ARI, ƏQRƏB, İLAN sancması zamanı ilkin yardım... - OXUYUN !
Yaz və yay aylarında yaşıllıqlar içərisində pikniklər, dənizdə xoş vaxtlar, səfərlər çox insan üçün kabusa çevrilə bilir. Sıxlıqla qarşılaşdığımız həşərat, arı və ya əqrəb sancması nəticəsində insandan insana dəyişən, fərqli reaksiyalar müşahidə olunur. Bəzən həyatı təhdid edən bu problemlərə qarşı alınacaq ilk tədbirlər çox əhəmiyyətlidir.
Həşərat sancmaları fərqlidir. Sherg.az yay aylarında bu problemlərlə qarşılaşan şəxslərə məsləhətlərini təqdim edir.
BÖCƏK VƏ AĞCAQANAD SANCMALARI
Zəhərsiz həşəratların tüpürcəkləri və qan sormaq üçün ifraz etdikləri laxta önləyici maddələrə qarşı yaranan qaşıntı, qızartı, qabarma kimi allergik reaksiya yarada bilir. Böcək sancmaları bəzən zəhərli böcəklərin iynələri vasitəsi ilə zəhəri dəriyə yeritməsi ilə müşahidə olunur. Yaranan qızartı və şişmiş hissə isə çox ağrılı olur.
ALLERGİK DƏRİYƏ SAHİB OLANLAR DİQQƏT
Qaşıntı, ağrı, qızartı və şişkinlik böcək dişləmələrinin əlamətləri arasındadır. Bununla yanaşı, üzdə, dodaqlarda və boğaz ətrafında şişmə, nəfəs almada çətinlik, şiddətli qaşıntı, keyimə, ağrı müşahidə oluna bilər. Bu əlamətlər müxtəlif müalicəvi kremlər və ya dərmanlarla müalicə edilə bilər. Bəzən xəstədə şiddətli baş dönməsi, huşsuzluq kimi əlamətlər də ortaya çıxa bilər. Buna anaflaktik şok (orqanizmdə allergen maddələrə qarşı yaranan ciddi allergik reaksiya) deyilir.
Təcili olaraq müdaxilə edilmədiyi təqdirdə bu vəziyyət ölümcül ola bilər. Müalicədə xəstəyə kortizon dərmanlar və adrenalin verilir. Ciddi allergik xüsusiyyətləri olanlar yaz və yay aylarında həşəratların sıx olduğu yerlərdən uzaq durmalı, həkimlə məsləhətləşərək qoruyucu dərman vasitələri yanında saxlamalı və belə halda dərhal bu dərmanları qəbul etməlidirlər.
ƏTİRLƏR HƏŞƏRATLARI CƏLB EDİR, SANCMALARINA SƏBƏB OLUR
Yaz və yay aylarında açıq havada həşəratların dişləməsinin qarşısını almaq üçün;
• Həşəratların diqqətini çəkdiyindən, parlaq rəngli paltarlar geyinməkdən və ətir, dezodorant kimi güclü qoxular istifadə etməkdən çəkinin.
• Böcək sancmasına məruz qalan bölgələri azaltmaq üçün uzun qollu geyimlər, şalvar, ayaqqabı və papaq geyinin.
• Dərinizə həşərat savar laklar sıxın.
• Oturduğunuz yerdə böcək qovan məhsullar və şamlar istifadə edin.
• Açıqda şəkərli qida və içəcək buraxmayın.
• Durğun və hərəkətsiz su hövzələrinin olduğu sahələrdə diqqətli olun.
• Uzun ot və kolluqlara sürtünməkdən çəkinin.
• Gənə dişləmələrinə qarşı sərt ot və kolluqların üzərində yeriyərkən şalvar paçalarını corablarınızın içərisinə salın.
ARI, ƏQRƏB, İLAN VƏ DƏNİZ CANLILARININ SANCMASINA QARŞI EDİLƏCƏKLƏR
Başınıza gələn həşərat sancmasına qarşı görülməsi vacib olan ilk müdaxilə yaranacaq reaksiyanı ləngitməkdir. Dəniz canlılarının sancması və ya dişləməsi vəziyyətində arı, əqrəb, yaxud ilan sancmalarına tətbiq olunan buz qoyulmasının əksinə, yaralı bölgəyə isti məhlul tətbiq edilməsi lazımdır.
Arı sancmasına qarşı
• Yaralı yer yuyulur.
• Dərinin üzərindən görülürsə, arının iynəsi çıxarılır.
• Soyuq bir şey qoyulur. (Ammonyak və s. istifadə edilməməlidir)
• Əgər ağızdan sancıbsa və tənəffüsü çətinləşdirsə, buz sorularaq soyuq tətbiq edilir.
• Ağız içi sancmalarında və allergiyası olanlar təcili tibbi yardıma müraciət etməlidir.
Əqrəb sancmasına qarşı
• Həmin bölgə buz ilə soyudulur (buz heç bir zaman dəri ilə təmas halında olmamalıdır). Buz tətbiq edilməsi həm şişməsinə mane olur, həm damarlarda büzüşmə getdiyi üçün zəhərin qana keçməsini ləngidir, həm də ağrı azaltmağa kömək edir.
• Bol sabunlu su ilə yuyulur.
• Sancılan yerin dörd barmaq yuxarı hissəsinə qan dövranına mane olmayacaq şəkildə bint sarınır (Turniket tətbiq olunmamalıdır).
• Yara üzərində heç bir şey etməyin. (kəsilməz, sorulmaz və s).
İlan dişləmələrinə qarşı
• İnsan təhlükəsiz bir yerə aparılmalıdır.
• Şəxsi sakitləşdirərək çox hərəkət etməkdən çəkindirmək lazımdır.
• Sancmanın olduğu bölgədəki sıx geyimlər və aksessuarları çıxarılmalıdır.
• Yara soyuq su ilə yuyulmalı və yaraya soyuq bir şey qoyulmalıdır.
• Zəhərin hərəkətini zəiflətmək üçün, sancılan yerdən təxminən 7 sm yuxarısını elastik sarğı bezi ilə sarıyın. Bez sıx olmamalıdır. Sarğı, arasına bir barmaq girəcək qədər elastik olmalıdır və lentin altında xəstənin nəbzi hiss edilməlidir. Bağlamaq üçün elastik bir bint və ya bez parçası istifadə edilə bilər.
• Yara üzərinə heç bir şey etməyin. (kəsilməyin, sormayın və s.).
• Mütləq tibbi yardım edilməlidir.
Dəniz canlıları sancmasına qarşı
• Yaralı hissə hərəkət etdirilmir.
• Batan tikan varsa və görünürsə çıxarılır.
• Şişən hissə ovulur.
• Dəniz canlıların zəhərləri istiliyə qarşı dözümsüz olduğu üçün, yaralı bölgəyə isti tətbiq edilməlidir.
•
Aysel Aslan