Sevil Nuriyeva: “Telefonumun dinlənilməsi tutduğum mövqe ilə bağlı ola bilər”

"Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm ki, bu biabırçılıqların..."


Qardaş Türkiyədə dövlət içərisində dövlət qurmaq istəyən qüvvələrin, telefonlarını dinlədikləri jurnalistlərin adları açıqlanıb. "Axar.az” saytı məlumat verib ki, dövlətlə paralel olaraq fəaliyyət göstərən təşkilat aralarında jurnalistlərin, QHT üzvlərinin, siyasətçilərin, alimlərin və bürokratların da olduğu 7 min adamı dinləyib. Həmin şəxslərin arasında Azərbaycandan da 2 şəxsin adı mövcuddur.

Bunların biri tanınmış jurnalist Sevil Nuriyevadır.  Azərbaycandan dinlənilən ikinci şəxs isə hazırda həbsdə olan ilahiyyatçı Hacı Taleh Bağırovdur.

Qeyd edək ki, Sevil Nuriyevaya aid olduğu bildirilən və yazıda göstərilən nömrənin hazırda işləmədiyi söylənilir.

Məsələ ilə bağlı S.Nuriyeva eksklüziv olaraq "Şərq”ə müsahibə verib.

- Dövlət içərisində dövlət qurmaq istəyən qüvvələrin telefonlarını dinlədikləri jurnalistlər içərisində sizin də adınız qeyd olunub. Bundan xəbəriniz varmı?

- Əlbəttə var.

- Bunu necə qarşıladız?

- Bunu bir hüquqsuzluq və skandal olaraq qarşıladım təbii ki. Bir gün səhər,  adını mətbuatdan oxuduğum bir təşkilatın üzvü olaraq dinlənildiyim xəbəri ilə açdım. Ümumiyyətlə, qanunsuz olaraq bir şəxsin dinlənilməsi hüquq fəlsəfəsinə zidd, insan haqlarına isə hücumdur. Buna başqa ad tapa bilmirəm.

- Telefonunuzun dinlənilməsində məqsəd nə ola bilər?

- Məqsədlə bağlı sadəcə təxminlər irəli sürmək olar. Çünki indi bunun doğru olub-olmadığını öyrənmək istəyirəm. Buna görə də hüquqi yollar axtarırıq, hazırlıq görürük. Təxminlərimi deyib, istəmirəm ki, informasiya yanlışlığı yaradım. Buna görə tamamilə təxminlərimi deyə bilmərəm. Yalnız onu söyləyə bilərəm ki, telefonumun dinlənilməsi səbəbi, tutduğum mövqe ilə bağlı ola bilər. Yəni buna inanıram.

- Bu danışıqlarla bağlı hansısa araşdırma aparmağı düşünürsüzmü?

- Sadəcə araşdırma deyil, məhkəməyə müraciət edəcəm. Bununla bağlı artıq hüquqi proses başlayıb. Jurnalist həmkarlarım və o siyahıda adı çəkilən dostlarımla birlikdə bunu edəcəyik.

- Orada qeyd olunan nömrə həqiqətən sizəmi aiddi?

- Bəli, o nömrə mənə aiddi. Hazırda da aktivdir.

- Dinlənildiyinizdən özünüz nə zamansa şübhələnmisinizmi?

- Qəribədir ki, bir zamanlar "Ergenekon” qrupunun Azərbaycandakı dostları məni "Gülən caamatı”na mənsub olaraq hədəf kimi göstərib, haqqımda olmazın təhqirlərini dedilər. Şəxsim barədə yalanlar, böhtanlar yazıldı, deyildi. İndi isə "Gülən caamatı”na yaxın olduğu iddia edilən prokurorlar, məni hansısa terror təşkilatı üzvlüyü yalanıyla dinləyiblər. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm ki, bu biabırçılıqların önünə prokurorları dəyişərək keçə bilib. Prokurorlar dəyişməsəydi, bu biabırçılıqların üstü açılmayacaqdı. Mənim və digər pis vəziyyətə salınan insanların hüququnu məhz Türkiyə dövləti qorudu. Buna görə də Türkiyə Cümhuriyyətinə, şəxsən baş nazir Ərdoğana minnətdaram.

Anar