Zahid Oruc: “İnanmıram ki, hansısa deputat Fətullahçılardan vəsait alsın”

“Nurçuların digər ölkələrdəki təhsil məktəblərinə qarşı səlib yürüşünə çıxmağı yanlış sayıram”


Son günlər məşhur kürd millətçisi Səid Nursinin davamçıları sayılan nurçuların Azərbaycandakı şəbəkələrinin genişlənməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar dolaşmaqdadır.

Dia.az saytının verdiyi məlumata görə, sözügedən sayta bu tipli informasiyalar daxil olub. Məlumatda bildirilib ki, hazırda nurçular Azərbaycanda çox ciddi şəkildə möhkəmləniblər. Məlumatı verən qaynaq iddia edir ki, nurçular hazırda parlamentin 24 deputatına aylıq maaş kəsiblər. Həmin millət vəkilləri zaman-zaman nurçuların maraqlarını təmin etməkdədirlər. Eyni zamanda 40-a yaxın nüfuzlu dövlət məmuru mövcuddur ki, nurçularla müxtəlif formada əlaqədədirlər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, ölkəmizdə nurçuların dərin ictimai köklərini axtarmaq çox yanlışdır. Onların təhsil sahəsində hansısa mövqe tutması təhlükə mənbəyi sayılmalarına əsas vermir: "Nurçuların Azərbaycana neqativ təsir göstərəcəyini düşünmək doğru deyil. Onlar hüquq müstəvisində çalışırlar. Daşıdıqları dini etiqadlar cəmiyyətlə toqquşmalar doğurmur. Digər dini qurumlar, məzhəblər və hansısa başqa islamçı birliklərlə düşmən zəminində əlaqələri yoxdur. İctimai münasibətlər sistemində heç bir konfliktə getmirlər. Bunu açıq şəkildə söyləmək lazımdır. Kimlərinsə daşıdığı dini düşüncə və malik olduğu maliyyə imkanları belə bir fikir formalaşdırmalı deyil ki, nurçular partiyalı səfərbər olunmuş qüvvədirlər. İstənilən vaxt hakimiyyəti ələ keçirə bilərlər. Bu, bizi nəticəsiz mübarizələrə təhrik edə bilər. Nurçuların digər ölkələrdəki təhsil məktəblərinə qarşı səlib yürüşünə çıxmağı yanlış sayıram. Onlar vətəndaşlarımıza təhsil verirlər. Onlara böyük iqtisadi qazanc gətirir. Azərbaycan təhsil sektorunda böyük imkanlara sahib olurlar. Etiraf edək ki, nurçular təhsilin yaxşı təşkil olunmuş modelini qurublar. İntellektual potensialı yüksək olan mütəxəssislər yetişdirirlər. Bu imkandan özümüzü məhdudlaşdırmaq ziyanımıza işləyəcək”.

Ölkəmizdə nurçuların maraqlarını təmin edən parlament üzvlərinə gəldikdə isə deputat bunun əsassız olduğunu deyib: "Ayrı-ayrı şəxslərin övladları həmin liseylərdə təhsil aldığına görə, keçmişdə də belə versiyalar irəli sürülmüşdü. Bunun da əsassız olduğunu bilirdik. Məlumdur ki, nurçuların lideri Fətullah Gülən külli miqdarda böyük vəsaitlərə malikdir. Amma hansısa deputatın onlardan maaş alması mənə məlum deyil. Buna inanmıram da. Millət vəkillərimizin üzərinə bu cür böhtan atmaq düzgün deyil. Doğrudan da belə məsələ varsa, həmin sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Bu, deputat fəaliyyəti ilə uzlaşmayan hərəkətdir. Qanunda ziddiyyət doğurur”.

Ayyət Əhməd