Yanukoviçin ölkədən qaçmaq istədiyi təsdiqləndi

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəis müavini Serqey Astaxov sərhədçilərin bunun qarşısını aldığını açıqlayıb




Ukrayna prezidenti Viktor Yanukoviç ölkədən çıxmaq istəyib, lakin bunun qarşısı alınıb. Bu barədə «BBC»-nin rusdilli xidməti Ukrayna Dövlət Sərhəd Xidmətinin rəis müavini Serqey Astaxova istinadən xəbər verir. Astaxovun sözlərinə görə, sərhəd xidməti şənbə günü göyərtəsində Viktor Yanukoviçin olduğu çarter reysinin Donetsk şəhərindən uçmasına imkan verməyib.
«Donetsk hava limanından müvafiq sərhəd qeydiyyatı aparılmadan çarter reysi uçmağa çalışıb. Təyyarənin trapında nəzarətçiləri silahlı şəxslər qarşılayıb və pul qarşılığında təyyarənin qeydiyyatsız uçmasına icazə verilməsini təklif ediblər. Sərhədçilər imtina etdikdən sonra təyyarəyə iki zirehli avtomobil yaxınlaşıb və təyyarədən çıxan Viktor Yanukoviç onlardan birinə əyləşərək, naməlum istiqamətdə gedib.» - Ukrayna Dövlət Sərhəd Xidmətinin rəis müavini Serqey Astaxov belə deyib.
Viktor Yanukoviçin hara uçmaq istədiyi və hazırda harada olduğu barədə isə məlumat yoxdur.