Ziyalılar Günel Mövludu rədd etdilər

“Biz üzr istənəcək bir addım atmamışıq”


Mənsub olduğu milləti, dövləti təhqir etməyi, aşağılamağı sanki qarşısına məqsəd qoymuş yazar Günel Mövlud ənənəsinə sadiq qalaraq növbəti dəfə erməni dəyirmanına su töküb. Azərbaycanda məhz erməni vəhşiliyinin günahsız qurbanları olan Xocalı sakinlərinin xatirəsinin ağrı- acı, hüzn içərisində qeyd olunduğu bir gündə "bəşəri” yazarımız erməni xalqına müraciət edib.

"Hörmətli erməni xalqı!” ilə başlanan məktubunda G.Mövlud 1993-cü ildə doğulub-böyüdüyü Cəbrayıl rayonundan köçkün düşdüyünü, Qarabağ müharibəsində evlərini, uşaqlığını itirdiyini qeyd edib. Qarabağ müharibəsinin özü də daxil olmaqla, minlərlə yaşıdlarının səfil, didərgin uşaqlıq yaşamasına, zəif təhsil almasına, ya da heç almamasına, hələ də davam edən köçəri həyat yaşamasına səbəb olduğunu vurğulayan yazar yaşadığı səfil və didərgin uşaqlığa, çəkdiyi məşəqqətlərə baxmayaraq, erməniləri qarşısında deyil, özünü onların qarşısında günahkar bildiyini yazıb. "Yəqin ki, dünyada bir-birinə bu qədər, yəni sizinlə bizim kimi oxşayan başqa iki millət tapmaq çətindir. Əgər din fərqimiz olmasaydı, bizdən rahatca erməni, sizdən rahatca azərbaycanlı çıxardı. Biz erməni olub, tarixi ağrılarımızı dünyaya bəyan edər, qədimliyimizlə fəxr edər, siz isə doqquz iqlim qurşağı, muğam, milli mentaliletlə öyünərdiniz. Həmçinin, illərdir ölkələrimizin, xalqlarımızın yaşadıqları, bu yaşananların qurbanları və cəlladları da bir-birinə çox oxşayır”.

Yazar sonra da ermənilərlə azərbaycanlıların dərdi- sərinin aşağı-yuxarı eyni olduğunu qeyd etməklə onların da xalq olaraq, qarabağlı klanının əlində aciz qaldıqlarını yazıb: "Ölkənizdə kasıblıq, səfalət baş alıb gedir. Minlərlə ermənini Qarabağ torpaqlarında əsir kimi saxlayırlar. Heç bir infrastrukturu, mədəni mühiti, rahatlığı olmayan rayonlarda fağır erməniləri tarix, ideya, milli maraq əsiri edib, zorla saxlayırlar. Çünki Qarabağda ermənilərin yaşadığını göstərməlidirlər. İnsanlar isə o torpaqlarda ancaq Böyük Ermənistan ideyası naminə yaşayırlar. Əllərində olsa, o fağır ermənilər həmin kimsəsiz, adamsız, yayda bir, qışda min problemi olan yerlərdən böyük şəhərlərə köçər və normal insan həyatı yaşayarlar”.

Ermənipərəst mövqedən çıxış etdiyi, xalqımızı təhqir etdiyi azmış kimi, o, digər ziyalılarımızı da ermənilərə haqq qazandırmağa, dünya həqiqətlərini inkar etməyə çağırıb: "Xalqlarımızın biri-birlərinə qənim kəsilən, biri-birlərini tonqalda bişirib yeyən düşmən qəbilələrə çevrilməməyi, tarixdə vəhşi xalqlar kimi qalmamağımız, münasibətlərdəki gərginliyin heç olmasa, bir qədər azalmağı naminə, erməni və azərbaycanlı ziyalılar susmamalıdırlar. Bu çətin, gərgin illərdə hər iki xalqın ziyalıları bu düşmənçiliyin, nifrətin əlehyinə çıxmalıdır. Bacardıqları qədər həqiqəti car çəkməlidirlər. Lazım gələndə öz xalqlarının, yerlilərinin törətdikləri cinayətlərə görə biri-birindən üzr istəməyi bacarmalıdırlar. Mən bu addımı ilk atanlardan biri olmaq istəyirəm və qarabağlı ermənilərin öz xalqının başına gətirdikləri oyunlara, zülmə, çəkdiyiniz məşəqqətlərə, yaşadığınız iztirablara görə bir qarabağlı kimi sizdən üzr istəyirəm!”.

Şübhəsiz, Xocalı faciəsinin ildönümü ərəfəsində heç bir əsası olmayan, məntiqsiz söz yığınının ortaya atılması aramızda olan daha bir "erməni”nin öz hisslərinin ifadəsindən başqa bir şey deyil. Ziyalılarımız da eyni fikirdədir ki, Günel Mövludun Xocalıda, Qarabağda, Ağdamda, Şuşada və digər torpaqlarımızda canı yanmış, ürəyi parçalanmış insanların adından şəhidlərimizin qatillərindən, mənfur və əzəli düşmənlərimizdən üzr istəmək haqqı yoxdur.

Qocaman yazıçı Seyran Səxavət Günel Mövludun bu addımını kəskin şəkildə pisləyib və bir azərbaycanlı, həm də əslən Qarabağdan olan bir yazarın bu cür düşünməsindən təəssüf duyduğunu deyib. S.Səxavəti xüsusən də, Günelin "azərbaycanlı ziyalılar susmamalıdır” ifadəsi hiddətləndirib: "Günel Mövlud danışmağa hələ dünən başlayıb, biz isə 50 ildir danışırıq. Həmçinin Günel azərbaycanlıların, türklərin tanıdığı və inşallah, yaxın zamanlarda bütün dünyanın tanıyacağı ermənilərə əl uzatmaqdan danışırsa, çox gözəl onun bu narahatlığını dəyərləndirirəm. Əgər o ermənilərə hansı tərəfdən əl uzatmağın yolunu bilirsə, desin, biz də

bilək. Bizim bildiyimiz bir həqiqət var, onu da ki, 20 ildən artıqdır aləmə car çəkirik. Bəs, o hansı həqiqətlərdən danışır, zəhmət olmasa, onu da desin. Biz üzr istənəcək bir addım atmamışıq. Kim günahkardır, o üzr istəsin. Şəxsən mən bir ziyalı olaraq, xalq olaraq özümüzü mədəni göstərmək xatirinə kimdənsə üzr istəməyə hazırlaşmıram. Üzr istəyək ki, "hörmətli” ermənilər, son 200 ildə bizə qarşı törətdiyiniz vəhşiliklər çox az olub, imkan varsa, zülmlərinizi bir az daha artırın”.

Neçə illərdir sülh danışıqları adı altında Minsk Qrupunun Ermənistana əl uzadaraq, Azərbaycanı yola verdiyini deyən S.Səxavətin sözlərinə görə, bundan sonra erməni ilə barışıq haqqında yox, hərb yolu ilə torpaqlarımızı azad etmək barəsində düşünməliyik: "Ermənilərə qarşı atacağımız ən ədalətli və güclü addım torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlamaqdır”.

Gənc yazar Aqşin Yenisey isə Günel Mövludun erməni xalqına müraciətini onun "Nobel” mükafatı almaq niyyətinə hesablandığı qənaətindədir: "Azərbaycan əbədiyyatının Günel Mövlud, Seymur Baycan, Əli Əkbər kimi yazarları bütün yaradıcılığını "Nobel” mükafatı almağa həsr edib. Son vaxtlar Əkrəm Əylisli də onlara qoşulub. Onlar "Nobel” almaqdan ötrü ermənilərlə istənilən məsələdə razılığa getməyə hazırdır. Erməni xalqına müraciət etmək kimə lazımdır? Hansı ki, mənim üçün erməni adında bir xalq yoxdur. O günləri "Kişi xeylağı belə müharibə eləmir” adlı yazı da yerləşdirmişdim. Orada da qeyd etmişdim ki, ermənilərin torpaqlarımızı necə işğal etdiyi, qadınlarımız, körpə balalarımızla necə davrandığı hər kəsə məlumdur. Əgər Günel xanım erməniləri günahsız hesab edirsə, özü də qarabağlı ola-ola, bu onun öz işidir. Mənsə, ermənilərin heç də günahsız olduğunu düşünmürəm. Şəxsən bir Azərbaycan ziyalısı, bir Azərbaycan oğlu olaraq onun fikirləri ilə razı deyiləm. Onun erməni ziyalıları ilə barışıq barədə təklifini tamamilə rədd edirəm. Biz ermənilərlə erməni kimi rəftar edəcəyik. Yəni onlar bizim arvad- uşağa hansı münasibəti göstəribsə, biz də onların kişiləri ilə o cür rəftar edəcəyik. İşğal altında bizi gözləyən torpaqlarımızı azad etmək üçün bundan başqa yolumuz yoxdur. Günel xanım ermənilərə "hər şey qaydasındadır, düşmənçilik üçün heç bir səbəbimiz yoxdur” deməkdənsə, yaxşı olar ki, bircə dəfə Xocalıda başına min bir oyun gətirilən qadınların, körpələrin meyitlərinə baxsın. Ermənilərlə barışıq söhbəti yoxdur, heç vaxt da olmayacaq”.

Şəymən