edə bilərlər. Biri xəyallar günü uydursa və qeyd etsə, heç kim buna qarşı çıxa bilməz. Əgər bu, ümumi toplumun maraqlarına ziyan vurmursa, başqalarına mane olmursa, qoy eləsin”.

Şair Cəlil Cavanşir isə 30 iyunun sevgililər günü kimi qeyd olunması ideyası ortalığa atıldığı gündən təşəbbüsü dəstəklədiyini qeyd edib. Belə günlərin önəminin çox böyük olduğunu vurğulayan şair hesab edir ki, Azərbaycanda iki günün sevgililərə ayrılmasından narahat olmağa dəyməz: 

"Məncə, 14 fevralın da unudulmasına gərək yoxdur. İldə iki sevgililər günündən bizə ziyan gəlməz”.


Sosioloq- jurnalist Lalə Mehralı da "Şərq”ə açıqlamasında 30 İyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirdiyini bildirib. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər:

"Düzü, rəsmiləşdirmə məsələsində qərarsızam. Axı məntiqlə götürəndə digəri də rəsmi bayram deyil. Biri qanımızdan-canımızdan olan iki həmvətənimizin eşqlərini əbədiləşdirdiyi gündür, 14 fevral isə tanımadığımız, bilmədiyimiz, tarixin gizli qaynaqlarında homoseksual, əxlaqsızlıq yayan biri kimi tanıdılan Valentinin günüdür. Biri məhəbbəti ülviləşdirib, digəri isə nikahsız cinsi əlaqəni yayıb, təbliğ edib. İnsanların öz seçiminə qalıb gerisi, kim ruhuna hansını yaxın bilirsə, o günü qeyd edir. Amma etiraf edək ki, hər kəsin özündə gizli olan bir sevgi günü var - əsl sevgisini, əbədi sevgilisini tapdığı gün, o insan üçün sevgililər günü məhz öz sevgisinə qovuşduğu gündür”.

P.S. Əslində sevib-sevilməyin günü olmaz, yaxud da ürəkdən sevənlər üçün hər gün bayram olar nöqteyi-nəzərindən yanaşsaq, bu müzakirələr bir o qədər də əhəmiyyətli hesab olunmaya bilər. Unutmayın ki, bir kəlmə ürəkdən gələn şirin söz, səmimi baxış elə sevginin özüdür. Bahalı ətir, saysız qızılgül, zinət əşyaları heç bir halda sevginin göstəricisi deyil.

Şəymən