Xocalı yarası...

Hamının canında ağrı var
Akif Nağı: “Heç təsəvvür belə etməzdim ki, hansısa Avropa ölkələrində avtobus və tramvaylarda Xocalı ilə bağlı şəkillər və videoçarxlar qoyulacaq”


Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli, faciəli və qanlı səhifələrdən biri kimi daxil olub. Bu qəddar soyqırım insanlığa qarşı törədilmiş ən amansız terror aktıdır. Xocalı genosidi hər bir azərbaycanlı üçün əzab və iztirab dolu məqamları xatırladır. Bu baxımdan hər il Xocalı qətliamının ildönümü yaxınlaşanda yerli ictimaiyyəti iki əsas sual düşündürür. Qətliamın səbəbkarları nə zaman cəzalandırılacaq? Bu illər ərzində dünyaya bu faciənin miqyasını, haqq səsimizi eşitdirə bilmişikmi? Bu illər ərzində Xocalı qətliamını dünyanın gündəminə necə daşıdıq, səsimizi harda və necə duyurduq? Kimlər hansı reaksiyanı verdi?

Bədnam düşmənlərimizin azərbaycanlılara qarşı başlatdığı etnik təmizləmə siyasətinin bir hissəsi olan Xocalı faciəsinin ölkədə, ölkənin hüdudlarından kənarda təbliğatının və bu məsələlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının qənaətbəxş olub-olmaması barədə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikirlərini öyrəndik. Qurum sədri "Şərq”ə bildirdi ki, bu istiqamətdə kifayət qədər səmərəli işlər aparılır: "Heç təsəvvür belə etməzdim ki, hansısa Avropa ölkələrində avtobus və tramvaylarda Xocalı ilə bağlı şəkillər və videoçarxlar qoyulacaq. Xaricdəki soydaşlarımızın iştirakı ilə yürüşlər təşkil olunur. Dünyanın hər yerində bu istiqamətdə lazımi addımlar atılır. Azərbaycanda elə bir məktəb, idarə və təşkilat yoxdur ki, Xocalı barədə tədbir keçirilməsin. Bu onu göstərir ki, vətəndaşlarımızın böyük əksəriyyəti məlumatlıdır”.

A.Nağı düşünür ki, Xocalı qətliamı barədə Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırılan məlumatlarda hədəfə toxunan məqamlar özünə yer almalıdır: "Məsələn, Xocalı haqda yeni filmlər çəkilməlidir. Çəkilən filmlərin hamısında süjetlər bir-birini təkrarlayır ki, bunlar da baxımlı olmur. Soyqırımla bağlı daha çox bədii filmlər çəkilməlidir. Bu filmlərdə tanınmış, dünya şöhrətli aktyorlar çəkilməlidir. Belə olan halda dünya ictimaiyyətində soyqırıma olan inam daha da artacaq. Biz faciəni dünya arenasına daha asan və tez çatdıra biləcəyik. Çox istərdim ki, "Xoca” və "Dolu” filmi kimi filmlərin sayı artırılsın. Həmin filmləri Avropanın hansısa tanınmış kinostudiyaları çəkərsə, daha effektiv olar. Onlar öz auditoriyalarının xüsusiyyətini daha yaxşı bilirlər”.

Xocalı soyqırımı ilə bağlı yazılan kitablara diqqət çəkən təşkilat sədri qeyd edib ki, bu haqda yazılan kitabların sayı azdır: "Belə kitablar yetərli sayda deyil. Zənnimcə, dövlət və ictimai təşkilatlar səviyyəsində Xocalı ilə bağlı kitabların yazılmasına xüsusi diqqət yetirilməlidir. 4-5 il bundan qabaq 3 dildə- azərbaycan, rus və ingilis dillərində "Xocalı soyqırımı” adlı kitab dərc etdik. Xaricə gedən vətəndaşlarımız bizə müraciət edərək kitabları alıb aparırdılar. İndi bu kitablardan qalmayıb. Burada da bir boşluq var. Ərəb dilində də belə kitabların hazırlanmasına ehtiyac duyulur. Amma edilmir. Burada da böyük bir boşluq var”.

Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədov deyib ki, Xocalı faciəsi heç vaxt unudulmayacaq: "Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından deportasiya edilib. Qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub”.

E.Məmmədov vurğulayıb ki, dövlətimiz Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparır: "Prezident İlham Əliyev bütün mötəbər beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri haqqında mövqeyini bildirir. Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. "Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini xüsusi qeyd etməliyik. Bu gün dünyanın bir sıra ölkələri və ABŞ-ın bəzi ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Hesab edirəm ki, gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün dünyaya yayılacaq”.

Ayyət Əhməd