Ən böyük pay direktorlara...8 mart gəlir, məktəblərdə pul yığımı başladı

Bakının mərkəzindəki məktəblərdə və məktəb-liseylərdə müəllimlərin “qiymət”i 50 manatdır


10 gündən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü, valideynlərin isə beynəlxalq "hüzn” günüdür. Bu bayramla əlaqədar artıq ölkənin əksər təhsil ocaqları "gücləndirilmiş iş rejiminə” keçib. Həmin "rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərə bayram hədiyyəsi ilə bağlı xəbərdarlığı edib. Hər kəsə məlumdur ki, mart ayı girər-girməz məktəblərdə "mart yığımı”nın qızğın dövrü başlanır. Bütün ümumtəhsil məktəbləri 8 Marta qədər qarşıdakı günlərdən maksimum yararlanmağa çalışır.

Necə deyərlər, belə fürsət hər zaman ələ düşmür. İndi əsl məqamdır. Məktəblərdə müəllimə gül dəstəsi bağışlamaq müasir təhsil epoxamızda əskiklik sayılır. Hazırkı müəllimlər üçün gül dəstəsi, ya süpürgə, fərqi yoxdu. Şagirdin başına çırparlar o gülü. Praktik olmasa da, nəzəri. Biz də bu cəmiyyətdə yaşayırıq və ətrafımızda oğlu-qızı şagird olan nə qədər qonşu, qohum, dost-tanış var. Övladı şagird olan kimdən soruşursan, deyir, bəli, 8 Mart üçün pul yığılır. Məbləğsə məktəbin "statusu”na uyğun dəyişir. Bakının mərkəzindəki məktəblərdə və məktəb-liseylərdə müəllimlərin "qiymət”i 50 manatdır. "Adi” məktəblərdə isə şagirdlərdən 20-30 manat yığılır. Yığılan məbləğ sinif müəllimləri arasında bölünür. Məktəb direktoruna da ən iri pay çatır. Təsəvvür edin, bir sinifdə 30-35 şagird, hər məktəbdə aşağısı 1000 şagird olduğunu nəzərə alsaq, hər şagirddən 20 manat yığılması toplamda 20 min manat pul eləyir. Dərd burasındadır ki, valideynlər bu çirkin pul yığımı kampaniyasının aparıcı üzvlərinə çevriliblər. Pul yığılmasını çox yerdə məhz valideynlər həyata keçirir. Kasıb uşağa da yuxarıdan aşağı baxırlar ki, niyə pul

gətirmirsən? Valideyn də övladı başı aşağı olmasın deyə, məcbur qalıb pul verir. Qeyd edək ki, hər il olduğu kimi bu dəfə də Təhsil Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şagirdlərdən pul yığılması ilə bağlı barmaq silkələyib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bayramda pul yığılmasının qarşısını almaq məqsədilə aidiyyəti qurum müvafiq tədbirlər həyata keçirəcək. Nazirlikdən həmçinin bayram münasibəti ilə şagirdlərdən pul yığılması məsələsinin Təhsil Nazirliyinin diqqətində olduğu bildirilib: "Bu məsələ Təhsil Nazirliyinin diqqətindədir. Müəyyən müraciətlər olduqda müvafiq tədbir görüləcək”.

Təhsil Şurasının sədri Əjdər Ağayev isə pul yığımında günahı valideynlərdə görür. "Şərq”ə açıqlamasında təcrübəli pedaqoq bildirib ki, valideynlər pul yığımında iştirak etməklə cinayət ortağı rolunu oynayırlar: "Məktəbdə pul yığmaq cinayətdir. Onu edənlər ifşa olunmalıdır. Hansı valideyn ki, bu kampaniyanın iştirakçısıdır, həmin müəllimlərlə, məktəb direktoru ilə cinayət ortağıdır. Valideynlərə sözüm budur ki, bir qəpik də verməsinlər. Dövlətimiz təhsil sahəsinə külli miqdarda pul ayırır. Hər məktəbə dövlət büdcəsindən pul ayrılır. Müəllim də əməkhaqqı alır. Peşəsi, aldığı maaş onu qane etmirsə, buyursun, başqa işdə çalışsın. Əməkhaqqının azlığı müəllimin kimdənsə hədiyyə almasına heç vaxt haqq qazandıra bilməz. Məndə belə faktlar var ki, müəllim 10-15 manatlıq hədiyyəni valideynin üstünə tullayıb ki, mənim "qiymətim” bu deyil. Belə şərəfsizlər, müəllim adına ləkə olanlar var. Bizə məlumdur ki, məktəbdə müəllimlər valideynlərdən pul yığır, müəyyən faizini də məktəb direktoruna verirlər. Valideynlər birlikdə bu qanunsuz, cinayət əməlinin əleyhinə çıxmalıdırlar. Məktəblərdə Valideyn Assosiasiyaları yaradılır, ora toplaşanların işi-peşəsi bayramlarda, əlamətdar günlərdə pul yığmaqdır. Pedaqoji tələblərə görə, müəllim nə şagirddən, nə də valideyndən hədiyyə qəbul edə bilər. İstəyir, 8 Mart olsun, istəyir hansısa digər tarixi gün. Müəllim şagirddən, valideyndən hədiyyə gözləməməlidir. Bu həm pedaqoji tələbdir, həm də müəllimin şərəfi bunu tələb edir. Ancaq ibtidai siniflərdə şagirdlər öz əl əməyi ilə sevimli müəllimlərini təbrik edə bilər. Açıqca hazırlayarlar, orada bir-iki cümləlik təbrik yazarlar, sinif şagirdləri də açıqcaya imza atar. Hərəsi bir rəngdə. Bu, müəllimə ən gözəl hədiyyə olar. Burada artıq hansısa ödəmədən, pula nəsə alınmasından söhbət gedə bilməz. Şagirdlər əmək, rəsm dərsində belə bir təbrik açıqcası düzəldə bilər. Yoxsa ki, 10 manat gətir, 20 manat gətir... Bu, biabırçılıqdı. Bir ailədə 3 uşaq məktəbə gedirsə, valideyn 100 manat xərc çəkməli olur. Hələ bu, aşağı məbləğdir. Bundan da yuxarı məbləğlərdə pul tələb edənlər var. Mənim məsləhətim və bir pedaqoq kimi tələbim budur ki, valideynlər pul verməkdən imtina etsinlər. Əks halda, biz təhsil sahəsində köklü dəyişikliyə nail ola bilməyəcəyik”.

Şəymən