“Azərbaycana qısa bir səfərimiz olmalıdır”

Mahmudəli Çöhrəqanlı: “Yeddi illik giriş yasaqlarının sona çatmasını gözləyirik”



Cənubi Azərbaycanın Milli Oyanış Hərəkatının başqanı (GAMOH) Mahmudəli Çöhrəqanlı Azərbaycana gözlənən səfəri ilə bağlı "Şərq”in suallarını cavablandırıb. M.Çöhrəqanlı, eyni zamanda bölgədə yaşanan son proseslərə də münasibətini açıqlayıb.

- Azərbaycanla bağlı yeni planlarınızı eşitdik....

- Bakıya səfər haqda müraciətlərimiz davam etməkdədir. İşlər uğurlu davam edərsə, böyük ehtimalla bu il ərzində hakimiyyətə də sıxıntı yaratmayacaq bir şəkildə, qısa bir səfərimiz olmalıdır. Burada Vaşinqtonda da Azərbaycan səfirliyi ilə əlaqədə olaraq gəlişmələri təqib etməkdəyik. Bölgəmizdəki kritik şəraitləri göz önünə alaraq yaxın dönəmdə artıq bu yeddi illik mənasız giriş yasaqlarının sona verməsini gözləməkdəyik. Dövlətin əsas vəzifələrindən biri də İran rejiminin siyasətinə "yox” deməkdir. Çünki Azərbaycan yalnızca 9 milyonluq Quzeyimizdən ibarət deyildir, böyük parça Güneydədir və İran rejimi istəsə də, Azərbaycana qarşı verdiyi notalardan o yana bir addım belə ata bilməz. Biz millət olaraq birlik içində olsaq, ciddiyətimizi düşmənə yansıdırsaq, inanın, düşmən də geri addım atacaqdır; ancaq bizim istəksizliyimizi sezən düşmən əlbəttə ki, təhdid və buna bənzər davranışlarını sərgiləməyə davam edəcəkdir. Güneyimizin fars işğalında qaldığı hər bir gün Azərbaycan türkü üçün utanc qaynağıdır. Nicatımız üçün hər kəs əlindən gəldiyi qədər bu hərəkətə dəstəyini verməlidir.

- Dünya Ana dili günü ilə əlaqədar Güney Azərbaycanın Əhər şəhərində yüzdən artıq Güneyli türkün həbsinə münasibətiniz necədir?

- Əhər şəhərində bu ayın 20-də anti-demokratik İran rejiminin İttilaat gücləri tərəfindən bir çox günahsız və barışcıl Güneyli insan haqları fəalları tutuldu. Seçkilər dönəmində Ruhaninin verdiyi sözlər hara, barışcıl bir şəkildə, bir evə toplanmış olan azərbaycanlıların Dünya Ana Dili Gününü qeyd etmələrini çox görən və soydaşlarımızın üstünə hücum edib, onlara terrorçu rəftarı göstərib, onları tutmaq və incitmək hara? Ruhaninin iç üzü gün keçdikcə, millətimizə daha da aydın olur. Bu, bizə tarixi bir dərs olmalıdır ki, fars hakimiyyətinə güvən olmaz, istər tac, istərsə də əmmamə formasında...

Bu məsələ haqda çox deyiləcək söz yoxdur. Bu, böyük bir üzüntüdür, amma eyni zamanda göstərir ki, 1995-ci ildə başlatdığımız müasir oyanış hərəkatımız nə qədər irəliləyib və fəallar yetişdiribdir. Bu gün İran rejimi nə qədər soydaşımızı təhdid etsə, hədələsə, tutsa və işgəncə versə də, Azərbaycan türkü Beynəlxalq İnsan Haqları Konvensiyası sayılan insan haqları prinsiplərini əldə etmək niyyətindədir. Diləyimiz odur ki, dostlarımız ən qısa zamanda sağlıqla ailələrinə qovuşsunlar.

- Ərdoğanın İran səfərində "İran bizim ikinci evimizdir” deməsi nəyə işarədir və nə dərəcədə ciddi qəbul edilə bilər? Türkiyə-İran yaxınlaşması mümkündürmü? Əgər mümkündürsə, bu yaxınlaşma hansı tarixi dəyişikliklərə gətirib çıxara bilər?

- Ərdoğan öz ideologiyalarına dayanaraq əməl edir və özünə görə dediyi söz tam doğrudur. Ərdoğan hakimiyyətə gələn gündən bəri Güney Azərbaycan Türklüyünü görməməzlikdən, duymamazlıqdan və saymamazlıqdan gəlib və bütün müsbət plan və layihələrindən bizi uzaq tutub. Somali ərəbinə, Fələstinə və Quzey İraqda yaranan yarımçıq Türkiyə və Türk düşməni dövlətinə dəstək yağdıran Ərdoğan iqtidarı, bir gün belə Güney Azərbaycanın adını çəkmədi, orada olan Güney Azərbaycan türkünün problemlərini dünyaya elan etmədi.

Ərdoğan, özünə ticari bir market dövləti axtarırdı və onu İranda tapdı. Bir az daha ucuz qaz, bir balaca da ucuz neft almaq adına 40 milyon türk görməzdən gəlindi. Türkiyəyə girişimiz, yeddi ildir İran rejiminin istəyi ilə yasaqlanıb. Görünən odur ki, Fars rejimi və Ərdoğan hakimiyyəti bir-birindən məmnundurlar və öz iqtidarlarının güvənliyini və gələcəyini bir-birinin iş üstündə qalmasında görürlər. İran rejimi çox yaxşı bilir ki, AKP iqtidardan düşsə, bizim Türkiyəyə girişimiz bölgədə türkün xeyrinə tarixi yeniliklər gətirəcək və İran rejiminin iç üzü dünyaya daha da açıq biçimdə sərgilənəcək.

Seymur Süleymanov