Hamlet İsaxanlı: “Kəsrlər üçün əlavə pul tələb olunması qanuna və məntiqə ziddir”

“Baş verənlərin “boloniya” sisteminə heç bir dəxli yoxdur”


"Tələbədən vəsait tələb olunması təhsil qanununa ziddir. Kəsilən tələbəni məcburi qaydada dərslərə cəlb etmək də doğru deyil”. Bunu ötən gün "Şərq” qəzetinə danışan təhsil eksperti Etibar Əliyev deyib. BDU tələbələrinin əlavə ödəniş qərarına etiraz etməsinə münasibət bildirən ekspert qeyd edib ki, tələbə özü müstəqil şəkildə hazırlaşıb həmin kəsiri verə bilər. Bu baxımdan məcburi ödəniş sanksiyasının tətbiqi düzgün deyil. Həmçinin bu, qəbul etdiyimiz "boloniya” sisteminə də ziddir. E.Əliyev onu da vurğulayıb ki, nəzərdə tutulan məcburi ödəniş sanksiyası düşünüldüyü kimi tələbələrin məsuliyyətini artırmayacaq:

"Ondansa sovet qaydalarını tətbiq etsinlər. Yəni 3-4 kəsiri olan tələbə universitetdən xaric olunsun”. Qeyd edək ki, İqtisad Universitetinin rəhbərliyi Təhsil Nazirliyi tərəfindən verilən qərara zidd olaraq məsələni tələbələrin xeyrinə həll edib. Yəni universitetdə təhsil alan tələbələr məcburi qaydada ödənişli tədrisə cəlb olunmayıblar. Amma BDU rəhbərliyi Nazirlər Kabinetinin qərarına qarşı çıxa bilməyəcəyini bəyan edib. Tələbələrin etirazına səbəb olan ziddiyyətli qərarı şərh edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı sözügedən məsələ ilə bağlı "Şərq”in suallarını cavablandırıb.

- Hamlet müəllim, ilk olaraq tez-tez müzakirə olunan "boloniya” sistemi haqqında fikirlərinizi bilmək istərdik. Biz bu sistemin mahiyyətini anlaya və onu universitetlərimizdə lazımi formada tətbiq edə bildikmi?

- Bilirsiz, bəzi hallarda məlumatsız insanları müxtəlif formada istismar edirlər. Biz dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil ocaqlarında tətbiq edilən "boloniya” sistemini qəbul etmişik. Bu sistemin tətbiq edildiyi hər universitet qərarını müstəqil şəkildə özü verir. Bütün dünyada bu, belədir. Amma məsələ burasındadır ki, hər universitetin də öz qayda-qanunları olur. Məsələn, Almaniya ilə Fransanın ali təhsil ocaqları arasında müzakirə olunan məsələ ilə bağlı xeyli ciddi fərqlər var. Halbuki bu iki dövlət də "boloniya” sisteminin tətbiqinə imza atıb. Biz "boloniya” sistemini tam dərk edə bilməmişik. Avropada "boloniya” sisteminin bir məqsədi var. Bu sistem mərkəzdə dayanır və Avropa universitetlərində ümumi təhsilin keyfiyyətli olması, bakalavr və magistr dərəcəsi üzrə təhsilin bütün ölkələrdə bir-birinə bənzəməsi və tələbələrin maneəsiz şəkildə bütün Avropa universitetlərinə sərbəst gedib-gəlməsi məsləsini təmin edir. Digər məsələlər ki var, məsələn, kredit və əlavə pulun ödənilməsi, bunların hamısı sırf texniki problemlərdir. Onların "boloniya” sisteminə heç bir dəxli yoxdur. Texniki məsələləri də hər ölkə və hər universitet özü istədiyi şəkildə həll edir. İndi yaranan problemi "boloniya” sistemi ilə bağlamaq doğru deyil.

- Universitetlərdə məcburi ödənişin sisteminin tətbiq edilməsi qərarına münasibətiniz necədir? Sizcə, bu məsələdə hansı tərəf haqlıdır - nazirlik, yoxsa tələbələr?

- Bu qərarı Təhsil Nazirliyi verib. Ona görə də suallar rektorlara yox, birbaşa nazirliyə ünvanlanmalıdır. Yəni nazirlik aydınlıq gətirməlidir ki, nəyə əsasən sözügedən qərarın tətbiqinə ehtiyac duyub. Prinsip etibarı ilə ödənişsiz təhsilin olduğu universitetlərdə imtahandan kəsilən tələbələrin yenidən məcburi qaydada ödənişli tədrisə cəlb edilməsi düzgün deyil. Çünki tələbələrin ödənişsiz dövlət universitetlərini seçməsinin başlıca səbəbi bu ali təhsil ocaqlarında güzəştlərin çox olmasıdır. Bu baxımdan kəsrlər üçün əlavə pul tələb olunması qanuna və məntiqə ziddir. Əgər tələbə hansısa bir və ya bir neçə fənndən kəsilibsə, təhsil müddəti bitənə qədər həmin imtahanları verə bilmək şansına malik olmalıdır.

- Təhsil Nazirliyinin müvafiq qərarına baxmayaraq, BDU-nin rəhbərliyi tələbələrin mövqeyindən çıxış edərək onların xeyrinə qərar verə bilərmi? Əgər verməzsə, rektoru buna məcbur etmək nə dərəcədə düzgündür?

- Söhbət ondan gedir ki, dövlət universitetlərindən fərqli olaraq, özəl ali təhsil ocaqlarının bu məsələdə müstəqilliyi var. Dövlət universitetlərini maliyyələşdirən, müəllimlərin maaşını verən, tələbələrin təqaüdünü ödəyən, yataqxanalar tikən, laboratoriyalar quran, bir sözlə, təhsil ocağını saxlayan dövlət büdcəsidir. Düzdür, dövlətdən asılı olan bir qurumun müstəqil qərar verməsi çətindir. Amma dövlət büdcəsindən maliyyələşən bir strukturun ödəniş məsələlərindən güzəştə getməsi mümkün və labüddür. Mən ümumiyyətlə, dövlət universitetlərinin pullu təhsil verməsinə həmişə qarşı çıxmışam. Hesab edirəm ki, BDU kifayət qədər avtonomiyası, muxtariyyəti olan nüfuzlu universitetdir. Əgər rəhbərlik istəsə, nazirliklə əlaqə yaradaraq müəyyən dəyişiklik və güzəştlər edilə bilər. Təbii ki, əgər belə bir niyyətləri varsa, əgər yoxdursa, onda verilən qərarı tətbiq edəcəklər.

- Bəzi ekspertlər hesab edir ki, məcburi ödəniş sanksiyasının tətbiq edilməsi tələbələrin məsuliyyətini artıracaq. Siz necə düşünürsüz, bunun effekti olacaqmı?

- Prinsip etibarı ilə düşünmək olar ki, ödənişli sanksiya zəif oxuyan tələbələrin məsuliyyət hissini çoxaldacaq. Amma burda söhbət tələbənin biliyini ədalətli və düzgün şəkildə qiymətləndirməkdən gedir. Bax, bütün problemlər burdan qaynaqlanır. Qəbul və semestr imtahanlarını götürən müəllimlərin çoxu obyektiv olmurlar. Əvəzində bütün problemləri "boloniya” sisteminin üzərinə atırlar. Ancaq tam əminliklə deyirəm ki, Azərbaycanda mərkəzi imtahan sisteminin "boloniya” olması keyfiyyətli və perspektivli təhsil üçün heç bir problem yaratmır. Əgər mən tələbəni qəsdən kəsirəmsə, bunun yeganə adı vicdansızlıqdır. İlk olaraq bunun qarşısı alınmalıdır. Əgər tələbə tam əmin olsa ki, müəllimlər onun biliyini tam obyektiv qiymətləndirirlər, onda nə etiraz olar, nə də aksiya.

- "Boloniya” sisteminin tətbiqindən sonra tələbələrin kəsrə görə ali təhsil ocaqlarından xaric olunması həyata keçirilmir. Sovet dövründəki kimi 4-5 kəsiri olan tələbənin universitetdən qovulması təhsilin keyfiyyətinə müsbət təsir edərmi?

- "Boloniya” sistemində "tələbələr kəsrə görə universitetdən xaric oluna bilməz” deyən ekspertlər yanılırlar. Belə bir qayda yoxdur. İstənilən ciddi məsələyə görə rəhbərlik tələbəni universitetdən xaric edə bilər. Ancaq yenə deyirəm ki, burda müstəqil qərar vermək hər universitetin öz işidir. İstəyən rektor 4 kəsrə görə tələbəni qovar, istəməyən rektor isə 10 kəsri olan tələbəni universitetdə saxlayar. Amma əsasən universitetlərin çoxunda belə bir limit qaydası var: - 4 illik bakalavr təhsili alan tələbə bütün kəsirlərini 6 il müddətinə verib qurtarmalıdır. Əks halda, universitetdən xaric olunur. Bu 6 il müddəti ayrı-ayrı universitetlərdə fərqli ola bilər.

İsmayıl