Tələbədən vəsait tələb olunması təhsil qanununa ziddir

“Əgər tələbə kəsilibsə, onu məcburi şəkildə dərslərə cəlb etmək doğru deyil”


Tələbələrin aksiyası ölkəmizdə təhsil-tədris problemlərini yenidən gündəmə gətirib. Bu sahədə ciddi problemlərin olduğu və bunların cəmiyyətdə doğurduğu narazılıqlar hər kəsə bəllidir.

Bu dəfə isə kəsiri olan və alt qrupda yenidən təhsil almağa məcbur qalan tələbələrin təhsil üçün əlavə pul ödəməli olmaları barədə Nazirlər Kabinetində çıxarılan qərarı tələbələrin kütləvi etirazı

ilə nəticələndi. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı ötən həftə Bakı Dövlət Universitetinin həyətində tələbələrin kəskin etiraz aksiyası ilə ictimailəşdi.

Təhsil eksperti Etibar Əliyev kəsirlərə qarşı ödəniş sanksiyasını məqbul saymır. Onun fikrincə, bu qayda "Boloniya Prosesi”nə ziddir:

"Əvvəla, tələbənin qeyri-kafi qiymətləndirilməsi təkcə onun günahı deyil. Bu, proqramın ağırlığı ilə də ola bilər, dərsliklərlə və ya dərsin keyfiyyəti ilə də bağlı ola bilər. Əgər tələbə kəsilibsə, onu məcburi şəkildə dərslərə cəlb etmək doğru deyil. Bəlkə tələbə özü hazırlaşıb həmin kəsiri verə biləcək. Tələbədən hər hansı vəsait tələb olunması "Təhsil haqqında” qanunla da daban-dabana ziddir. Çünki bu, qanunda və digər normativ sənəddə öz əksini tapmayıb”.

Etibar Əliyevin fikrincə, ödəniş sanksiyası heç də tələbənin məsuliyyətini artırmır:

"Ödənişin tətbiqindənsə, sovet qaydaları tətbiq olunsun. Əvvəl 3 kəsirə görə tələbə ali məktəbdən xaric edilirdisə, qoy indi 4 kəsirə görə çıxarılsın. Bunun effekti daha çox olar”.

Bakı Dövlət Universitetinin professoru Almaz Əliqızı digər təhsil ocaqları ilə müqayisədə BDU-nun nisbətən universitet olduğunu deyib: "Başqa universitetlərə baxanda, demək olar ki, BDU-da rüşvət yoxdur. Müəyyən çatışmayan cəhətlər hər yerdə var. Tələbələrin etiraz etməsinə səbəb olan amillər universitetin daxili işi deyil. Bu, birbaşa Təhsil Nazirliyinin verdiyi qərardır. Bu qərar təkcə BDU üçün yox, bütün universitetlərə şamil edilir. Təbii ki, biz bu qərarı düzgün saymırıq. Çünki tələbə güclə təhsil haqqını, gündəlik xərcini yola verir. Əlavə pul tətbiq edilməsi yolverilməzdir”.

Şəymən