3407

Hələ ki, bundan yaxşısı yoxdur...


Son dönəmlər ölkədə hökumət və dövlət nümayəndələrinin social şəbəkələrə açılışı və eyni zamanda axını müşahidə olunur. Məmurlar vətəndaşların problemlərini, istək və tələblərini birbaşa danışıqlar deyil, sosial şəbəkələrin köməkliyi ilə öyrənməyə meyl göstərirlər. Bəzi ictimai, siyasi xadimlər ölkə vətəndaşları ilə informasiya təmasları qurmaq üçün "facebook”, "tvitter” və digər sosial şəbəkələrdə səhifələr, profillər yaradıblar. Bu cür tendensiyanı ortaya atmaqla hökumət funksionerləri az vaxt ərzində çox iş görməyə çalışırlar. Məsələnin müsbət və mənfi tərəflərinə gəldikdə isə fikirlər haçalanır.

Bəzi ictimaiyyət nümayəndələri bunun effektiv olacağını söyləsə də, prosesin nəticəsiz qalacağını düşünənlər də az deyil. Çünki ilk baxışdan cəmiyyət bu təşəbbüsü müsbət qarşıladı. Sözügedən addımı atdıqlarına görə, bəzi məmurlar ədalətli qiymətlərini aldılar da. Amma sonradan müəyyən mətləblər ortaya çıxdı. Bəzən məmurlar elan etdikləri rəsmi səhifələrinə sakinlərin ünvanladıqları sualları cavabsız qoyurdular. Problemlərin uğurlu həlli göstərilmirdi. Bu kimi amillər cəmiyyətdə belə rəy formalaşdırdı ki, məmurların sakinlərlə sosial şəbəkələr vasitəsilə təmaslar qurması heç də problemlərin köklü şəkildə islahı anlamına gəlmir. Üstəgəl, sözügedən şəxslərin profillərinə ünvanlanan sualların cavabsız qalması və həmin səhifələrin sakinlər arasında etimad qazana bilməməsi funksionerlərin adına saxta profillərin təsis

edilməsinə gətirib çıxardı. İndiki halda həmin saxta profillərin qarşısını almaq mümkün olmur. Belə arzuolunmaz səhifələrin sayı gündən-günə artmaqdadır.

Ölkədə hökumət və dövlət təmsilçilərinin sosial şəbəkələrə axınının vətəndaşların problemlərinin həllində effektiv olub-olmamasını öyrənmək üçün "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikirlərini öyrəndik.

Bu tendensiyanı müsbət dəyərləndirən mərkəz direktoru "Şərq”ə açıqlamasında qeyd edib ki, məmurlar, ictimai, siyasi xadimlər və tanınmış insanlar sosial şəbəkələrə gəlməlidirlər. Bu, onlara sakinlərlə münasibətlərin qurulmasında müsbət təkan verəcək: "İnformasiya münasibəti formalaşdırmaq üçün bəşəriyyət sosial şəbəkədən effektiv vasitə kəşf etməyib. Hələki səmərəli model sosial şəbəkələrdir. Sosial şəbəkələr vasitəsilə insanlarla təmas qurmaq ucuz başa gəlir. Üstəlik, tez kütləviləşə bilir. Bundan yaxşısı hələ ki yoxdur. Düşünürəm ki, məmurların sosial şəbəkə istifadəçisi olmaları və vətəndaşlarla internetin başı üstündən əlaqə qurmaları təqdirəlayiq haldır”.

Bəzi tanınmış simaların adından yaradılan saxta profillərə gəldikdə isə, O.Gündüz söyləyib ki, məsələdə narahatlıq doğuracaq heç bir amil yoxdur: "Nazirlər, deputatlar, ictimai və siyasi xadimlər profil və ya səhifə yaradırlarsa, insanlar həmin məmurun özünün səhifəsini tapacaqlar. Onu tanıyacaqlar. Məmurların adından kimlərsə saxta profillər yaradıblarsa, buna görə narahat olmağa dəyməz. Belə profilləri hüquqi müstəvidə bağlatdırmaq mümkündür. Bunun qalması belə heç bir təhlükə törədə bilməz”.

Həmsöhbətimizin qənaətincə, nazirlərin sosial şəbəkələrdən imtina etmələri düzgün yanaşma deyil: "Əslində bütün hökumət adamları öz səhifələrini yaratmaladırlar. Səhifələrini media vasitəsilə cəmiyyət nümayəndələrinə tanıtmalıdırlar ki, sakinlər adlarına açılmış saxta profillərə üz tutmasınlar. Belə olan halda saxta profillər sıradan çıxacaq. Həmin səhifəni açan adam görəcək ki, onun səhifəsi ictimai rəyə təsir etmir”.

Sosial şəbəkələr vasitəsilə vətəndaşların problemlərinin islahının mümkün olub-olmamasına gəldikdə isə, mərkəz direktoru vurğulayıb ki, hansısa məmurun açdığı səhifənin arxasında dinamik işləyən sosial media menecerləri dayanıbsa, sakinlərin sualları avtomatik cavablandırılırsa, informasiya münasibətlərinə girilirsə, problemlərin həlli virtual aləmdə də mümkündür: "Nazirin sakinlərlə "tet-a-tet” söhbətlər aparması, onların fikir və tələblərini dinləməsi üçün çox vaxt sərf etmək lazımdır. Sosial şəbəkələrdə isə təmasların qurulması vaxt itkisinin qarşısını alır. Əlbəttə, vətəndaşların sualları cavabsız qalmalı deyil. Bütün suallara aydınlıq gətiriləcəyi halda, məmurların sosial şəbəkələrdə səhifə və ya profil yaratmaları alqışlanmalıdır. Üstəgəl, suallara aydınlıq gətirilmədiyi halda, insanlar həmin profilin saxta olduğunu düşünürlər. Hesab edirəm ki, normal media menecerləri hazırlansa, suallar cavablandırılsa, buna diqqət artacaq. Bütün şikayətlər və müraciətlər də həmin ünvana yönəldiləcək”.

Gənc fəal Bəxtiyar Hacıyev məmurların sosial şəbəkələrdən istifadəsini belə izah edib: "Heç kimə sirr deyil ki, dünyada ənənəvi media propaqandası sosial şəbəkələrdə formalaşan ictimai rəyə uduzur. Birincisi, ona görə ki, ənənəvi media birtərəflidir. Yəni bir studiya, redaksiya, xəbər mərkəzi hansısa məlumatı, reportajı hazırlayır və yayır. Əvvəllər buna baxan insanlar digər insanların reaksiyalarını müşahidə edə bilmirdilərsə, indi sosial şəbəkələr bunu etməyə imkan verir. Bəzən yalan məlumat, yaxud hansısa əsassız təbliğat, əks-təbliğat ənənəvi mediada yayılanda, sosial şəbəkələrdə istifadəçilər buna dərhal reaksiya verirlər. İctimai rəyi formalaşdırırlar. Buna görə də dünyanın ən güclü dövlətlərinin başçılarından tutmuş, dünyanın ən böyük şirkətlərinin rəhbərlərinə qədər hamı sosial şəbəkələrdə də mövcudluğun, aktivliyin vacibliyini anlayıb. Azərbaycanda hökumət və dövlət rəsmilərinin sosial şəbəkələrdəki fəaliyyəti də ənənəvi mediadakına bənzəyir. Daha çox birtərəfli olur. Hansısa dövlət rəsmisinin adından səhifələr açılır. Onun qəzetlərdə və televiziyalardakı çıxışları paylaşılır. Bu isə nəticəsiz olur. İnsanlar öz fikirlərinə reaksiya görməyəndə, dinlənildiklərini və anlaşıldıqlarını görməyəndə, həmin dövlət rəsmilərinin sosial şəbəkədə olmaları ilə olmamaları arasında fərq olmur”.

"Məmurların və ya müəyyən komitə sədrlərinin sosial şəbəkələrə açılması, sakinlərin istəklərini dinləməsi problemlərin fundamental şəkildə islah olunması anlamına gələ bilərmi” sualını isə B.Hacıyev belə cavablandırıb: "Həqiqətən də ictimai rəyi öyrənmək, vətəndaşları narahat edən problemləri dinləmək və onların həllinə nail olmaq istəyən dövlət rəsmiləri sosial şəbəkələrdən daha effektiv istifadə edə bilərlər. Amma bir çox halda rəsmi şəxslər sadəcə sosial şəbəkələrdə də mövcud olmaq naminə, yaxud ənənəvi mediada yayılan informasiyanın sosial şəbəkələrdə də yayılması naminə hesablar açırlar. Düşünürəm ki, dövlət sosial şəbəkələrdə ictimai rəyi öyrənən, analiz edən bir mərkəz qurmalı, hər bir dövlət orqanı ilə bağlı səsləndirilən şikayətləri toplamalı, həmin dövlət qurumuna təqdim etməli və problemləri həll etməlidir. Məsələn, ABŞ-da "facebook”, "tvitter”də trend olan mövzuları elmi, analitik araşdıran və qısa nəticələr yazan mütəxəssislər var. Onlar hansı problemlə bağlı çox yazıldığını, kimlərin ictimai rəy formalaşdıran fiqurlar olduqlarını, bu mövzu ilə bağlı neçə fərqli qrupun mövcud olduğunu, qrup liderlərini, onlar arasındakı sıxlığı və bağı müəyyənləşdirirlər. Bununla da problemlərə pərakəndə deyil, ümumi yanaşma nümayiş etdirirlər”.

Ayyət Əhməd