Bakıda piyada hərəkətinin təşkili pis vəziyyətdədir

“Agentliyin Sovetski ərazisindəki piyada keçidlərində tətbiq etdikləri “sağa bax, sola bax” sözü müəyyən qədər işə yarayacaq”



Bakı Nəqliyyat Agentliyi (BNA) piyada keçidləri ilə bağlı yeniliklərin icrasına başlayıb. Bu barədə agentliyin İctimai əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar - "sağa bax, sola bax” yazılır. Onun sözlərinə görə, ilk olarq "Sovetski layihəsi” çərçivəsində salınan yollarda tətbiq edilən bu yeniliyi gələcəkdə bütün Bakı yollarında görmək mümkün olacaq.

Maraqlıdır, tətbiq edilən yeni layihə piyada keçidləri ilə bağlı problemlərin aradan qalxmasında müsbət nəticə verəcəkmi? 

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov layihənin piyada keçidlərindəki maneələrin aradan qalxmasına şərait yaratdığını söyləsə də, xəbərdaredici yazıların tətbiqini məsələnin köklü şəkildə həll edilməsi üçün yetərli saymır. Ekspertin sözlərinə görə, bu sahədə ciddi maarifləndirmə aparmaq, piyadalara yol hərəkəti mədəniyyətini aşılamaq lazımdır: 

"Piyada keçidləri əsasən iki yerə - küçədən xaric piyada keçidləri və yerüstü piyada keçidlərinə ayrılır. Küçədən xaric piyada keçidləri təhlükəsiz piyada keçidləri sırasındadı. Lakin bu keçid iqtisadi cəhətdən əsaslanırsa, piyada axını çoxdursa, təşkil edilir. Bakı şəhərində nisbətən yeraltı piyada keçidləri azdır. Əsas piyada keçidləri yerüstü piyada keçidləridir. Yerüstü piyada keçidləri də öz növbəsində iki yerə - nizamlanan və nizamlanmayan yerüstü piyada keçidlərinə ayrılır. Nizamlanan keçidlərdə əsasən piyadalar işıqforun göstəricisinə uyğun olaraq üstünlük qaydası ilə həmin yolu keçirlər. Yeni qaydaya əsasən nizamlanmayan yerüstü piyada keçidlərində üstünlük piyadalara verilir. Ancaq üstünlüyün piyadalara verilməsinə baxmayaraq, onlar tam əmin olmalıdırlar ki, yolu keçərkən nəqliyyat vasitəsi onları vurmayacaq. Son zamanlar üstünlük piyadalara verildiyi üçün onlar həddindən artıq özbaşınalıq edirlər, sürücünü saymırlar, yolu qulaqcıqlarla keçirlər. Piyada keçidindən keçmək üçün xüsusi sürət var. Nə qaça-qaça, nə də yavaş şəkildə keçmək olar”.

F.Eyyubov piyadalar və onların maariflənməsi ilə bağlı müvafiq bir qurumun yaradılmasının zəruri olduğunu da diqqətə çatdırıb: 

"Agentliyin Sovetski ərazisindəki piyada keçidlərində tətbiq etdikləri "sağa bax, sola bax” sözü müəyyən qədər işə yarayacaq. Lakin düşünürəm ki, piyadaların yolu düzgün keçməsi üçün vərdişlər lazımdır. Necə ki, "Asan könüllülər” və ya "idman könüllüləri” var, həmçinin piyadalarla bağlı da "piyada könüllüləri” yaradılmalıdır. Həmin qurum universitetlərdə, orta məktəblərdə ola bilər. Bu qurum piyadalara yolu düzgün keçməkdə kömək etməlidir.

Bakı şəhərində piyada keçidləri düzgün tərtib olunmayıb. Piyadaların axınlarının harada olduğunu tədqiq etməli və ona uyğun yollarda keçidlər olmalıdır. Bu olduqca dərin məsələdir. Ümumiyyətlə, Bakı şəhərində piyada hərəkətinin təşkili pis vəziyyətdədir. Çünki paytaxtda sürətli yollar var. Məsələn, Z.Bünyadov, H.Əliyev və Zığ şossesi var ki, bu yollardan da insanlar keçməlidir. İlk növbədə hər bir insan özü məsuliyyətli olmalı, yoldan keçəndə əminlik hiss eləməlidir ki, mən yoldan sağ-salamat keçəcəm, ya yox?. Elə adamlar var ki, yeraltı piyada keçidi ola-ola yolu təhlükəli şəkildə keçirlər. Ümumilikdə bu problemin həlli ilk olaraq piyadaların davranışı və mədəniyyətindən asılıdır”.

Yeganə Bayramova