Vahid Əhmədov: “Ölkədə kölgə iqtisadiyyatının olması inkar edilmir”

“Qubad İbadoğlunun dediyi rəqəmlər əsasən gömrük orqanları ilə bağlıdır”


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu mətbuata açıqlamasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını incələdiyini və nəticədə 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsinin qeydiyyata düşmədiyini söyləyib.

Qubad İbadoğlunun araşdırmalarına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib. Onun fikrincə, fərq 10 faizdən çox olanda, artıq bu, şübhələr yaradır.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsinin KİV-lərdə dərc etdiyi məqaləsində 2013-cü ildə İran və Azərbaycan arasında ticarət mübadiləsinin 23 faiz artdığını və 1 milyard dollara çatdığını qeyd edib.

Gömrük Komitəsinin ötən ilin 7 ayı ilə bağlı açıqladığı məlumatda isə İranla xarici ticarət dövriyyəsi 167,7 milyon dollardır. Qurumun rəsmi saytında açıqladığı statistik rəqəmlərdə ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 280 milyon dollar təşkil etdiyi göstərilib. Bu da İran tərəfinin açıqladığı rəqəmdən təxminən 720 milyon dollar azdır.

Millət vəkili, MM-in İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov "Şərq”ə Qubad İbadoğlunun açıqlamasında müəyyən haqlı tərəflərin olduğunu söyləyib: "Belə məsələlər mətbuat vasitəsilə daim qaldırılır. Sistemdə anlaşılmazlıq ola bilər. Həmçinin, Statistikada rəqəmlərlə bağlı müəyyən problemlərin olduğu göstərilir. Azərbaycanda kölgə iqtisadiyyatının olmasını hökumət nümayəndələri də inkar etmir. Hətta bunun 20-25 faiz olduğu deyilir. Bütün bunlar faktlardı. Dəlillərə əsaslanaraq söylənilir, gizlətmək mümkün deyil”.

V.Əhmədov həmçinin bildirib ki, Q.İbadoğlunun dediyi rəqəmlər əsasən gömrük orqanları ilə bağlıdır: "Məhsul ixrac olunan ölkənin qurumları ilə bizim qurumların hesablamaları arasında müəyyən fərqlər var. Fərq olaraq rəqəmlər çox göstərilib. Mən bu rəqəmlərin nə qədər dəqiq olub-olmadığını deyə bilmərəm. Ancaq belə hallar istisna deyil. Bəlkə hərbi məhsullar keçirilib, ancaq konkret fikir söyləyə bilmərəm. Bunu araşdırmaq lazımdır. Söylənilən məsələ ilə şəxsən məşğul olacam”.

Malların qeydiyyata düşməməsi məsələsinə gəlincə millət vəkili deyib ki, Gömrük Məcəlləsinə əsasən mütləq ölkəyə daxil olan məhsul gömrük orqanları tərəfindən qeydiyyata alınmalıdı: "İlk növbədə, ixrac olunan ölkə tərəfindən, daha sonra biz tərəfdən qeydiyyata salınır. Biz tərəfdən qeydiyyata düşməmiş məhsul ölkəyə daxil edilə bilməz”.

Vüqar Şahinoğlu