Xəzər niyə hasarlanır?

Zeynəb Xanlarova, Sabir Rüstəmxanlı sahilboyu yaşayan əhalinin müdafiəsinə qalxdı


Dünən parlamentin yaz sessiyasının növbəti iclası keçirilib. Müzakirələrə qatılan millət vəkilləri ölkə gündəminin bir sıra məsələlərinə münasibət bildiriblər. Deputat Bəxtiyar Əliyev son günlər ictimaiyyətdə müzakirələrə səbəb olan, gömrüklə bağlı çıxışına aydınlıq gətirib. O deyib ki, parlamentin ötən iclasındakı çıxışında Azərbaycanda bəzi iqtisadi göstəricilərdə Statistika Komitəsinin müəyyən rəqəmləri qeyri-dəqiq göstərdiyini vurğulayıb:

"Komitə sədri Əli Hüseynli də verdiyi müsahibədə mənim çıxışımdan sonra bəzi müxalifət mətbuatında gedən qaranlıq, heç bir həqiqətə uyğun olmayan məsələlərə aydınlıq gətirdi. Bu gün mənə verilən izahat və arayışda da qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytında onun statistik rəqəmləri bütün dünyaya açıqdır. Nəinki xarici ticarət dövriyyəsi, hətta gömrükdən keçən malların strukturu da göstərilir. Bu günə qədər heç bir dövlətdən, heç bir rəsmi təşkilatdan oradakı rəqəmlərin qeyri-dürüstlüyü ilə bağlı rəsmi müraciət olmayıb. Deməli, bunlar həqiqəti əks etdirir və ona görə də bununla bağlı kimlərsə hansısa manipulyasiya edirsə, bu düzgün deyil”.

"Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq ki?”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsinin tanınması üçün müraciətin lazım olduğunu bildirib. Deputat, Azərbaycanda hər partiyadan bir nəfər nümayəndənin iştirakı ilə komitə yaradılması təklifini irəli sürüb: "Burada hakimiyyəti təmsil edən partiyaların çıxardığı məsələlər müzakirə edilsin. Dağlıq Qarabağla bağlı Xarici İşlər Nazirliyinin apardığı işlərlə bağlı dinləmələr keçirilsin. Bir çox ölkələrin parlamentləri digər məsələləri müzakirə edərkən, bizim yalnız Dağlıq Qarabağla bağlı məsələləri müzakirə etməyimiz düz deyil”.

Ukraynada baş verən proseslərə münasibət bildirən F.Quliyev söyləyib ki, Azərbaycan yeni Ukraynanın müstəqilliyini tanımalıdır: "Çünki hazırda Ukraynanın ərazi bütövlüyü təhlükə altındadır. Oradakı qarşıdurmalar zamanı vəfat edən insanlara başsağlığı verilməsi haqda Milli Məclis olaraq bəyanat da qəbul etməliyik”.

Milli Məclis sədri Oqtay Əsədov deputata irad tutaraq, onu diqqətli olmağa çağırıb: "Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb. İndi orada yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq ki? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq”.

"Kiminsə özünə xal qazanmaq üçün bu vasitələrə əl atması yolverilməzdir”

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə həmkarı Ceyhun Osmanlının cinayət məsuliyyətinə alınması barədə məsələ qaldırıb. İ.Ağazadə bunun üçün əsas olaraq C.Osmanlının jurnalist Xədicə İsmayılın səs yazısının hüquq-mühafizə orqanlarına təqdim edilməsini göstərib: "Millət vəkilinin bir jurnalistin danışığını öz telefonuna yazaraq prokurorluğa verməsi qanunla qadağandır. Hansı ki, biz səs yazılarını, icazəsiz videogörüntülərin yayılmasını referenduma çıxarıb Konstitusiyamıza saldıq. Buna baxmayaraq hələ də, belə halların davam etdiyini görürük. Ceyhun Osmanlının, Xədicə İsmayılın səs yazısını prokurorluğa təqdim etməsi ciddi Konstitusiya pozuntusudur. Həmkarım ya bunu təkzib etməli, ya da cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Spiker isə bu sözlərinə görə İ.Ağazadəyə irad bildirib: "Ümumiyyətlə, bu məsələni parlamentdə qaldırmaq düz deyil. Sizin əlinizdə bununla bağlı hər hansı sübut yoxdursa, xahiş edirəm, belə söhbətləri Milli Məclisə gətirməyin. Kiminsə özünə xal qazanmaq üçün bu vasitələrə əl atması yolverilməzdir. Biz burada Xocalı faciəsi ilə bağlı müzakirə aparırıq”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da Ceyhun Osmanlıya qarşı parlamentdə səslənən ittihamları sərt tənqid edib: "Mən Ceyhun bəyin Xədicə İsmayılın səs yazısının prokurorluğa təqdim etməsini dəstəkləyirəm. Ceyhun Osmanlı Azərbaycan dövləti üçün çox əhəmiyyətli olan bir məsələnin səsyazısını lentə köçürüb. O, həmin jurnalistin şəxsi həyatını lentə almayıb, onun evində çəkiliş etməyib, onun sevgi macəralarını çəkməyib. Nə edir, düz edir. Hesab edirəm ki, azərbaycanlı olan hər bir Azərbaycan vətəndaşı bunu etməli idi”.

Zahid Oruc "nurçular”dan danışdı

Millət vəkili Zahid Oruc isə ölkəmizdə "nurçular” adlandırılan dini təriqətin Azərbaycanın təhsil sistemində önəmli rol oynadığını deyərək, onların fəaliyyətini dəstəkləyib: "Nurçular” Azərbaycan insanına yaxşı təhsil verilməsi prosesinə xidmət edirlər. Bundan başqa onların iddiaları yoxdur. Türkiyənin həyatında müxtəlif siyasi mərhələlər olub. Bunlar başadüşüləndir. Çünki Türkiyə regional güc sahibidir və qədim dövlətçilik ənənlərinə malikdir. Son dövrlərdə Türkiyənin hazırkı siyasi hakimiyyəti ilə vaxtilə bərabər olan Fətullah Gülən və hizmətçilərlə

bağlı problemləri sanki Azərbaycanda həyata keçirmək istəyirlər. Bu istiqamətdə medianın da çabaları var. Mediada guya parlament üzvlərindən "nurçulara” bağlı qüvvələrin olduğu iddiaları yaranıb. Kimlərinsə qara dövriyyələrdən maaş aldığı və mükafatlandırıldığı iddiaları ortalığa atılıb. 20-dən artıq parlament üzvünü bu cür məsələdə əsassız günahlandırmaq, Azərbaycan hakimiyyətinin mühüm bir qolunu kimlərəsə bağlamaq, Türkiyənin müxtəlif bəlli siyasi hadisələrini bizim daxilimizə keçirmək, deputatları təşkilatlanmış qüvvə kimi adlandırmaq yanlışdı. Əgər konkret faktlar varsa, ortalığa qoysunlar”.

"Qağayılar Xəzərə daha enmirlər”

"Nabrandan Lənkərana qədər Xəzər dənizinin sahilindəki obyektlərə və istirahət parklarına nəzər salsaq görərik ki, burada çirklənmiş sular təmizlənmədən dənizə axıdılır. Belə olan halda biz protokolu qəbul etsək də, bunun heç bir xeyri olmayacaq”. Bu sözləri deputat Fəzail Ağamalı Xəzər dənizinin çirklənməsinə münasibət bildirərkən səsləndirib. Millət vəkili qəbul olunmuş qanunlara əməl olunmadığını vurğulayıb: "Bizə verilən nemət bəlaya çevriləcək. Çünki qəbul etdiyimiz qanunlar icra olunmur. Çirklənməni dənizkənarı parkda da görmək olar. Orada hər şey var. Abadlaşdırılmış hissəsində də eyni vəziyyətdir. Qağayılar orada durmadan uçursa, deməli, çirklənib. Xahiş edirəm, imkanlarınızdan və səlahiyyətinizdən istifadə edib çirklənməni dayandırın. Bizim sözlərə, qaldıracağımız məsələlərə diqqət edən yoxdur”.

"Varlılar dənizin içinə girirlər”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Xəzər dənizi sahilinin probleminə toxunarkən "Varlılar dənizin içinə girirlər” - söyləyib. O bildirib ki, Azərbaycanın Xəzər dənizi sahilindəki torpaqlarının işğalına şərait yaradılıb: "Demək olar ki, Nabrandan Astara sərhədinə qədər bu sahillər işğal olunub. Bir də görürsən ki, 1 kilometr uzunluğunda hasar çəkilib. Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu, imkanı çox ola bilər. Amma bu o demək deyil ki, imkandan istifadə edib millətin sərvəti olan dənizi zəbt etməlisən. Əgər onların iştahaları itidirsə, Qobustan təpələri boş qalıb, gedib orada terraslar və bağlar salsınlar. Ürəkləri nə istəyir, tiksinlər. Amma dənizin içinə girməsinlər. Bu dəniz millətin olmalıdır. Hətta dənizin kənarında olan mayakı uçurmaq istəyirlər. Bu cür özbaşınalıq ola bilməz axı”.

"Camaat ağlayır, deyir hər şeyimizi alıblar, dənizimizi niyə əlimizdən alırlar?”

Xalq artisti, millət vəkili Zeynəb Xanlarova isə Xəzər dənizi boyu çəkilən hasarlarla bağlı Nardaran sakinlərinin etirazını parlament tribunasından səsləndirib. Z.Xanlarova qəzəbli şəkildə bildirib ki, Nardaran camaatını ayağa qaldırmasınlar: "Nardaran sakinlərinin işıq, qaz problemi var idi. Şəxsən prezidentə müraciət etdim və saatlarla da olsa, bu məsələ həll olundu. Buna görə ölkə başçısına minnətdaram. Amma mən çox qorxuram ki, camaat yenə ayağa qalxar. Nardarana Binə yolu ilə gələndə elə evlər tikilib ki, elə hasarlar ucaldılıb ki, mən dünyanı gəzirəm, amma belə şey heç yerdə görməmişəm. Hasarı niyə çəkiblər? Kimin villasıdır, bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, qalxıb külünglərlə sındırsınlar o hasarları? Camaat ağlayır, deyir hər şeyimizi alıblar, dənizimizi niyə əlimizdən alırlar? Sizi oğurlamayacaqlar ki? Biri var bu hasarı evinin həndəvərində çəkə, biri də var ki, bütün dəniz boyu çəkəsən. Nardaran sakinləri "sən öləsənə, mən ölümə” baxmırlar. Bu dənizi almaq olmaz axı? Mən əvvəlcədən deyirəm. Sonra deməsinlər Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmadı. Mən sözümü dedim”.

Z.Xanlarovanın bu tənqidinə həmkarı Qalib Salahzadə cavab verib.

Q.Salahzadə Z.Xanlarovanın adını çəkdiyi torpaq sahələrinin Nardarana aid olmadığını vurğulayıb: "Dediyiniz ərazi Nardaran yox, Bilgəh torpaqlarıdır. Bu torpaqların nardaranlılara heç bir aidiyyəti yoxdur. Nardaran və Bilgəh torpaqları bir-birindən ayrıdır. Heç bir bilgəhli icazəsiz gedib Nardaran ərazisində tikinti apara bilməz”. Deputat həmçinin dənizboyu hasarların

tikilməsinə haqq qazandırıb: "İmkanlı şəxslər dövlətə pul ödəyərək, torpaq alıblar və istədikləri formada tikili tikiblər”.

Anar Bayramoğlu