Keçmiş erməni müşavirdən etiraf...

Jirayr Libaredyan erməniləri Xocalı qətliamını tanımağa çağırıb


Ermənistan prezidentinin keçmiş müşaviri (Levon Ter-Petrosyanın administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru və vaxtilə Qarabağ danışıqlarını aparanlardan biri Jirayr Libaredyan sensasion məqalə ilə çıxış edib. Sabiq müşavir yazısında erməniləri Xocalı qətliamını tanımağa çağırıb.

O bildirib ki, ermənilər törətdikləri soyqırımı etiraf etmirlərsə, başqaları da ermənilərə qarşı törədilmiş cinayətləri tanımayacaq: "Ermənilər qurbanlara görə günahkar olmağa öyrəşməyiblər. Onlar üçün qurban obrazı xarakterikdir. 1992-ci ilin fevralında erməni rəhbərliyinin tərkibində yer alırdım, respublika prezidentinin müşaviri idim. Amma Xocalıda nə baş verdiyini dəqiqliyi ilə bilmirəm. Bir onu bilirəm ki, hökumətimiz baş verənlərlə bağlı hansısa əmr və ya haqq verməyib. Ümid edirəm ki, günlərin birində alimlər münaqişə tərəflərinin iştirakı ilə əslində nə baş verdiyini müəyyən edəcəklər. Bütün nənələrin və nəvələrin təhlükəsizliyi üçün yol tapmaq naminə hərəkət etmək daha doğrudur. Əks halda beynəlxalq, mənəvi, tarixi, siyasi və digər xarakterli bütün şüarlarımız, prinsiplərimiz mənasız olacaq”.

Sabiq müşavirin bəyanatını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə bildirib ki, burada məsələlərə gerçək prizmadan yanaşmaqla yanaşı, həqiqətə kölgə salmaq tendensiyası da özünü büruzə verir: "Həqiqətlərin təhrifi də var. Bütövlükdə düzgün yanaşmalar da mövcuddur. Müşavir haqlı olaraq qeyd edir ki, özümüz haqdan, ədalətdən danışırıqsa və qondarma erməni soyqırımını gündəmə gətiririksə, həqiqəti öz adı ilə çağırmalıyıq. Müşavirin çağırışı ona işarədir ki, Xocalıya münasibətdə də eyni yanaşma olmalıdır. Çağırışın başlıca qayəsi ondan ibarətdir ki, indiki Ermənistan hakmiyyətinin yürütdüyü siyasət illüziyalara əsaslanır. Sarkisyan iqtidarını erməni xalqının problemləri maraqlandırmır. 100 il bundan əvvəl yaşanan hadisələr indiki president üçün maraq doğurmur. Bütün yanaşmalar spekulyativ xarakter daşıyır. Sarkisyan praqmatik siyasət həyata keçirmir. Son bəyanat bir daha təsdiqlədi ki, Ermənistanın özündə və ölkə hüdudlarından kənarda da Azərbaycan diplomatiyasına etimad göstərən qüvvələrin sayı artmaqdadır. İş o yerə çatıb ki, vaxtilə Ermənistanı idarə edən şəxsin özü bu məsələdə həqiqətə yaxınlaşmaq istəyir. Bunu Azərbaycan hökumətinin daxildə və xarici aləmdə yürütdüyü balanslı siyasətin məntiqi sonluğu saymaq olar”.

Açıqlamanın qondarma erməni soyqırımını yenidən aktuallaşdırmasına gəldikdə isə professor qeyd edib ki, Sarkisyan hökuməti Türkiyə əleyhinə gedə bilməz: "İnanmıram ki, Sarkisyan özündə iradə tapıb belə addım atsın. Çünki Türkiyə tərəfi də adekvat addım atmalıdır. Qeyd edim ki, 100 il bundan öncə türklər deyil, ermənilər türklərə qarşı genosid törədiblər. Bunu ört-basdır etmək üçün türkləri ittiham edirlər. Amma Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Bunun üçün şəhidlər və şahidlər var. Lentə alınmış kadrlar mövcuddur. Hesab edirəm ki,

Xocalını tanıyırıq deyib, qondarma erməni soyqırımını bizə tanıda bilməyəcəklər. Belə cəhdlər varsa, bunun heç bir effekti olmayacaq. Hadisələri eyniləşdirmək düzgün yanaşma deyil”.

Politoloq söyləyib ki, Sarkisyan Xocalı faciəsini tanısa, ona qarşı beynəlxalq tribunal təsis edilməlidir: "Cinayət məsuliyyətinə cəlb edilməlidir. Zənnimcə, Sarkisyan hakimiyyətdə olduğu müddətdə buna getməyəcək”.

Ayyət Əhməd