Ölümə gedən qadınlar...

Suriyaya gedənlərin statistikası öyrənilməlidir



Suriyaya muzdlu kimi döyüşə gedən və orada həlak olan azərbaycanlıların sayı gündən-günə artır. Hər gün bir neçə gəncimizin ölüm xəbərini alırıq. Əlbəttə, gənclərimizin Suriyaya axını və orada radikal dini terror qruplaşmalarına cəlb olunmaları Azərbaycan üçün böyük təhlükələr vəd edir. Oradan qayıdacaq gənclərin ölkədə çevrilişlər törətməyəcəklərinə heç kim zəmanət verə bilməz. Bu məsələ ölkə ictimaiyyətini də narahat etməyə başlayıb. Azərbaycan hökuməti adekvat addımlar atır.

Bununla belə axının qarşısının alınması müşkülə çevrilib. Proses artan xətt üzrə davam edir. Azərbaycan gənclərinin bu cür dözülməz addımları islam dini ilə bağlı maarifləndirmənin düzgün şəkildə aparılmaması və əhalinin maddi çətinliklər məngənəsində sıxılması ilə izah olunur. Maraq doğuran məqam odur ki, indiyə kimi gedənlərin hamısı gənc oğlanlar idilər. Onların arasında zərif cinsin nümayəndələrinə rast gəlinmirdi. Amma hazırda döyüş bölgəsinə yollananlar içərisində azərbaycanlı xanımların olduğu da müəyyənləşib. Belə ki, Xaçmazın Armudpadar kənd sakinləri iki bacı - Könül və Çiçək Niftəliyevalar övladları ilə birlikdə Suriyaya gediblər. Sosial təminatlarının zəif olduğunu deyən valideynləri isə deyir ki, qızlarının belə addım atmasına səbəb qoşulduqları dini təriqətlərin təsiri altına düşmələridir. Valideynlər övladlarından çox od-alovun içinə atılan 4 nəvəsinin taleyindən narahatdır. Ailə üzvləri uşaqlarının qanlı döyüşlərin getdiyi ölkədən tezliklə qayıdacağı ümidi ilə yaşayır.

"Cihad adı altında döyüşə cəlb olunan azərbaycanlıları hansı qüvvələr sövq edir? Bunun qarşısını necə almaq olar kimi” suallarla Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, milli qanunvericilik üzrə ekspert İradə Cavadovaya müraciət etdik. Ekspert "Şərq”ə qadınların maddi qazanc məqsədi ilə ölümə getmələrinin təəssüf doğurduğunu deyib. Onun sözlərinə görə, qadınlar sosial problemlərdən yaxa qurtarmaq üçün məhz bu cür yollara əl atırlar: "İndiki halda ölkədə intihar hallarının da sayı artıb. Bu məni çox narahat edir. Nəyə görə intihar hallarını qabartdım? Çünki intihar da müharibəyə bərabər bir hadisədir. Adıçəkilən xanımların müharibənin ən qaynar yerinə getməsi belə düşünməyə əsas verir ki, onların maddi durumları çox pis vəziyyətdə olub. Kişilər də həmçinin. Onlar da Suriyaya qazanc əldə etmək üçün gedirlər. Bu tendensiya təəssüf doğurur”.

Müharibə ocağına gedənlərin ölkəmiz üçün vəd etdiyi təhlükəyə gəldikdə isə ekspert deyib ki, bu, Azərbaycana istənilən halda başucalığı gətirməyəcək: "Hesab edirəm ki, intihar və Suriyaya axının qarşısını almaq üçün hökumət addımlar atmalıdır. Hadisənin səbəbini araşdırmaq

lazımdır. Aydınlaşdırılmalıdır ki, insanlar hansı səbəbə görə özlərini ölümə qurban verirlər. Niyə bu insanlar Suriyaya döyüşməyə gedir? Bunlar ciddi məsələlərdir”.

İ.Cavadova qeyd edib ki, prosesin aradan qaldırılması üçün Suriyaya gedənlərin statistikası öyrənilməlidir: "Orada döyüşüb ölkəyə qayıdanların ölkəmizdə hansı əməllər törədəcəyini də bilmirik. Suriyada hansı dəstənin təsiri altına düşdükləri də məlum deyil. Baxın, Suriyaya azərbaycanlılarla yanaşı, əfqanlar və pakistanlılar da gedir. Azərbaycanın bu ölkələr sırasında olmasına təəssüflənirəm. Yaxşı tendensiya deyil. Proses kütləviləşərək Azərbaycanda aqressiyaya çevrilə bilər”.

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, bu şəxslərin nə vaxtsa Azərbaycana qarşı istifadə edilməsi ehtimalı var: "Hətta, öz ölkəsi uğrunda vuruşan vətəndaşların da, müharibədən sonra əvvəlki vəziyyətinə qayıtmasında müəyyən problemlər yaranır. Xaricdə döyüşməyə gedən adamlarda isə vəziyyət daha pisdir. Sirr deyil ki, bu adamlar Suriyaya getməzdən əvvəl ordakı mənbələrlə müəyyən əlaqələr qururlar, sonrakı mərhələdə bu əlaqələr daha da genişləndirilir və gələcəkdə də bu əlaqələrdən istifadə edilməsi ehtimalı böyükdür. "Əl-Qaidə”, "Taliban” təcrübəsinə nəzər salsaq görərik ki, düşmənə qarşı yönəldilən qüvvələr, sonradan onu yaradanın özünə qarşı çevrilir. Görünür, hakimiyyət bundan narahatdır və bizim bilmədiyimiz informasiyalar da var. Ancaq hesab edirəm ki, indiki şəraitdə təhlükə yox, təhdidlər ola bilər. Azərbaycanın xüsusi xidmət orqanları, xüsusən MTN və Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi bu istiqamətdə iş aparmalıdılar və vəziyyətə birbaşa nəzarəti həyata keçirməlidilər. Çünki bu təhlükənin qarşısını almaq, dinc vətəndaşların qarşısını almaq kimi asan deyil”.

Ayyət Əhməd