Türkiyə şokdadır

Ərdoğan: “Pulları evdən çıxar”
Baş nazirin səsi türkləri küçələrə tökdü


Türkiyədə 17 dekabr əməliyyatı sonrası internetə sızdırılan səs qeydlərinə bu dəfə bomba kimi təsir edəcək bir qeyd də əlavə edildi. Yutuba yüklənən və Baş nazir Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən telefon danışığının 17 dekabr günü, yəni rüşvət əməliyyatının ilk günündə aparıldığı bildirilir.

Türkiyə mediasının xəbərinə görə, səs yazılarında Baş nazirin oğlu Bilal Ərdoğana saxladığı pulları təcili evdən çıxararaq, lazım olan iş adamlarına verməsinin vacib olduğu bildirilir. Səs yazısında Bilal Ərdoğana aid olduğu iddia edilən səsin son olaraq 30 milyon avro qaldığını və onu da aparacağını söylədiyi eşidilir.

Video internetə yüklənən kimi sosial mediada da müzakirələr başlayıb. Bir çox jurnalist bu səs yazısının montaj olduğunu bildirir. Şübhə yaradan başqa bir nüans isə mediaya sızdırılan səs yazısının polis qeydlərini yayması ilə məşhurlaşan "Haramzadələr” adlı bir internet ünvanından deyil, bilinməyən bir ünvandan Yutuba yüklənməsidir. Bundan əlavə, Ərdoğanın çox batıq səslə danışması və Bilal Ərdoğanın səsində yaranan qırıqlar, aralarda yaranan boşluqlar da səs yazısının montaj olması şübhələrini artır...

Yayılan səs yazısı ilə bağlı Türkiyə hökuməti açıqlama verib. Açıqlamada səs yazısının reallığı əks etdirmədiyi və bunun əxlaqsızca edilmiş montaj olduğu bildirilir.

Daha sonra açıqlamada bu çirkli oyunu quranların qanun qarşısında cavab verəcəyi deyilir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə oğlu Bilal Ərdoğana aid edilən səs yazısının internetdə yayılmasından sonra Türkiyənin bir çox vilayətlərində əhali küçələrə çıxaraq etiraz nümayişlərinə başlayıb. Polis bəzi vilayətlərdə etirazçıları gözyaşadıcı qazla dağıdıb.

İzmir, İstanbul, Eskişehir və Muğla da daxil olmaqla 10-a yaxın vilayətdə nümayişlər qeydə alınıb. Bəzi vilayətlərdə etirazlar dinc yürüşlə gerçəkləşdirildiyi halda, bəzi vilayətlərdə polislə etirazçılar arasında toqquşma qeydə alınıb.

500 nəfərdən ibarət qrup İstanbulda hakim partiya AKP-nin binasına hücum etmək istəyəndə polis onların qarşısını kəsib və su şırnaqları ilə partiyanın ofisindən uzaqlaşdırıb. Polislə nümayişçilər arasında gərginlik yaşanıb. İzmitdə isə 300 nəfərlik qrup AKP-nin rayon bölməsinin binasını yumurta yağışına tutub.