"Universitetlərə qəbul gec-tez vahid imtahan sistemi ilə aparılacaq"- İDDİA

Nabatəli Qulamoğlu: "Vahid imtahana keçirilmə prosesi çox çəkməyəcək"

"Buraxılış və qəbul imtahanlarının ayrılıqda keçirilməsində siyasi komponent var”.

Bunu Sherg.az-a Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin "2 ildən sonra buraxılış imtahanının nəticəsi vacib komponent kimi qəbul imtahanının nəticələrinə daxil olacaq və bu məsələlərdə hələ ki keçid dövründəyik" iddiasını dəyərləndirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. O bildirib ki, məzunlara attestatların buraxılış imtahanları nəticəsində  verilməsi uzun müdətdir qalır: "

"Əslində savadsız məzunlar hazırlayırıq və onlara attestat vermək məcburiyyətindəyik. Attestat verməyəndə ictimai narazılıq pik həddə çatır. Yadınızdadırsa, bir neçə il əvvəl Təhsil Nazirliyinin qarşısında mitinqlər təşkil edilmişdi. Bütün bunlar bir yerdə siyasi komponent təşkil edir.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə deyirlər ki, hələ birdəfəlik vahid imtahan sisteminə keçməyin. Rusiyada vahid imtahan sistemi tətbiq olunub. Bunun müsbət və mənfi cəhətləri var. Vahid imtahanın olması nicat yolu deyil. Amma nəzərə almalıyıq ki, dövlətin buna küllü xərci gedir. Bir buraxılış imtahanını yoxlamaq üçün 3 bunker müəllim nəzarət edir. Onların əməkhaqqı da normal deyil.

Düşünürəm ki, keçid dövrü olsa da, olmasa da gec-tez vahid imtahan sistemi qurulacaq. Dünyanın sivil ölkələrində belədir. Məsələn, Estoniyada da bu sistem var. Buraxılış və dövlət imtahanları ayrı-ayrı vaxtlarda verilir. Lakin bu imtahanın nəticələri arasında fərq demək olar sıfır dərəcədədir. Bizdə isə buraxılış və dövlət imtahanı arasındakı fərq xeyli yüksəkdir. Ona görə, risk edib, vahid imtahana keçmək istəmirlər. Onsuz da buraxılış imtahanı bir növ fiksiyadır. Şagird tam orta məktəbi müvəffəqiyyətlə bitiribsə, orta məktəbdə aldığı qiymətlər əsasında ona attestat verilir. İmtahanın nəticəsinin dəyişəcəyi hal yoxdur. Ona görə, düşünürəm ki, vahid imtahana keçirilmə prosesi çox çəkməyəcək”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin sözlərinə görə 2 ildən sonra buraxılış imtahanının nəticəsi vacib komponent kimi qəbul imtahanının nəticələrinə daxil olacaq. M. Abbaszadə deyib ki, bu məsələlərdə hələ ki, keçid dövründəyik.

Ayyət Əhməd