Məmurların “Xəzər istilası”

Bəzi varlılar niyə dənizin içinə girir?


Dəniz kənarının qanunsuz hasarlanması növbəti dəfə parlamentdə səsləndirilib. Xatırladaq ki, bu məsələ parlamentin ötənilki yaz sessiyasında da qaldırılmışdı. Millət vəkili Fazil Mustafa dəniz kənarının zəbt edilməsindən, əhalinin istirahət hüququnun pozulmasından danışmışdı. Görünür, problem hələ də həllini tapmadığından, əksinə, hasarların uzanması və hündürləşməsi şəklində daha da irəlilədiyindən, millət vəkilləri məsələni yenidən gündəmə gətiriblər. Parlamentin ötən iclasında Xalq artisti, millət vəkili Zeynəb Xanlarova və millət vəkili Sabir Rüstəmxanlı sahilboyu ərazilərdə yaşayanların dənizə həsrət qaldığını bildiriblər. "Ələtə qədər dənizi görmək mümkün deyil. Varlılar dənizin içinə girib. Birinin pulu, imkanı varsa, o demək deyil ki, dənizi zəbt etməlidir” deyən Sabir Rüstəmxanlının etirazına Zeynəb xanım da özünəməxsus şəkildə dəstək verib:

"Elə evlər tikiblər, elə hasarlar ucaldıblar ki, mən dünyanı gəzmişəm, amma heç yerdə belə şeyə rast gəlməmişəm. Camaat ağlayır, deyir, dənizimizi niyə əlimizdən alıblar”.

Həqiqətən də Xəzər istila olunub. Bulvar olmasa, Bakının Xəzər dənizinin sahilində yerləşdiyinə inanmaq çox çətin olar. Belə davam edərsə, Xəzər dənizinin ancaq adını eşidəcəyik və yalnız xəritədə görəcəyik. Qanunsa hər bir vətəndaşın dənizi görmək, qumlu sahildə əyləşmək haqqını tanıyır. Həm də birbaşa prezident sərəncamı ilə. Mərhum dövlət başçısı Heydər Əliyev 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran,

Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər. 2003-cü il avqustun 4-də isə Heydər Əliyev: "Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzaladı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. H.Əliyevin vəfatından az sonra isə parlament həmin sərəncamın qüvvədən düşdüyünü elan etdi. Və məmurların "Xəzər istilası” başladı. Bu gün kənardan seyr etdiyimiz, arxasında nələrin olub-bitdiyindən xəbərsiz qaldığımız hündür daş hasarlar həmin istilanın nəticələridir.

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev ayrıca bir qanunun qəbuluna ehtiyac olduğunu dedi:

- Qüvvədə olan qanunvericiliyə əsasən dəniz kənarının hasarlanması qanunsuzdur. Torpaq məcəlləsinin 32-ci maddəsində qeyd edilir ki, su fondu torpaqları su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Su fondu torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsində isə qeyd olunur ki, "Ümumi istifadədə olan torpaqlar xüsusi mülkiyyətə verilə bilməz”. Torpaq Məcəlləsinin 46-cı maddəsində isə göstərilir ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti (!) ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Kimsə sahilboyu zolağı zəbt edib orada şəxsi villa tikirsə, yaxud istirahət mərkəzi açırsa, bunun dövlətin təhlükəsizliyi ilə nə əlaqəsi var? Üstəlik, vətəndaşların sərbəst gediş-gəlişini də məhdudlaşdırırlar. Cənab Prezident regionlara səfərə zamanı, Qaradağ rayonu ərazisində yol boyunca hörülmüş hasarların sökülməsini tapşırmışdı. 3 metr hündürlüyündədir həmin hasarlar. Vətəndaşlar, sahibkarlar narazılıq edir. Eyni hal Bakı-Salyan istiqamətində də müşahidə olunur. Yol kənarları hər iki tərəfdən hasarlanıb. Heç bir söküntü işi də aparılmır. Eləcə də sahil boyu hündür hasarlar çəkilib. Ərazilər özəlləşdirilib. İnsanların istirahət hüquqları pozulub. Konstitusiya ilə istirahət etmək hər kəsin müstəsna hüququdur. Yaxşı olar ki, Milli Məclis vətəndaşların hüquqlarını bərpa edən qanunlar qəbul etsin. Hesab edirəm ki, Xəzərin sahil zolağının statusu ilə bağlı qanunun qəbul olunmasına ehtiyac var. Qanunların yerlərdə icrasına isə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir. Faktiki, bu gün üçün mövcud olan qanunlar var. Amma görünən budur ki, yerli icra hakimiyyətləri qanunun tələblərinin pozulmasına göz yumur, öhdələrinə düşən vəzifəni icra etmirlər. Belə hallarda vətəndaşlar da məhkəməyə müraciət edə bilər. Amma təəssüf ki, bizdə sosial məsuliyyət məsələləri hələ də formalaşmayıb.

Məlahət Rzayeva