“Şəxsən ona tövsiyə etdim ki...”

“Çöhrəqanlının Azərbaycana gəlişi müəyyən dairələrlə razılaşdırılmalıdır”


Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Novruz bayramı ərəfəsində Azərbaycana səfər edəcək. Bu barədə GAMOH lideri özü məlumat verib.

Çöhrəqanlı bildirib ki, bu dəfə ona viza veriləcəyinə inanır: "Müsbət xəbərlər var. Həm ABŞ-da Azərbaycan səfirliyində, həm də Bakıda bəzi müsbət dəyişikliklər görürük. Gələn ay, (mart) əgər icazə versələr, Azərbaycana gələcəm”. Çöhrəqanlının nikbin bəyanatına münasibət bildirən millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı da "Şərq”ə açıqlamasında GAMOH liderinin Azərbaycana gəlməsi ilə bağlı ümidli danışıb: "Şəxsən ona tövsiyə etdim ki, ABŞ-dakı Azərbaycan səfirliyinə müraciət etsin. Təbii ki, oradakı səfirliyimiz özbaşına qərar verə bilməz. Çöhrəqanlının Azərbaycana gəlişi müəyyən dairələrlə razılaşdırılmalıdır. Ancaq ümid edirik, əvvəlcə onun gəlişinə mane olan dairələr artıq bu dəfə Çöhrəqanlının öz vətəninə dönməsinə razı olacaqlar. Düzdür, indidən bu barədə ciddi və konkret bir şey deyə bilmirəm. Çünki Çöhrəqanlının gəlişi birbaşa Azərbaycan-İran münasibətləri ilə bağlı məsələdir”. S.Rüstəmxanlının sözlərinə görə, Çöhrəqanlının Bakıya gəlməsində heç bir ciddi qadağa yoxdur. Əgər varsa, bu qadağa tezliklə aradan qaldırılmalıdır: "Çöhrəqanlı Bütöv Azərbaycanın tanınmış simalarındandır. Axı nəyə görə, o öz vətəninə gələ bilməməlidir? Əgər viza ala bilsə, Azərbaycana gəlməsində heç bir problem olmayacaq. Amma elə əsas məsələ də onun səfirlikdən viza ala bilməsidir”.

İsmayıl